04 noyabr 2026 11:59
169

Şuşa: sevinc, qürur və fəxarət

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın qədim, mədəni və böyük strateji əhəmiyyətə malik şəhəri olan Şuşanın işğaldan azad edilməsindən altı il ötür. 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini verərək xalqımıza böyük sevinc, qürur və fəxarət bəxş etdi. Xalqımız 30 ilə yaxın zaman ərzində həsrətində olduğu doğma Şuşa şəhərinin azad edilməsini böyük coşqu ilə qarşıladı. Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində hər bir şəhər və kəndimizin işğaldan azad edilməsində qəhrəmanlıq səhifəsi yazdı. İndi dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində “Dəmir yumruq” əməliyyatımız öyrənilir. Şuşa uğrunda döyüşlər bu sırada xüsusi yer tutur. Bu şəhər təbii istehkam olduğundan oraya tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşmənlə üzbəüz döyüşdə şəhəri azad etdilər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər hərbçilərimizin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi.

Şuşa şəhərinin işğaldan azad edildiyi tarix-8 noyabr dövlətimizin başçısı İlham Əliyevin Sərəncamlarına əsasən Zəfər Günü, həmçinin  Şuşa Şəhəri Günü kimi qeyd edilir. Şuşa bu gün çal-çağırlı günlərini yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin  ötən 6 ildə Şuşa şəhərinə 37 səfəri burada aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Hər səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Cənab İlham Əliyev Şuşaya ilk səfəri 2021-ci il dekabr ayının 14-də oldu. Bu səfər Şuşa şəhərində Dövlət Bayrağımızın ucaldılması ilə yadda qaldı. Uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən altı ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu Zəfər Yolu adlandırdı. Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin ilk qayıdışı 2024-cü ilin 10 may tarixində oldu.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Həmin görüşdə cənab İlham Əliyev bildirdi ki, siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim. Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq: “Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.

Dövlətimizin başçısı həmin görüşdə bu çağırışı da  etmişdir ki, bu gün  Şuşanın yeni tarixi başlayır: “Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük”.

Zamir Güvəndiyev,
​YAP Şəmkir rayon təşkilatının sədri