05 noyabr 2026 13:25
150

Gələcək nəsillərin təhlükəsizliyi naminə: Bakı sülh gündəliyinə sadiqdir

Vətən müharibəsindəki tarixi Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan, regional və qlobal sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsinə mühüm töhfələr verən Azərbaycan sülh gündəliyinə tam sadiqdir. Ərazi bütövlüyünü və tam suverenliyini bərpa edən rəsmi Bakı bölgədə qarşıdurma ritorikası əvəzinə sülh, qarşlıqlı etimad, iqtisadi əməkdaşlıq bağlantılar, kommunikasiyaların açılması gündəliyini irəli sürür.

İkinci Qarabağ müharibəsindən ötən 6 ildə regional əməkdaşlığı və əlaqələrin normallaşmasını xarici siyasətinin prioriteti elan edən Azərbaycan dövləti Cənubi Qafqazda sülhün, sabitliyin və əmin-əmanlığın bərqərar olması üçün davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təşəbbüslərlə çıxış edib. Müharibənin başa çatmasından dərhal sonra rəsmi Bakı Ermənistana suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan 5 əsas prinsipə əsaslanan sülh sazişi təklif etdi. Bu diplomatik səylər nəticəsində 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətni rəsmən paraflandı.

Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyyatı ilə işğala son qoydu və beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan bundan sonra Ermənistana sülh təklif etdi: “Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik. Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər”.

Dövlət başçısı İham Əliyev dünyada baş verən münaqişələrə toxunaraq qeyd edib ki, müharibələri başlamaq asan, lakin dayandırmaq son dərəcə çətindir. Azərbaycanın öz məqsədlərinə, ərazi bütövlüyünün bərpasına hərbi yolla nail olduqdan sonra dərhal hərbi əməliyyatları dayandırması və sülh təklif etməsi digər qlobal münaqişələrin həlli üçün nümunə ola bilər. Ölkə başçısı sülh istiqamətindəki irəliləyişlərdən danışarkən 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən sülh sazişinin ilkin variantının paraflanmasının rəsmiləşdirildiyini xatırladıb. O, bu addımın Cənubi Qafqazda tamamilə yeni bir reallıq və sülh mühiti yaratdığını vurğulayıb.

Bütün bunların fonunda Ermənistan sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək rəsmi qanunvericilikdə Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməli və prosesi illərlə uzatmadan konkret hüquqi addımlar atmalıdır. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə 2027-2028-ci illəri hədəf göstərib və bu çərçivədə Ermənistanda yeni Konstitusiyanın qəbulu üçün referenduma gedilə biləcəyini də istisna etməyib. N.Paşinyan “Euronews”un Brüsseldə təşkil etdiyi “Avropanın gələcəyi” sammitində çıxışında bildirib ki, Ermənistan Azərbaycanla sülhü bərqərar edib. Bu, ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında real sülh mövcuddur.

“İndi biz sülh müqaviləsini imzalamalı və onu ratifikasiya etməliyik” deyən Nikol Paşinyan qeyd edib ki, Ermənistan hazırda Azərbaycanla münasibətlər qurur: “Bizim Gürcüstanla ənənəvi yaxşı əməkdaşlığımız və yaxın müasibətlərimiz var. Hazırda biz Azərbaycanla münasibətlər yaradırıq. Bizim aramızda ikitərəfli ticarət var və regional infrastruktur əlaqələrini işə salacaq üçtərəfli bir layihəni həyata keçirməyə hazırlaşırıq. Bütün bu proseslər Cənubi Qafqaza tamamilə yeni qlobal rol qazandıracaq”.

Təbii ki, N.Paşinyanın bu cür bəyanatları, mətbuata açıqlamaları mühüm olsa da Ermənistan sülh istiqamətində real addımlar atmalıdır. Rəsmi İrəvanın gələcək nəsillərin təhlükəsizliyi naminə Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin imzalanması üçün bəyanatlardan praktiki və hüquqi addımlara keçməsi əsas şərtdir. Bu baxımdan Azərbaycan sülh prosesinin sürətlənməsi üçün İrəvandan konkret nəticələr gözləyir.

Zahid Rza, “İki sahil”