05 noyabr 2026 12:43
136

Azərbaycanda əkin sahələrinin 10–12 faizində yerində monitorinq aparılır

Azərbaycanda hər il bəyan olunan əkin sahələrinin təxminən 10–12 faizində yerində monitorinq keçirilir. Monitorinqə cəlb edilən sahələrin isə təxminən 8–10 faizində kənarlaşmalar aşkarlanır.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, monitorinqlər zamanı əkin aparılmaması, əkin yerinin və ya sahənin ölçüsünün yanlış bəyan edilməsi kimi hallar müəyyən olunur. Aşkarlanan kənarlaşmanın həcmindən asılı olaraq, fermerlərə subsidiya ödənilmir və növbəti dövrlər üçün subsidiyadan məhrumetmə tədbirləri tətbiq edilir.

M.Məmmədov qeyd edib ki, bu nəzarət mexanizmi artıq bir neçə ildir tətbiq olunur və nəticədə aşkarlanan kənarlaşmaların sayında azalma müşahidə edilir.

O bildirib ki, bu ildən etibarən tətbiq olunan və gələn il də davam etdiriləcək yeniliklərdən biri peyk vasitəsilə nəzarət və monitorinq sistemidir. Bu yanaşma insan amilindən asılılığı aradan qaldırmağa imkan verir.

Nazir əsas çətinliklərdən birinin bəyan olunan ərazilərin koordinatlarında yaranan uyğunsuzluqlarla bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi hallarda fermer faktiki olaraq əkin aparsa da, sahənin koordinatları torpağa dair çıxarışda göstərilən koordinatlarla tam üst-üstə düşmür.

“Bu hallar yerində fərdi şəkildə araşdırılır. Ciddi sürüşmə yoxdursa, 10–20 faizədək sürüşmələri nəzərə alaraq subsidiyaları ödəyirik. Daha böyük kənarlaşma olduqda çıxarışların yenilənməsini xahiş edirik. Çıxarışlar yeniləndikdən sonra subsidiyalar tam şəkildə ödənilir”, – deyə nazir əlavə edib.

Vergi güzəştlərinə münasibət bildirən M.Məmmədov nəzərdə tutulan yeni qaydalar çərçivəsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmək şərtilə aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkarlara 90 faizlik vergi güzəştinin tətbiqinin nəzərdə tutulduğunu bildirib.

Nazir qeyd edib ki, əsas məqsəd həm ilkin istehsal, həm də ilkin emalla məşğul olan təsərrüfatların sistemdə qeydiyyatdan keçməsini, istehsal etdikləri məhsulları bəyan etməsini təmin etmək və daha dolğun məlumat bazası formalaşdırmaqdır.

Toxumçuluq sahəsindəki vəziyyətə də toxunan nazir son illərdə bu istiqamətdə nəzarətin gücləndirildiyini, keyfiyyət standartlarına cavab verməyən məhsulların toxum kimi qəbul edilmədiyini vurğulayıb.

Onun sözlərinə görə, statistik göstəricilərdə toxum istehsalının azalması kimi görünən rəqəmlər əslində keyfiyyət tələblərinə cavab verən toxumun real həcmini əks etdirir.

M.Məmmədov bildirib ki, bu ilin payız əkinlərindən etibarən 5 hektardan artıq sahədə arpa və buğda əkən fermerlər üçün sertifikatlı toxumdan istifadə tələbi müəyyənləşdirilib. Bu addımın əsas məqsədi ölkə üzrə məhsuldarlığı artırmaq, eyni zamanda keyfiyyətli toxum istehsalçıları üçün satış bazarı formalaşdırmaqdır.

Nazir diqqətə çatdırıb ki, ölkədə hər il təxminən 800 min–1 milyon hektar sahədə taxıl əkilir və bu proses 250–350 min fermeri əhatə edir. Belə geniş əkin sahələrində sertifikatlı toxumdan istifadə daha keyfiyyətli və məhsuldar istehsalın təmin edilməsinin əsas yollarından biridir.

Orxan Vahidoğlu, "İki sahil"