05 noyabr 2026 10:25
449

Aqil Quliyev: Gənclərin əmək bazarına hazırlığı yalnız diplomla məhdudlaşmamalıdır

Gənclərin təhsil müddətində qazandıqları bilikləri real iş təcrübəsi ilə tamamlaması, əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırması və peşəkar fəaliyyətə inamla başlaması müasir dövrdə aktual məsələlərdəndir. Xüsusilə ilk iş yerinə çıxış zamanı təcrübə tələbi, işəgötürənlərin gözləntiləri ilə təhsil prosesində qazanılan biliklər arasındakı fərqlər, eləcə də paytaxt və regionlarda karyera imkanlarının əlçatanlığı gənclərin məşğulluq perspektivlərinə birbaşa təsir göstərir. Süni intellekt və rəqəmsallaşmanın əmək bazarına gətirdiyi yeniliklər isə bu prosesə yeni çağırışlar əlavə edir. Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin peşəkar inkişafına, praktiki bacarıqlarının artırılmasına və əmək bazarına inteqrasiyasına dəstək göstərən platformalardan biridir. Mərkəzin həyata keçirdiyi təcrübə proqramları, karyera forumları, fərdi məsləhət xidmətləri və rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər gənclərin qarşısında yeni imkanlar açır. Bu fəaliyyətlərin əhatə dairəsi, real nəticələri və gələcək əmək bazarının tələblərinə uyğunlaşdırılması isə xüsusi müzakirə mövzusudur.

Məhz bu məsələlər, gənclərin ilk iş təcrübəsinə çıxış imkanları, regionlarda karyera inkişafı, təcrübə proqramlarının səmərəliliyi və süni intellekt dövründə tələb olunan yeni bacarıqlar barədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndələrlə iş şöbəsinin müdiri Aqil Quliyev “Caspianinfo”ya müsahibəsində ətraflı danışıb.

- Bir çox gənc təhsilini başa vursa da, işə qəbul zamanı ondan əvvəlki iş təcrübəsi tələb olunur. Bu ziddiyyətin aradan qaldırılması və gənclərin ilk iş yerinə çıxışının asanlaşdırılması üçün Gənclərin İnkişaf və Karyera Mərkəzi hansı konkret mexanizmlər üzərində işləyir?

- Gənclərin təhsili başa vurduqdan sonra işə qəbul zamanı təcrübə tələbi ilə qarşılaşması onların əmək bazarına çıxışını çətinləşdirən amillərdəndir. Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq məqsədimiz, gənclərin ilk peşəkar təcrübə qazanmasına və işə qəbul üçün zəruri bacarıqlar formalaşdırmasına dəstək olmaqdır. Bu ehtiyacları nəzərə alaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin karyera yolunun müxtəlif mərhələlərində dəstəklənməsinə xüsusi önəm verir. Bakı şəhərində və regionlarda həyata keçirdiyimiz proqramlardan yüzlərlə gənc uğurla məzun olaraq praktiki bacarıqlar qazanırlar. “Gənclərin Karyera İnkişaf Platforması”, “CareerLAB” şəbəkəsi kimi proqramlar gənclərin iş axtarışı və karyera quruculuğu prosesində daha inamlı addımlar atmasına kömək edir, onların peşəkar mühitlə tanışlığına, mütəxəssislərin təcrübəsindən faydalanmasına və ixtisaslarına uyğun imkanları daha yaxından öyrənməsinə şərait yaradır. Əsas yanaşmamız gənclərin əmək bazarına yalnız nəzəri biliklərlə deyil, öz potensialını nümayiş etdirmək, düzgün seçimlər etmək və karyeraya başlamaq üçün zəruri bacarıqlara nail olmasıdır. Hədəfimiz gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirmək, onların peşəkar inkişafına şərait yaratmaq və ixtisaslarına uyğun karyera imkanlarından səmərəli istifadə etmələrini təmin etməkdir.

- Təcrübə proqramları gənclərə nəzəri biliklərini praktik bacarıqlara çevirmək imkanı yaradır. Bəs bu proqramların real nəticəsi necə ölçülür və proqramı başa vuran gənclərin nə qədəri sonradan daimi işlə təmin olunur?

- Təcrübə proqramlarının effektivliyini qiymətləndirərkən əsas göstəricilərdən biri iştirakçıların proqram müddətində əldə etdikləri bilik və bacarıqların real iş mühitində tətbiqidir. Bu baxımdan, proqramların nəticələri yalnız məzun sayı ilə deyil, iştirakçıların praktiki tapşırıqları yerinə yetirməsi, peşəkar bacarıqlarının inkişafı və sonrakı karyera imkanları ilə də əlaqələndirilir. Bakı şəhərində və regionlarda həyata keçirdiyimiz “İnkişaf və Təcrübə Akademiyası” və “Yay Təcrübə Proqramı” layihələri çərçivəsində yüzlərlə gənc üçaylıq proqramı uğurla başa vuraraq layihələrin idarə olunması, gənclərlə iş, SMM, ictimaiyyətlə əlaqələr, insan resursları, qrafik dizayn kimi sahələrdə nəzəri bilik və praktiki təcrübə əldə edib. Bu nəticələrin proqram müddəti ilə məhdudlaşmaması və gənclərin gələcək peşəkar fəaliyyətinə necə təsir göstərdiyinin müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, onların peşəkar fəaliyyətlərinin davamlı monitorinqi, karyera inkişaflarının izlənməsi, peşəkar uğurlarının qiymətləndirilməsi və məşğulluq nəticələrinin təhlili əsas prioritetlərdəndir. 

- İşəgötürənlərin gənclərdən tələb etdiyi bacarıqlarla ali və orta ixtisas təhsili müəssisələrində formalaşdırılan biliklər arasında uyğunsuzluq olduğu hallarda, Mərkəz bu fərqin aradan qaldırılmasında hansı rolu oynayır?

- İlk növbədə qeyd etmək istərdim ki, bu məsələni təhsil müəssisələri ilə işəgötürənlər arasında ziddiyyət kimi deyil, əməkdaşlıq tələb edən bir inkişaf istiqaməti kimi qiymətləndirmək olar. Təhsil müəssisələri fundamental bilik və ixtisas hazırlığı formalaşdırır, əmək bazarı isə həmin biliklərin konkret iş proseslərində tətbiqini tələb edir. Bu iki istiqamət bir-birini tamamlamalıdır. GİKM-in burada rolu gənclərlə əmək bazarı arasında əlaqələndirici platforma yaratmaq, onları işəgötürənlərin gözləntiləri ilə tanış etmək və peşəkar inkişaf üçün əlavə imkanlar formalaşdırmaqdır. Bu məqsədlə ali təhsil müəssisələrində həyata keçirilən “CareerLAB” layihəsi, regionlarda təşkil olunan “LevelUP” karyera forumları, gənclərlə həyata keçirilən fərdi karyera konsultasiyaları və müxtəlif sahələr üzrə ekspert görüşləri mühüm əhəmiyyət daşıyır. Bu günə qədər “CareerLAB” layihəsi 25 ali və orta ixtisas təhsil müəssisələrində 6500, “LevelUP” karyera forumları isə 20 rayon və şəhərdə 7800 nəfər gəncin iştirakı ilə baş tutub. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər gənclərə seçdikləri ixtisasın əmək bazarındakı tətbiqi, müxtəlif karyera istiqamətləri və işə qəbul zamanı nəzərə alınan bacarıqlar barədə də məlumatlılığını artırır. Vacib istiqamətlərdən biri də işəgötürənlərlə mütəmadi dialoqun qurulmasıdır. Onların hansı bacarıqlara üstünlük verdiyini, hansı sahələrdə kadr ehtiyacının yarandığını və gənclərin hansı istiqamətlərdə əlavə hazırlığa ehtiyac duyduğunu öyrənmək proqramlarımızın daha məqsədyönlü qurulmasına kömək edir. Gənclər anlamalıdırlar ki, karyera inkişafı birdəfəlik əldə olunan nəticə deyil, davamlı öyrənmə və özünü təkmilləşdirmə prosesidir. Ali təhsil müəssisəsində qazanılan bilikləri praktik bacarıqlarla tamamlamaq, yeni təcrübələr əldə etmək və əmək bazarındakı dəyişiklikləri izləmək onların peşəkar rəqabət qabiliyyətini artırır. Fəaliyyətimizin məqsədi də gənclərin bu prosesdə daha düzgün istiqamətlənməsinə və öz potensiallarını reallaşdırmasına dəstək olmaqdır.

- Paytaxtla regionlar arasında karyera imkanlarına çıxış fərqi gənclərin peşə seçimlərinə və gələcək məşğulluğuna təsir göstərir. Regionlarda yaşayan gənclərin keyfiyyətli təcrübə proqramlarına, peşəkar mentorluğa və işəgötürənlərlə birbaşa əlaqəyə çıxışını genişləndirmək üçün hansı konkret addımlar atılır?

- Region gənclərinin inkişafı ilə bağlı əsas yanaşmamız bu prinsipə əsaslanır: gənclərin yaşadığı ünvan onların imkanlarını müəyyən edən məhdudiyyətə çevrilməməlidir. Regionda gənclərin inkişafını dəstəkləmək istiqamətdə ilk növbədə, regionlarda institusional imkanların genişləndirilməsinə diqqət yetiririk. 11 regional nümayəndəlik və 44 bölməmiz gənclərlə işin təşkili, onların ehtiyaclarının müəyyənləşdirilməsi və mövcud imkanlara çıxışının təmin olunması baxımından mühüm resursdur. Bu struktur gənclərlə davamlı əlaqənin qurulmasına, onların ehtiyaclarına uyğun dəstəyin göstərilməsinə və müxtəlif təşəbbüslərdə iştirakının təşviqinə imkan yaradır. Eyni zamanda, onlayn fərdi karyera planlaması konsultasiyaları və hibrid formatda həyata keçirilən fəaliyyətlər vasitəsilə gənclərin coğrafi məsafədən asılı olmayaraq inkişaf imkanlarından yararlanmasını hədəfləyirik. Hesab edirik ki, region gəncləri üçün imkanların genişləndirilməsi yalnız tədbirlərin sayının artırılması ilə məhdudlaşmamalıdır. İmkanların davamlılığı, gənclərin praktiki təcrübə qazanması, mentorlarla ünsiyyəti və işəgötürənlərlə əlaqələrinin formalaşması da vacibdir. Məhz bu səbəblə fəaliyyətimizin əsas istiqaməti regionlarda yaşayan gənclərin karyera inkişafını sürətləndirən əlçatan mexanizmləri gücləndirmək və onların əmək bazarına daha hazırlıqlı daxil olmalarına dəstək olmaqdır.

- Bəzi təcrübə proqramları gənclərə real iş mühitini öyrətsə də, onların əmək fəaliyyətinə keçidi ilə nəticələnmir. Təcrübəçi gənclərin əməyinin formal xarakter daşımaması, onların konkret peşə bacarıqları qazanması və nəticələrinin işə qəbul zamanı nəzərə alınması necə təmin edilir?

- Təcrübə proqramlarının effektivliyi yalnız gənclərinin müəyyən müddət ərzində iş mühitində iştirak etməsi ilə deyil, həmin müddətdə hansı bacarıqları mənimsəməsi və onları praktikada necə tətbiq etməsi ilə ölçülməlidir. Əsas məqsəd gənclərin təcrübə müddətini formal iştirakla deyil, real öyrənmə və peşəkar inkişaf imkanı ilə dəyərləndirməsidir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin həyata keçirdiyi təcrübə proqramlarında iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar yerinə yetirir, müxtəlif təlimlərə qoşulur və müasir iş mühitinin tələbləri ilə tanış olurlar. Təcrübənin nəticələrinin daha obyektiv qiymətləndirilməsi üçün iştirakçıların yerinə yetirdikləri tapşırıqların keyfiyyəti, fərdi inkişaf dinamikası və əldə etdikləri nəticələr əsas göstəricilər kimi nəzərə alınmalıdır. Eyni zamanda, mentor və rəhbərlərin rəyləri, eləcə də iştirakçıların hazırladıqları iş nümunələri onların peşəkar inkişafını qiymətləndirmək üçün əhəmiyyətli vasitələrdir.

- Süni intellekt və rəqəmsallaşma əmək bazarının tələblərini sürətlə dəyişir. Bu dəyişikliklər fonunda Mərkəz gənclərin yalnız mövcud vakansiyalara uyğunlaşmasını deyil, gələcəkdə aktuallığını qoruyacaq bacarıqlar qazanmasını təmin etmək üçün hansı uzunmüddətli strategiyanı həyata keçirir?

- Süni intellekt və rəqəmsallaşma əmək bazarını sürətlə dəyişdirir və bu dəyişikliklər gənclərdən yalnız mövcud biliklərini yeniləməyi deyil, həm də davamlı öyrənmə, çevik uyğunlaşma və yeni texnologiyalardan səmərəli istifadə bacarıqlarını inkişaf etdirməyi tələb edir. Yanaşmamız gəncləri yalnız bugünkü əmək bazarına deyil, gələcəyin peşə və bacarıq tələblərinə də hazırlamaqdır. Prioritet fəaliyyət sahələrimizdən biri kimi rəqəmsal savadlılığın və süni intellekt alətlərindən istifadə bacarıqlarının inkişafına xüsusi diqqət yetiririk. Mərkəz tərəfindən hazırlanan “Karyera Quruculuğunda Süni İntellekt Bələdçisi” gənclərə süni intellekt alətlərindən iş axtarışı, CV və motivasiya məktubunun hazırlanması, müsahibəyə hazırlıq və karyera planlaması proseslərində düzgün istifadə yollarını öyrənməyə kömək edir. Bununla yanaşı, indiyədək Bakı və regionlarda keçirilən Süni İntellekt Forumları vasitəsilə 1700-dən çox gənci, 20 şəhər və rayonda təşkil olunan maarifləndirici sessiyalar çərçivəsində isə 400-dən çox gənci əhatə edərək onların süni intellekt alətləri və yeni texnologiyalar barədə məlumatlılığının artırılmasına töhfə vermişik. Yekun olaraq, qeyd etmək istərdim ki, əsas məqsədimiz gənclərin yalnız bu gün tələb olunan vakansiyalara uyğunlaşması deyil, dəyişən əmək bazarının çağırışlarını anlayan, yeni imkanları müəyyənləşdirən və gələcək peşəkar inkişafına müstəqil şəkildə istiqamət verə bilən fərdlər kimi formalaşmasına dəstək olmaqdır.

 

Caspianinfo.az