06 noyabr 2026 11:23
222

Konstitusiyamızın 30 ilik şərəfli yolu

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü milli dövlətçilik salnaməmizdə müstəsna yeri olan bir tarixdir. Əsas Qanunumuzun qəbulundan keçən 30 illik dövr göstərdi ki, müstəqil Azərbaycanın hüquqi və siyasi sütunları üzərində ucalan bu sənəd təkcə hüquqi norma və prinsiplər toplusu deyil, həm də xalqımızın azadlıq, ədalət və suverenlik arzularının təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Ümummilli Liderimizin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.

Konstitusiya quruluşumuzun inkişaf yolu mürəkkəb və şərəfli bir tarixə malikdir. 1918–1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb hərbi-siyasi şərait cəhətdən ölkənin Əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın ilk konstitusiya aktları SSRİ dövrünə təsadüf edir. 1921-ci il mayın 19-da, 1925-ci il martın 14-də, 1927-ci il martın 26-da və 1937-ci il martın 14-də müvafiq Konstitusiyalar təsdiq olunmuşdur.

Tariximizin xüsusi qürur doğuran səhifələrindən biri 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in sonuncu Konstitusiyası ilə bağlıdır. Həmin dövrdə respublikaya rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin böyük cəsarəti və siyasi iradəsi sayəsində 73-cü maddədə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası təsbit olundu. Bu, sovet rejiminin sərt şərtləri altında milli kimliyimizin və dilimizin qorunması istiqamətində atılmış tarixi bir addım idi.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilsə də, 1991–1993-cü illərdəki hakimiyyətsizlik, böhran və anarxiya yeni Əsas Qanunun hazırlanmasına imkan vermədi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə xilaskar Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı ölkədə ictimai-siyasi zəmin yaradaraq müasir dövlət quruculuğunun təməlini qoydu.

1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsində seçicilərin 91,9 faizinin dəstəyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin 15 dekabr 1995-ci il tarixli Fərmanı ilə 12 Noyabr “Konstitusiya Günü” elan olundu.

1995-ci il Konstitusiyası ölkəmizdə hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyən etdi. Sənədin 48 maddəsi bilavasitə insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdir. Beynəlxalq hüquq standartlarına tam cavab verən Əsas Qanunumuz dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquqlarının bərabər qorunmasını təmin edir.

Müasir hüquqi dövlət quruculuğunun tərkib hissəsi kimi 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı və konstitusiya nəzarəti mexanizmi tam formalaşdı.

Zamanın tələblərinə və cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə referendumlar yolu ilə Konstitusiyada mütərəqqi dəyişikliklər aparılmışdır. Xüsusilə 2016-cı il dəyişiklikləri ilə idarəetmə sistemində Birinci vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçiliyinin səmərəliliyini keyfiyyətcə yeni mərhələyə qaldırmışdır.

2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında reallaşan lokal antiterror əməliyyatı nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə bərqərar oldu.

Əsas Qanunun qəbulunun 30-cu və Zəfərimizin 5-ci ildönümü ərəfəsində Ölkə Prezidentinin Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi, eləcə də “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis olunması dövlətçilik tariximizin şanlı mərhələsinə verilən yüksək dəyərdir.

Anar Məmmədov,

Milli Məclisin deputatı