Energetika Nazirliyində 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək Azərbaycan tarixində ən şanlı səhifələrdən bir olan, milli qürurumuzu və dövlətçilik iradəmizi təcəssüm etdirən tarixi Zəfər Gününü xalqımızın birliyinin, Vətənə sonsuz məhəbbətinin, mübarizə əzminin və sarsılmaz iradəsinin təntənəsi adlandırıb. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və müdrik strategiyası sayəsində həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, müstəqil Azərbaycanın güclənməsi və inkişafı naminə formalaşdırdığı strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qüdrətini artırıb, xalqımızı tarixi məqsədinə – ərazi bütövlüyünün və suverenliyinin bərpasına qovuşdurub. Bildirilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarını azad etmək əzmini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında misilsiz qəhrəmanlıq və peşəkarlıq göstərərək işğal altında olan torpaqlarımızı azad edib. Noyabrın 8-də Şuşanın azad olunması isə bu tarixi qələbənin zirvəsinə çevrilib.
Çıxışda, həmçinin Zəfər Günü ölkəmizin yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, Böyük Qayıdış proqramının həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur müasir infrastruktur, sosial obyektlər, ağıllı şəhər və kənd konsepsiyaları, eləcə də dayanıqlı inkişaf prinsipləri əsasında yenidən qurulur. Bu prosesdə energetika sektoru xüsusi əhəmiyyət daşıyır. Etibarlı enerji təminatı insanların doğma torpaqlarına qayıdışı, yeni iqtisadi fəaliyyətin formalaşması və bölgənin davamlı inkişafı üçün mühüm şərtdir. Vurğulanıb ki, bu ərazilərdə qurulan enerji infrastrukturu tarixi Zəfərimizin iqtisadi və strateji nəticələrini daha da möhkəmləndirir. Bu torpaqlarda inşa edilən hər bir enerji obyekti, çəkilən hər bir elektrik xətti Azərbaycanın öz gücünə, resurslarına və gələcəyinə inamının ifadəsidir.
Tədbirdə, həmçinin digər əməkdaşların çıxışları dinlənilib. Çıxışçılar Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna yeri və əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbəyə aparan yolun tarixi, Şuşanın azad edilməsinin Zəfər tariximizdəki rolu, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs ediblər. Habelə müharibə zamanı xalqımızın həmrəyliyi, arxa cəbhədə yorulmadan çalışan soydaşlarımızın birliyinin müharibədəki misilsiz rolu diqqətə çatdırılıb, hərbi əməliyyatlar zamanı cəbhədə çiyin-çiyinə vuruşan əsgərlərimizin fədakarlığı və qəhrəmanlığı qeyd edilib.
Sonda Şanlı Zəfər Günündən bəhs edən videoçarx nümayiş etdirilib.