08 noyabr 2026 14:00
82

İqtisadi gücdən hərbi qüdrətə uzanan Zəfər yolu

Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin, düşünülmüş strategiyanın və milli gücün sistemli şəkildə formalaşdırılmasının nəticəsi idi. Bu Qələbəni yalnız 44 günlük Vətən müharibəsinin hərbi uğuru kimi qiymətləndirmək düzgün olmazdı. Çünki 8 Noyabr Zəfərinə aparan yolun təməli hələ ötən əsrin 90-cı illərində, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qoyulmuşdu. Məhz həmin dövrdən başlayaraq Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və milli maraqlara əsaslanan xarici siyasətin formalaşdırılması vahid strategiyanın əsas istiqamətlərinə çevrildi.

1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üz-üzə idi. Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı, ölkədə hökm sürən qeyri-sabitlik və iqtisadi tənəzzül dövlət müstəqilliyini belə təhlükə altına salmışdı. Belə bir şəraitdə ilk növbədə ölkənin siyasi idarəetmə sisteminin bərpası, daxili sabitliyin təmin edilməsi və dövlətçiliyin möhkəmləndirilməsi zəruri idi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət məhz bu əsas vəzifələrin həllinə yönəldi. Azərbaycanın gələcək inkişafının siyasi, iqtisadi və institusional əsasları yaradıldı.

Bu strategiyanın mühüm cəhətlərindən biri ondan ibarət idi ki, ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi yalnız silahlı qüvvələrin sayının və silah arsenalının artırılması ilə məhdudlaşdırılmırdı. Bunun üçün güclü iqtisadiyyat, dayanıqlı maliyyə sistemi, müstəqil qərarvermə imkanları, beynəlxalq əlaqələr və möhkəm dövlət institutları formalaşdırılmalı idi. Başqa sözlə, iqtisadi müstəqillik gələcək hərbi qüdrətin əsas təminatlarından biri kimi nəzərdə tutulurdu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə neft strategiyasının müəyyənləşdirilməsi Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini dəyişdi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkənin enerji resurslarının beynəlxalq əməkdaşlıq çərçivəsində iqtisadi dövriyyəyə cəlb edilməsinə, xarici investisiyaların ölkəyə axınına və Azərbaycanın dünya iqtisadi sistemində mövqeyinin güclənməsinə imkan yaratdı. Bu addım təkcə iqtisadi layihə deyil, həm də dövlət müstəqilliyinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edən strateji qərar idi.

Sonrakı illərdə enerji infrastrukturu inkişaf etdirildi, beynəlxalq nəqliyyat və kommunikasiya layihələri həyata keçirildi, qeyri-neft sektorunun genişləndirilməsi üçün zəmin yaradıldı. Əldə olunan iqtisadi gəlirlər ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, müdafiə potensialının artırılmasına da yönəldildi. Beləliklə, müstəqil iqtisadi siyasət Azərbaycanın hərbi sahədə öz imkanlarını genişləndirməsinə, müdafiə ehtiyaclarını daha böyük həcmdə daxili resurslar hesabına qarşılamağa şərait yaratdı.

Bu xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə keçdi. Dövlət başçısı iqtisadi inkişafı, siyasi sabitliyi, ordu quruculuğunu və beynəlxalq mövqelərin möhkəmləndirilməsini vahid strateji məqsəd ətrafında birləşdirdi. Azərbaycanın maliyyə imkanlarının genişlənməsi müdafiə xərclərinin artırılmasına, ordunun müasir silah və texnologiyalarla təchiz edilməsinə, hərbi infrastrukturun yenilənməsinə imkan verdi. Bununla yanaşı, müdafiə sənayesinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Ordunun müasirləşdirilməsi prosesində əsas diqqət yalnız texniki təchizata deyil, həm də peşəkar hərbi kadrların hazırlanmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə və döyüş hazırlığının yüksəldilməsinə yönəldildi. Azərbaycan Ordusunda struktur və təşkilati islahatlar aparıldı, hərbi təhsil sistemi inkişaf etdirildi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ardıcıl tədbirlər görüldü. Müasir döyüş təcrübəsinin öyrənilməsi, yeni taktiki yanaşmaların tətbiqi və müxtəlif qoşun növləri arasında koordinasiyanın gücləndirilməsi ordunun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı.

Hərbi təhsil sahəsində islahatlar da bu prosesin vacib istiqamətlərindən biri oldu. Xüsusilə Vətən müharibəsindən sonra ordunun idarəetmə və hərbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində yeni addımlar atıldı. 2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması hərbi təhsilin vahid sistem üzrə təşkili, yüksəkixtisaslı hərbi kadrların hazırlanması və hərbi elmin inkişafı baxımından yeni mərhələnin əsasını qoydu.

Digər mühüm istiqamət müdafiə sənayesinin institusional əsaslarının formalaşdırılması və inkişafı idi. Bu sahədə ilk mühüm addımlardan biri respublikamızın müdafiəsini təmin edən ordunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2003-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" oldu. Prezident İlham Əliyevin 2005-ci il dekabrın 16-da imzaladığı Sərəncamla Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılması isə sahənin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə Azərbaycanın müdafiə sənayesi sahəsində yerli istehsal imkanları genişləndirildi. Müxtəlif təyinatlı hərbi məhsulların, silah və sursatların, müdafiə təyinatlı texniki vasitələrin istehsalına başlanılması ölkənin bu sahədə imkanlarını artırdı. Eyni zamanda, xarici tərəfdaşlarla əməkdaşlıq, texnologiya mübadiləsi və birgə istehsal layihələri milli müdafiə sənayesinin inkişafına təkan verdi.

Azərbaycanın hərbi qüdrətinin formalaşmasında beynəlxalq hərbi əməkdaşlıq da mühüm yer tuturdu. Müxtəlif ölkələrlə müdafiə sahəsində əlaqələrin genişləndirilməsi, birgə təlimlərin keçirilməsi və qabaqcıl hərbi təcrübənin mənimsənilməsi ordunun hazırlıq səviyyəsini yüksəltdi. Bu proses Azərbaycan Silahlı Qüvvələrinin müasir müharibə şəraitinə uyğunlaşmasına, yeni texnologiyalardan istifadə imkanlarının genişlənməsinə şərait yaratdı.

Beləliklə, uzun illər ərzində iqtisadi, siyasi və hərbi istiqamətlərdə həyata keçirilən siyasət Azərbaycanın milli gücünü keyfiyyətcə yeni səviyyəyə çatdırdı. 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, çevik idarəetmə, müasir texnologiyalardan səmərəli istifadə və hərbi əməliyyatların peşəkar təşkili bu hazırlığın real nəticələrini ortaya qoydu. 44 gün ərzində əldə olunan uğurlar təsadüfi hərbi üstünlüyün deyil, uzunmüddətli dövlət strategiyasının, ardıcıl ordu quruculuğunun və iqtisadi gücün müdafiə potensialına çevrilməsinin nəticəsi idi.

8 Noyabr Zəfərinin tarixi əhəmiyyəti də məhz bu baxımdan daha aydın görünür. Azərbaycan xalqının iradəsi, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və ordumuzun qəhrəmanlığı ilə qazanılan Qələbə onilliklər ərzində formalaşdırılan dövlətçilik strategiyasının məntiqi nəticəsi oldu. Şuşanın noyabrın 8-də işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hərbi-siyasi dönüş nöqtəsinə çevrildi. Bu Zəfər göstərdi ki, güclü dövlətçilik, iqtisadi müstəqillik, milli həmrəylik və peşəkar ordu bir-birini tamamlayan amillərdir. Onların vahid məqsəd ətrafında səfərbər edilməsi Azərbaycanın ən mürəkkəb tarixi vəzifələrini həll etmək gücündə olduğunu sübut etdi.

Göründüyü kimi, 8 Noyabr Zəfəri yalnız ərazi bütövlüyümüzün bərpasına aparan yolda həlledici hərbi-siyasi uğur deyil, həm də Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının, siyasi iradəsinin və milli gücünün təntənəsidir. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi potensialını hərbi qüdrətə çevirməklə dövlət suverenliyini və müdafiə imkanlarını daha da möhkəmləndirdi. Zəfərə gedən yolun əsas mahiyyəti də məhz bundan ibarət idi.

Nigar Orucova, “İki sahil”