07 noyabr 2026 07:14
114

GƏNCƏ FORUMU VƏ AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI

 

5–6 noyabr 2026-cı il tarixlərində Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə baş tutub. Forumda 400-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib. Əsas müzakirə mövzuları QHT sektorunun inkişafı, dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığı və yeni ictimai təşəbbüslər olub.

Forumun Gəncədə keçirilməsi xüsusi məna daşıyırdı. Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik şəhərlərindən biri olan Gəncə tədbirin mövzusuna uyğun məkan idi. İştirakçılar Nizami Gəncəvinin məqbərəsini və Gəncə Memorial Kompleksini ziyarət ediblər. Proqramda amputant futbol yarışı, “Sabaha doğru” filminin təqdimatı və Gəncə Dövlət Simfonik Orkestrinin konserti də yer alıb. Bu tədbirlər forumun sosial və mədəni məzmununu tamamlayıb.

Ən təsirli məqamlardan biri, 5 noyabr 2025 cı ildə Gəncə şəhərində minadan zərər çəkmiş şəxslərin iştirakı ilə amputant futbol oyunu idi. Tədbir Futbolun İnkişaf Fondunun təşkilatçılığı ilə «Amputant futbol turnirinin təşkili» layihəsi çərçivəsində baş tutub. Layihənin əhəmiyyəti yalnızidman tədbirinin təşkili ilə məhdudlaşmır. Onun əsasməqsədləri mina təhlükəsi ilə bağlı maarifləndirmə, mina qurbanlarının sosial inteqrasiyası, ictimaifəallığının artırılması və əlilliyi olan şəxslərinidmana cəlb edilməsidir.

Forumun əsas istiqamətlərindən biri Azərbaycanda vətəndaş cəmiyyətinin institusional inkişafı və dövlətlə əməkdaşlığın genişləndirilməsi olub. Bu prosesdə Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti mühüm yer tutur.

2007-ci ildə Prezidentin Fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması dövlət dəstəyinin sistemləşdirilməsində ilk mühüm mərhələlərdən biri oldu. 19 aprel 2021-ci il tarixli Prezident Fərmanı ilə isə QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı. Bununla QHT layihələrinin maliyyələşdirilməsi, təşkilatların institusional potensialının artırılması və dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar formalaşdı.

Növbəti mühüm addım Prezidentin 29 dekabr 2025-ci il tarixli Fərmanı ilə QHT-lərin dövlət maliyyələşdirilməsində “bir pəncərə” prinsipinin tətbiqinin nəzərdə tutulması oldu. 22 iyun 2026-cı ildə Nazirlər Kabinetinin müvafiq qaydaları təsdiqləməsi bu mexanizmin hüquqi əsaslarını müəyyənləşdirdi. Yeni sistem dövlət dəstəyinin əlaqələndirilməsinə, maliyyələşdirmədə şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir.

Beləliklə, dövlət siyasətinin məqsədi yalnız QHT-lərə maliyyə ayırmaq deyil. Eyni zamanda, onların institusional imkanlarını genişləndirmək və ictimai əhəmiyyətli layihələrdə iştirakını təşviq etməkdir.

Forumda təqdim olunan göstəricilər də bu istiqamətdə görülən işlərin miqyasını əks etdirib. QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün xanım Əliyevanın məlumatına görə, 21 dövlət proqramı üzrə nəzərdə tutulan 113 tapşırığın icrasında 98,63 faiz nəticə əldə olunub. Son dörd ildə inkişaf və mübadilə proqramları vasitəsilə 500-dən artıq QHT nümayəndəsinin bilik və bacarıqlarının artırılmasına dəstək göstərilib.

Forumun üç panelində sektorun aktual problemləri müzakirə edilib. Birinci panel sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqlarına həsr olunub. Müasir texnologiyalar QHT-lərə ictimaiyyətlə əlaqələri gücləndirmək, layihələrin nəticələrini daha effektiv təqdim etmək və fəaliyyətlərini təkmilləşdirmək imkanı verir.

“Azərbaycan QHT-ləri milli maraqların keşiyində” panelində vətəndaş cəmiyyətinin ictimai diplomatiyadakı rolu diqqət mərkəzində olub. QHT-lər beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına, Azərbaycanın mövqeyinin xarici auditoriyaya çatdırılmasına və milli maraqların beynəlxalq platformalarda təqdim edilməsinə töhfə verə bilərlər.

WUF13 irsinin QHT təşəbbüslərində davam etdirilməsi də müzakirələrin əsas mövzularından biri olub. Tədbir çərçivəsində QHT pavilyonunda beş gün ərzində 61 tədbir keçirilib. Həmçinin 100-dən çox ölkədən 800-ə yaxın nümayəndənin iştirakı ilə QHT Forumu təşkil olunub. Bu təcrübə şəhərsalma, mədəni irsin qorunması, sosial inklüzivlik və ictimai iştirakçılıq sahələrində yeni təşəbbüslər üçün zəmin yaradır.

Bu məsələlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesi baxımından da aktualdır. Yeni yaşayış məntəqələrinin qurulması ilə yanaşı, dayanıqlı icmaların formalaşdırılması vacibdir. Təhsil, məşğulluq, sosial inteqrasiya və mədəni həyatın inkişafında QHT-lərin iştirakı bu prosesə əlavə töhfə verə bilər.

Forumda beynəlxalq əməkdaşlığın genişləndirilməsi perspektivləri də diqqətə çatdırılıb. Qlobal Cənub QHT Platformasının yaradılması, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilə əlaqələrin inkişafı və digər beynəlxalq platformalarda təmsilçilik nəzərdə tutulan istiqamətlər sırasındadır. 2027-ci ildə Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsi planı da bu baxımdan əhəmiyyətlidir.

Tədbirin yekununda Prezident İlham Əliyevə müraciət qəbul edilib. QHT nümayəndələri dövlətin inkişaf strategiyasının həyata keçirilməsinə, milli maraqların və konstitusion dəyərlərin qorunmasına, xalqın birliyinin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduqlarını bildiriblər.

Gəncə Forumunun əsas mesajlarından biri dövlət dəstəyi ilə QHT-lərin ictimai məsuliyyəti arasında tarazlığın vacibliyidir. Yaradılan imkanlar konkret nəticələrlə müşayiət olunmalıdır. Bunun üçün layihələrin keyfiyyəti, şəffaflıq, hesabatlılıq və peşəkar idarəetmə əsas şərtlərdir.

Gəncədə keçirilən forum dövlətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yeni istiqamətlərini nümayiş etdirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılan institusional mexanizmlər QHT sektorunun inkişafı üçün yeni imkanlar yaradıb. İndi əsas vəzifə bu imkanları davamlı ictimai nəticələrə çevirməkdir. Bunun üçün dövlət dəstəyi ilə yanaşı, QHT-lərin təşəbbüskarlığı, peşəkarlığı və cəmiyyət qarşısında məsuliyyəti də mühüm rol oynayır.

Gülşən Axundova

Müstəqil Ekspert

Qadın,İnkişaf, Gələcək İB Sədri