08 noyabr 2026 08:00
58

8 Noyabr - Zəfər Günü

Bəzən tarix bir günə sığar, amma o günün arxasında illərin həsrəti, minlərlə insanın mübarizəsi, şəhidlərin qanı və bütöv bir xalqın sarsılmaz iradəsi dayanır. 8 Noyabr məhz belə bir gündür. Bu tarix Azərbaycan xalqının yaddaşına sadəcə qələbə kimi deyil, milli qürurun, birliyin və yenilməzliyin rəmzi kimi həkk olunub. 

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü xalqımızın azadlıq və torpaq həsrətinə son qoyan, milli ruhumuzu zirvələrə yüksəldən möhtəşəm hadisənin təntənəsidir. Zəfər Günü Azərbaycan xalqının tarix qarşısında öz sözünü dediyi, dünyaya iradəsini nümayiş etdirdiyi gündür. 

1990 - cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olundu. Minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi və mədəni abidələrimiz vandalizmə məruz qaldı. Qarabağ həsrəti bir xalqın ortaq ağrısına çevrildi. İllər keçsə də, bu ağrı nə unuduldu, nə də xalqımızın yaddaşından silindi. Hər bir azərbaycanlının qəlbində bir ümid yaşayırdı: bir gün üçrəngli bayrağımız yenidən doğma torpaqlarımızda dalğalanacaq! Zaman keçdikcə dövlətin müdafiə qüdrətinin gücləndirilməsi, beynəlxalq münasibətlərdə mövqeyinin möhkəmləndirilməsi və milli birliyin qorunması gələcək Zəfərin mühüm əsaslarını formalaşdırdı. Çünki böyük qələbələr yalnız döyüş meydanında deyil, illərlə aparılan hazırlıq, düzgün strategiya və güclü iradə nəticəsində qazanılır. 

2020 – ci ilin payızı başqa ab - hava ilə başladı. İnsanlarda mübarizə, döyüş ruhu hissi baş qaldırdı. Yaddaşlarda dərin iz qoydu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Dövlətinin Rəşadətli ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə, 2020 - ci il sentyabrın 27 - dən etibarən  başladığı Zəfər yürüşündə, inanılmaz, böyük qələbəyə imza atdı. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndərin başladığı işi, məntiqi sonluğuna çatdırdı. Bununla da, adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.  Bu müharibə Azərbaycan xalqının tarixində qəhrəmanlıq və fədakarlıq salnaməsinə çevrildi. 

Döyüş meydanında Azərbaycan əsgəri yalnız silahla deyil, qəlbində daşıdığı vətən sevgisi ilə mübarizə aparırdı. Onun üçün hər qarış torpaq sadəcə coğrafi ərazi deyil, ata-baba yadigarı, uşaqlıq xatirəsi, milli kimlik və müqəddəs əmanət idi. Əsgərlərimizin göstərdiyi şücaət, peşəkarlıq və əzmkarlıq bütün dünyaya Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. 

Vətən müharibəsinin ən mühüm hadisələrindən biri noyabrın 8 - də Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığı müharibənin taleyini dəyişən tarixi hadisəyə çevrildi. Sıldırım qayaları, çətin relyefi və strateji mövqeyi ilə seçilən Şuşanın azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlığının və hərbi məharətinin bariz nümunəsi idi. Şuşanın azad olunması xəbəri bütün ölkədə böyük sevinc və qürurla qarşılandı. İllərlə həsrətini çəkdiyimiz şəhərin azadlığı xalqın gözündə sevinc yaşlarına çevrildi. Sanki Qarabağın susdurulmuş ruhu yenidən danışmağa, Şuşanın küçələri illərin sükutunu pozaraq Azərbaycan musiqisinin sədaları ilə canlanmağa başladı. Məhz bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin 3 dekabr 2020 - ci il tarixli Sərəncamı ilə noyabrın 8 - i Azərbaycanda Zəfər Günü elan edildi. Bu qərar xalqımızın yaddaşında əbədi yaşayacaq qələbənin rəsmi olaraq əbədiləşdirilməsi idi. Noyabrın 10 - da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan müharibədə tarixi qələbə qazandı, Ağdam, Kəlbəcər və Laçın rayonları isə bəyanata uyğun olaraq geri qaytarıldı. Beləliklə, 44 günlük müharibə Azərbaycanın hərbi-siyasi qələbəsi ilə nəticələndi. 

Lakin Zəfər tarixini yalnız qələbə sevinci ilə ölçmək doğru olmaz. Bu qələbənin arxasında canından keçən şəhidlərimizin qanı, qazilərimizin yaraları, övladını vətənə qurban verən anaların göz yaşı dayanır. Şəhidlərimiz bizə ən qiymətli mirası – azadlığı, müstəqilliyi və torpaq bütövlüyünü əmanət etdilər. Onların adı xalqımızın yaddaşında heç vaxt silinməyəcək. Çünki bəzi insanlar həyatdan köçsə də, tarixdə əbədi yaşamaq haqqı qazanırlar. Bu gün dalğalanan Azərbaycan bayrağında bir şəhidin arzusu, hər azad edilmiş kənddə bir ailənin qayıdış ümidi, hər Zəfər paradında isə bütöv bir xalqın qüruru yaşayır. 

Zəfərdən sonra Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlər yenidən quruldu, yollar, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri salındı. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz torpaqlarına qayıdışı üçün Böyük Qayıdış proqramı həyata keçirilməyə başladı. Bu gün Qarabağda tikilən hər bir ev, çəkilən hər bir yol, açılan hər bir məktəb Zəfərin davamıdır. Çünki torpağı azad etmək nə qədər böyük qəhrəmanlıqdırsa, onu yenidən dirçəltmək də bir o qədər böyük məsuliyyətdir.

Bu gün 8 Noyabrı qeyd edərkən yalnız keçmişə nəzər salmırıq, həm də gələcəyə baxırıq. Çünki Zəfər bir son deyil, yeni başlanğıcdır. Qarabağın yenidən qurulması, doğma yurda qayıdan insanların sevinci və üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması bu başlanğıcın ən gözəl mənzərəsidir. Azərbaycan xalqı bir daha sübut etdi ki, torpağına bağlı olan millətin iradəsini heç bir qüvvə sındıra bilməz. 8 Noyabr tarixə yazılmış adi bir gün deyil, bir millətin öz taleyinə sahib çıxmasının, bir dövlətin gücünün və xalqın sarsılmaz birliyinin təcəssümüdür. Sonda fikirlərimi Asim Yadigarın “Zəfər Yolu” şeiri ilə bitirmək istəyirəm: 

Otuz illik həsrəti qırx dörd gündə dağıdan,
Ey qəhrəman qazilər, sizə hər an can qurban.
Bu yolda şəhidləri unutmadım bircə an.
Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Nuray Məmmədrzayeva,
Bakı Slavyan Universiteti, 
Jurnalistika ixtisası,
IV kurs tələbəsi