“AzerGold” QSC 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinə, müharibə iştirakçılarına, müharibə veteranlarına və sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə bayram sovqatları təqdim edib.
Qurumdan “İki sahil”ə verilən məlumata görə, aksiyalar çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, veteranlar, eləcə də sosial dəstəyə ehtiyacı olan aztəminatlı ailələr ziyarət edilib.
Sosial aksiyalar “AzerGold” QSC-nin aktiv hasilat və geoloji kəşfiyyat fəaliyyəti həyata keçirdiyi ərazilərin yaxınlığında yerləşən kənd və qəsəbələri əhatə edib. Bu çərçivədə Daşkəsən rayonunda, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah, Əlincə və Xoşkeşin kəndlərində yaşayan müvafiq kateqoriyadan olan sakinlər ziyarət olunublar. Görüşlər zamanı ailələrə Cəmiyyətin bayram təbrikləri çatdırılıb, ümumilikdə 500 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə yerli əhalinin sosial rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının dəstəklənməsi istiqamətində mütəmadi olaraq müxtəlif sosial təşəbbüslər həyata keçirir. Bu təşəbbüslər çərçivəsində cari il ərzində bayram və əlamətdar günlər münasibətilə Cəmiyyət tərəfindən 1 390-dan çox ailəyə sosial dəstək göstərilib.