07 noyabr 2026 22:30
134

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Aralıq seçkilərində uğur qazanaraq Konqresin hər iki palatasında nəzarəti ələ alan demokratlar Kiyevə dəstəyi artırmaq, həmçinin Vaşinqtonla Avropadakı müttəfiqləri arasında sıx əlaqələri bərpa etmək niyyətindədirlər. Bununla belə, ABŞ-nin xarici siyasət kursunu müəyyənləşdirmək səlahiyyəti Prezident Donald Trampda qalır. Buna görə də demokratlar administrasiyanın qərarlarına təsir göstərmək üçün büdcə mexanizmlərindən və parlament nəzarətindən istifadə etməyi planlaşdırırlar.

Prioritet istiqamətlərdən biri qış mövsümü ərəfəsində Ukraynanın enerji sektoruna əlavə yardım göstərilməsi olacaq. Həmçinin hava hücumundan müdafiə sistemləri üçün raketlərin, kəşfiyyat məlumatlarının və "Starlink" peyk rabitə xidmətinə çıxışın təmin edilməsi müzakirə olunur. Bu tədbirlərin bir hissəsinin ABŞ-nin müdafiə siyasəti ilə bağlı illik qanun layihəsinə daxil edilməsi nəzərdə tutulur.

Bundan əlavə, demokratlar Tramp administrasiyasının Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü ilə bağlı razılaşmalar fonunda bəzi məhdudiyyətləri yumşaltmaq qərarından sonra Rusiyaya qarşı sanksiyalar haqqında qanunvericiliyə yenidən baxmaq niyyətindədirlər.

"Qrem qanununu düzəldəcəyik. Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün il yarım vaxt sərf olundu, sonra isə hər şey sadəcə ləğv edildi", – partiya nümayəndələrindən biri bildirib.

Bununla belə, demokratların imkanları məhduddur. Prezidentin mümkün vetosunu aradan qaldırmaq üçün onların respublikaçıların bir hissəsinin dəstəyinə ehtiyacı olacaq.

Ekspertlərin fikrincə, 2027-ci ilin yanvarında Konqresin yeni tərkibinin fəaliyyətə başlaması ilə demokratlar Tramp administrasiyasına təzyiq göstərmək üçün federal büdcənin təsdiqi prosesindən istifadə edə bilərlər.