08 noyabr 2026 10:49
75

AZƏRTAC ilə “Sinxua” təcrübə mübadiləsini genişləndirəcək

AZƏRTAC ilə Çinin milli xəbər agentliyi olan “Sinxua” təcrübə mübadiləsini genişləndirəcək.

“İki sahil” xəbər verir ki,  Pekində AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin “Sinxua”nın baş redaktoru Lyu Yanson ilə görüşündə agentliklər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı 95 illik yubileyi münasibətilə “Sinxua” agentliyinə AZƏRTAC-ın kollektivinin təbrikləri çatdırılıb, Pekində keçirilən 7-ci Dünya Media Sammitinin yüksək səviyyədə təşkil edildiyi və onun qlobal media əlaqələrinin gücləndirilməsində mühüm əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması digər sahələrdə olduğu kimi, media sahəsində də əlaqələrin inkişaf etdirilməsinə imkan yaradıb. Bu məsələyə iki ölkənin milli xəbər agentliklərinin böyük töhfə verdiyi vurğulanıb. AZƏRTAC və “Sinxua” arasında son illər əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə olunub.

Təcrübə və xəbər mübadiləsinin daha da aktivləşdirilməsinin, beynəlxalq platformalarda tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi qeyd edilib, ortaq tədbirlərin iki ölkə və xalq arasında münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanıb.