Voleybol üzrə Azərbaycan çempionatının II turu çərçivəsində “Murov Az Terminal” və UNEC komandaları üz-üzə gəliblər.
Noyabrın 7-də “Murov Az Terminal” VK-nın idman zalında keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk setdə 18:25 hesabı ilə məğlub olan “Murov Az Terminal” növbəti üç setdə üstünlüyü ələ alaraq qələbəyə nail olub. Setlər 25:17, 25:19 və 25:21 hesabları ilə yekunlaşıb.
Oyundan sonra “Murov Az Terminal” VK-nın baş məşqçisi Giovanni Torchio qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. O, əvvəlcə keçmiş komandası olan UNEC-i təbrik edərək rəqibin sona qədər mübarizə apardığını və yaxşı oyun nümayiş etdirdiyini bildirib.
Baş məşqçi ilk oyunda qazanılan qələbədən məmnunluğunu ifadə etməklə yanaşı, komandanın bəzi əsas oyun bacarıqları üzərində daha çox çalışmalı olduğunu vurğulayıb. O, əldə olunan nəticədən razı qaldığını qeyd edib.