ABŞ ordusunun İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm adasına hərbi hava hücumlarında heç bir xəsarət qeydə alınmayıb.
“İki sahil” xəbər verir ki, İranın Hörmüzqan valiliyinin məlumatına görə, bunu valinin müavini Əhməd Nəfisi bildirib.
“ABŞ ordusunun Qeşm adasında hücum etdiyi ərazi yaşayış və ticarət zonalarından, eləcə də xidmət infrastrukturundan kənarda yerləşib. Hücum nəticəsində mühüm və xidmət infrastrukturlarına heç bir ziyan dəyməyib”, – deyə o qeyd edib.
Nəfisi əlavə edib ki, Qeşm adasında vəziyyət nəzarət altındadır və bütün xilasetmə, xidməti və icra qurumları tam hazır vəziyyətdədir.
Qeyd edək ki, ötən gecə İranın Qeşm adasında 4 partlayış səsi eşidilib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.