17 noyabr 2026 22:58
84

Peyvəndlənmə sağlamlığın qorunmasında erkən başlanğıcdır

İnfeksionist: Respirator infeksiyalar arasında ən ağır gedişə malik olan xəstəlik qripdir və o, xüsusilə pnevmoniya kimi ciddi fəsadlara səbəb ola bilər

Payız-qış mövsümündə qrip və digər kəskin respirator virus infeksiyalarının yayılma riskinin artması əhalinin sağlamlığının qorunmasında profilaktik tədbirlərin əhəmiyyətini bir daha gündəmə gətirir. Xüsusilə havaların soyuması ilə insanların qapalı məkanlarda daha çox vaxt keçirmələri, təmasların intensivləşməsi virusların yayılması üçün əlverişli şərait yaradır. Belə bir şəraitdə xəstəliklərin qarşısının alınması, yoluxma riskinin azaldılması və mümkün ağırlaşmaların məhdudlaşdırılması baxımından peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.

Peyvəndlər müasir təbabətin infeksion xəstəliklərlə mübarizədə əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir. Onların əsas məqsədi orqanizmin immun sistemini müəyyən infeksion törədiciyə qarşı əvvəlcədən hazırlamaq, xəstəliklə qarşılaşdıqda daha sürətli və effektiv müdafiə reaksiyasının formalaşmasına kömək etməkdir. Peyvənd vasitəsilə immun sistemi virus və ya bakteriyanın müəyyən xüsusiyyətlərini tanıyır, ona qarşı müdafiə mexanizmləri yaradır. Nəticədə insanın həmin xəstəliyə yoluxma ehtimalı, yoluxduğu halda isə xəstəliyi ağır keçirmə riski azalır.

Peyvəndlənmənin əhəmiyyəti yalnız fərdi sağlamlığın qorunması ilə məhdudlaşmır. İnfeksion xəstəliklərin yayılma zəncirinin zəiflədilməsi, həssas əhali qruplarının qorunması və səhiyyə sisteminin üzərinə düşən yükün azaldılması baxımından da vaksinasiya mühüm profilaktik vasitədir. Xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan şəxslər və immun sistemi zəif insanlar infeksiyaların yaratdığı ağırlaşmalara daha həssas olduqları üçün onların qorunması xüsusi diqqət tələb edir.

Qripə qarşı vaksinasiya ağırlaşma riskini azaldır

Mövsümi infeksiyalar arasında qrip xüsusi yer tutur. Bəzən adi soyuqdəymə ilə qarışdırılan bu xəstəlik əslində daha ciddi fəsadlara səbəb ola bilən virus infeksiyasıdır. Qrip yüksək hərarət, baş və əzələ ağrıları, halsızlıq, öskürək, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunur. Xəstəlik bəzi insanlarda nisbətən yüngül keçsə də, xüsusilə risk qruplarında pnevmoniya və digər ağırlaşmalara, hətta həyati təhlükəyə səbəb ola bilər.

Qrip virusunun daim dəyişməsi də bu xəstəliyə qarşı mübarizəni çətinləşdirən amillərdəndir. Məhz buna görə qrip peyvəndləri hər il yenilənir və qarşıdakı mövsümdə daha çox yayılması gözlənilən virus ştammlarına uyğun hazırlanır. Ötən mövsümdə peyvənd olunmaq növbəti mövsümdə də kifayət qədər qorunma təmin etmir. Çünki həm virusların antigen xüsusiyyətləri dəyişir, həm də zaman keçdikcə peyvənddən yaranan immun müdafiə zəifləyə bilər.

Qripə qarşı peyvəndlənmənin əsas üstünlüklərindən biri xəstəliyin ağır keçməsi, xəstəxanaya yerləşdirilmə və ölüm riskini azaltmasıdır. Vaksinasiya qripə yoluxmanı bütün hallarda istisna etməsə də, xəstəliyin daha yüngül keçirilməsinə və ağırlaşmaların qarşısının alınmasına əhəmiyyətli töhfə verir. Bu baxımdan peyvəndlənmə yalnız xəstəlikdən qorunmaq istəyən şəxslər üçün deyil, eyni zamanda, ailə üzvlərinin və ətrafdakı həssas insanların sağlamlığını qorumaq baxımından da vacibdir.

Qripə qarşı vaksinasiya kampaniyası davam edir

Mövsümi qripin yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda da müvafiq profilaktik tədbirlər həyata keçirilir. Əhali arasında qrip və digər respirator infeksiyaların yayılma riskinin azaldılması, eləcə də epidemioloji vəziyyətə nəzarətin gücləndirilməsi məqsədilə ölkəyə qripə qarşı vaksinlər gətirilib.

Səhiyyə nazirinin “2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə” əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiyaya oktyabrın 21-dən başlanılıb. Vaksinasiya prosesi ödənişsiz həyata keçirilir. Vətəndaşlar yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət etməklə peyvənd oluna bilərlər.

Bu kampaniyanın əhəmiyyəti ondan ibarətdir ki, əhali üçün peyvəndə əlçatanlıq təmin olunur və mövsümi qripə qarşı profilaktik müdafiənin genişləndirilməsi üçün imkan yaradılır. Xüsusilə payız-qış aylarında insanların sıx təmasda olduğu kollektivlərdə, təhsil müəssisələrində və iş yerlərində yoluxma ehtimalının yüksək olduğunu nəzərə alsaq, vaksinasiya fərdi sağlamlıqla yanaşı, ictimai sağlamlığın qorunması baxımından da əhəmiyyətlidir.

Peyvəndlənmə digər profilaktik tədbirləri əvəz etmir

Qripə qarşı vaksinasiya ilə bağlı diqqət yetirilməli məqamlardan biri də onun digər respirator virus infeksiyalarından qorunma vasitəsi kimi təqdim edilməməsidir. Qrip peyvəndi məhz qrip virusuna qarşı müdafiə formalaşdırır. Zökəm və digər kəskin respirator virus infeksiyalarının törədiciləri fərqli olduğundan qripə qarşı vaksinasiya həmin xəstəliklərdən birbaşa qorunma təmin etmir.

Bu səbəbdən peyvəndlənmə ilə yanaşı, gündəlik gigiyena qaydalarına əməl edilməsi, əllərin mütəmadi yuyulması, qapalı məkanların havalandırılması, xəstəlik əlamətləri müşahidə olunan zaman digər insanlarla təmasın məhdudlaşdırılması da vacibdir. Xüsusilə qrip əlamətləri olan şəxslərin özbaşına müalicə üsullarına üstünlük verməmələri, həkimə müraciət etməsi və mütəxəssis tövsiyələrinə uyğun davranması xəstəliyin ağırlaşma riskinin azaldılmasına kömək edir.

İnfeksionist-hepatoloq dr. Mərdan Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, qripə qarşı peyvəndlənmə xüsusilə xəstəliyin geniş yayılmasının qarşısının alınması və ağırlaşma riskinin azaldılması baxımından mühüm profilaktik vasitədir. Bu məsələyə diqqət çəkən mütəxəssis qeyd etdi ki, qrip peyvəndinin təsir dairəsini digər respirator infeksiyalarla qarışdırmaq olmaz. Belə ki, yuxarı tənəffüs yollarının infeksiyaları 100-dən çox virus növü tərəfindən törədilsə də, onların arasında ən ağır gedişə malik olanı qripdir.

M. Əliyevin  sözlərinə görə, qrip xüsusilə pnevmoniya kimi ciddi fəsadlara səbəb ola bilər. Peyvəndlənmə isə həm virusa yoluxma riskini azaltmağa, həm də yoluxma baş verdiyi halda xəstəliyi daha yüngül keçirməyə kömək edir. Bu baxımdan xüsusilə aktiv əhali arasında vaksinasiya tədbirlərinin genişləndirilməsi xəstəliyin yayılmasının və onun ağır nəticələrinin qarşısının alınmasında əhəmiyyətlidir.

Nigar Orucova, “İki sahil”