Avropanın enerji təhlükəsizliyi artıq yalnız qış aylarında istehlakçıların fasiləsiz qazla təmin olunması məsələsi deyil. Geosiyasi qarşıdurmalar, beynəlxalq enerji bazarlarında rəqabət, təchizat marşrutlarının həssaslığı və qiymət dəyişkənliyi qitənin enerji siyasətinə daha geniş yanaşmanı zəruri edir. 2026–2027-ci illərin qış mövsümü bu reallığı bir daha təsdiqləyir. Belə bir mərhələdə təkcə təbii qaz ixrac edən ölkə kimi deyil, enerji marşrutlarının şaxələndirilməsində, regional bağlantıların inkişafında və gələcəyin yaşıl enerji sisteminin qurulmasında iştirak edən strateji tərəfdaş kimi Azərbaycanın Avropa üçün əhəmiyyəti artır.
Avropanın üzləşdiyi hazırkı çağırışların miqyası beynəlxalq hesabatlarda da öz əksini tapır. Beynəlxalq Enerji Agentliyinin (IEA) 3 noyabr 2026-cı il tarixli “Global Gas Security Review 2026” hesabatında bildirilir ki, Avropa İttifaqı qaz anbarlarında ehtiyatların 2013-cü ildən bəri ən aşağı səviyyədə olduğu şəraitdə qış mövsümünə daxil olub. Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazından LNG daşımalarına təsir edən məhdudiyyətlər isə qlobal bazarda təklifin azalmasına, Avropa və Asiya arasında resurslar uğrunda rəqabətin güclənməsinə səbəb olub.
Enerji bazarında dəyişən reallıqlar və Avropanın qış sınağı
Avropanın qarşılaşdığı əsas problemlərdən biri qış mövsümünə kifayət qədər qaz ehtiyatı ilə daxil olmaq və mövsüm ərzində təchizatın fasiləsizliyini təmin etməkdir. Avropa Qaz Nəqli Sistemi Operatorları Şəbəkəsinin (ENTSOG) 2026–2027-ci illər üzrə qış təchizatı proqnozuna əsasən, 2026-cı il oktyabrın 1-nə Avropa İttifaqının yeraltı qaz anbarları 72 faiz dolu olub. Bu göstərici son illərin qış mövsümləri ilə müqayisədə aşağı səviyyə hesab edilir. Anbarlardakı ehtiyatların azalması Avropa ölkələrinin boru kəmərləri ilə qaz idxalına və mayeləşdirilmiş təbii qaz tədarükünə ehtiyacını artırır. Havaların kəskin soyuması, texniki nasazlıqlar və ya beynəlxalq marşrutlarda yaranan fasilələr isə bazarda əlavə gərginlik yarada bilər. Xüsusilə LNG yüklərinin məhdudlaşması Avropa ilə Asiya bazarları arasında rəqabəti gücləndirir. Bu rəqabət təkcə təchizatın həcminə deyil, qazın qiymətinə və idxal xərclərinə də təsir göstərir.
IEA-nın hesabatında qeyd olunur ki, 2026-cı ilin mart-oktyabr aylarında Qətər və Birləşmiş Ərəb Əmirliklərindən LNG yükləmələri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 60 milyard kubmetrdən çox azalıb. Qlobal LNG istehsalı həmin dövrdə təxminən 20 milyard kubmetr geriləyib. Agentlik 2026-cı ilin yekununda dünya üzrə LNG təklifinin 3 faiz, yaxud təxminən 20 milyard kubmetr azalacağını proqnozlaşdırır. Nəticədə Asiya və Avropada qaz qiymətləri 2022–2023-cü illərin enerji böhranından bəri ən yüksək səviyyələrə yüksəlib.
Bu mənzərə Avropanın enerji təhlükəsizliyinin bir neçə təchizatçıdan qaz almaqla məhdudlaşmadığını göstərir. İdxal mənbələrinin coğrafiyasının genişləndirilməsi, mövcud boru kəmərlərinin səmərəli istifadəsi, yeni bağlantıların yaradılması və uzunmüddətli müqavilələrin möhkəmləndirilməsi qitənin enerji dayanıqlılığı üçün əsas şərtlərdir.
Azərbaycan qazı Avropanın təchizat şaxələndirilməsində mühüm yer tutur
Azərbaycanın Avropa enerji bazarındakı mövqeyi uzun illər ərzində formalaşdırılmış infrastruktur və beynəlxalq tərəfdaşlıq sisteminə əsaslanır. Cənub Qaz Dəhlizi bu əməkdaşlığın əsas dayağıdır. Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan hasil edilən təbii qaz Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır. Bu marşrut ölkəmizin enerji resurslarını birbaşa Avropa bazarına çıxarmaqla yanaşı, qitənin təchizat mənbələrinin şaxələndirilməsinə də xidmət edir. Dəhlizin Avropa hissəsini təşkil edən Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycan qazını Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropa istehlakçılarına çatdırır. Yunanıstan-Bolqarıstan Interkonnektoru və digər bağlantılar isə Azərbaycan qazının daha geniş bazarlara çıxış imkanlarını artırır. Beləliklə, Cənub Qaz Dəhlizi yalnız nəql infrastrukturu deyil, həm də Avropa ilə Azərbaycan arasında uzunmüddətli enerji tərəfdaşlığının mühüm institusional və iqtisadi platformasıdır.
Azərbaycan Energetika Nazirliyinin məlumatları ölkəmizin bu istiqamətdəki fəaliyyətinin miqyasını aydın göstərir. 2025-ci ildə Avropaya 12,8 milyard kubmetr qaz ixrac edilib. 2026-cı ilin ilk səkkiz ayında bu göstərici 7 milyard kubmetri ötüb. Almaniya və Avstriyaya da Azərbaycan qazının tədarükünə başlanılması ilə Avropa İttifaqına üzv ölkələr arasında ölkəmizdən qaz alan dövlətlərin sayı 10-a çatıb.
2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil olunub. Doqquz ayda ixrac edilən 18,4 milyard kubmetr qazın 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, 1,6 milyard kubmetri Gürcüstana, 1,2 milyard kubmetri isə Suriyaya göndərilib. Bu rəqəmlər Azərbaycanın qaz ixracında Avropa istiqamətinin çəkisini, eyni zamanda, ölkəmizin müxtəlif bazarlarla əməkdaşlığını nümayiş etdirir.
IEA-nın 2026-cı il hesabatında Azərbaycan qazının TAP vasitəsilə Avropa İttifaqı ölkələrinə tədarükünün qarşıdakı qış mövsümündə əsasən mövcud səviyyəyə yaxın qalacağı, boru kəməri ilə əlavə həcmlərin artırılması imkanlarının məhdud olduğu bildirilir. Bu, yeni ixrac hədəflərinin infrastruktur və hasilat layihələri ilə uzlaşdırılmasının vacibliyini göstərir. Bu baxımdan “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan qaz və “Abşeron” yatağının tammiqyaslı işlənməsi Azərbaycanın gələcək qaz potensialının artırılmasında mühüm rol oynaya bilər. Həmin layihələrin reallaşdırılması hasilat bazasının möhkəmlənməsinə, ölkənin ixrac imkanlarının genişlənməsinə və Avropa ilə enerji əməkdaşlığının uzunmüddətli əsaslarının gücləndirilməsinə xidmət edəcək.
Enerji əməkdaşlığı siyasi dialoqun strateji istiqamətidir
Azərbaycanın Avropa ilə enerji münasibətləri yalnız kommersiya müqavilələri və qaz nəqli ilə məhdudlaşmır. Bu sahə dövlətlərarası siyasi dialoqun da əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin Avropa İttifaqı və ayrı-ayrı Avropa ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlərdə enerji təhlükəsizliyi, qaz ixracının artırılması, infrastruktur imkanları və yeni enerji layihələri ardıcıl olaraq müzakirə olunur.
Noyabrın 12-də Dublində keçirilən 9-cu “Avropa Siyasi Birliyi” Sammiti çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü də bu baxımdan əhəmiyyətlidir. Görüşdə Azərbaycanın hazırda Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac etdiyi qeyd olunub, uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb. Tərəflər, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığı və Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında Avropa bazarına yaşıl enerji ixracı üzrə əldə olunmuş razılaşmanı müzakirə ediblər.
Həmin gün Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşdə TAP layihəsinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyindəki rolu xüsusi qeyd olunub. Azərbaycan qazının Avropaya ixracını artırmaq üçün əlavə imkanların mövcudluğu vurğulanıb və bu məqsədlə Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinin nəzərdən keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşdə isə Xəzər və Qara dənizləri birləşdirən enerji və bağlantı layihələrinin inkişaf perspektivləri müzakirə edilib.
Böyük Britaniya ilə münasibətlərdə də enerji əməkdaşlığı mühüm yer tutur. Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri Endi Börnhamla görüşündə 30 ildən artıq davam edən enerji tərəfdaşlığı qeyd olunub, bərpaolunan enerji sahəsində yeni imkanlara diqqət yetirilib. Bu təmaslar Azərbaycanın Avropa ilə enerji əməkdaşlığının həm ənənəvi, həm də yeni istiqamətlər üzrə genişləndiyini göstərir.
Yaşıl enerji Azərbaycanın Avropa bazarına çıxış imkanlarını genişləndirir
Qlobal enerji keçidi Azərbaycanın Avropa ilə tərəfdaşlığı üçün yeni perspektivlər açır. Ölkəmizin Xəzər dənizindəki külək enerjisi potensialı, quru ərazilərdə günəş enerjisi imkanları və elektrik enerjisi infrastrukturunun inkişafı gələcəkdə Avropa bazarına yaşıl enerji ixracı üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında əldə olunmuş razılaşma xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizində istehsal ediləcək bərpaolunan enerjinin Qara dəniz və Avropa istiqamətində ötürülməsi nəzərdə tutulan layihələr Azərbaycanın enerji ixracatçısı kimi rolunu yeni məzmunla zənginləşdirə bilər. Bu təşəbbüslər reallaşarsa, ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, elektrik enerjisinin regional və beynəlxalq bazarlara çatdırılmasında da mühüm iştirakçıya çevriləcək.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqunun 2022-ci ildən davam etməsi bu əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir. 2026-cı ilin oktyabrında Brüsseldə keçirilən dördüncü yüksək səviyyəli enerji dialoqunda qaz təchizatı, TAP-ın ötürücülük imkanları, yaşıl enerji dəhlizləri və elektrik şəbəkələrinin gücləndirilməsi məsələlərinin müzakirəsi tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdiyini göstərir.
Burada mühüm məqam ondan ibarətdir ki, yaşıl enerji layihələri ənənəvi qaz təchizatını əvəz edən deyil, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığını tamamlayan və genişləndirən istiqamət kimi nəzərdən keçirilməlidir. Qaz ixracı yaxın və orta perspektivdə enerji təhlükəsizliyinə töhfə verməkdə davam etdiyi halda, bərpaolunan enerji və elektrik bağlantıları daha uzunmüddətli strateji hədəflərə xidmət edir.
Azərbaycanın enerji potensialı yeni mərhələyə zəmin yaradır
Avropanın 2026–2027-ci illər qış mövsümündə üzləşdiyi təchizat çətinlikləri etibarlı tərəfdaşların və alternativ marşrutların əhəmiyyətini bir daha ön plana çıxarır. Azərbaycanın bu prosesdəki mövqeyi mövcud qaz ixracı, Cənub Qaz Dəhlizi, yeni hasilat layihələri və Avropa ölkələri ilə genişlənən siyasi-iqtisadi əməkdaşlıqla müəyyən olunur.
Eyni zamanda, enerji bazarındakı dəyişikliklər ölkəmiz qarşısında yeni vəzifələr də qoyur. Avropa bazarına əlavə qaz həcmlərinin çıxarılması üçün hasilat və nəql imkanlarının uzlaşdırılması, infrastrukturun inkişafına investisiyaların davam etdirilməsi, uzunmüddətli müqavilə və maliyyələşmə mexanizmlərinin formalaşdırılması vacibdir. Yaşıl enerji layihələrinin reallaşdırılması isə Azərbaycanın enerji ixracının strukturunu genişləndirərək ölkəmizin regional və beynəlxalq mövqelərini daha da gücləndirə bilər.
Beləliklə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu yalnız qış mövsümündə qaz təchizatına töhfə verməklə məhdudlaşmır. Ölkəmiz formalaşdırdığı enerji infrastrukturu, etibarlı tərəfdaşlıq münasibətləri və yeni enerji dəhlizləri ilə Avropanın gələcək enerji arxitekturasında da mühüm yer tutmaq imkanına malikdir. Bu əməkdaşlığın növbəti mərhələsi isə mövcud potensialın konkret layihələrə, yeni investisiyalara və uzunmüddətli iqtisadi nəticələrə çevrilməsindən asılı olacaq.
Orxan Vahidoğlu, “İki sahil”
Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə nəzarəti və xaricdə təhsil proqramı ilə bağlı təkliflər irəli sürüb
Azərbaycan və ABŞ arasında aqrar əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər