19 noyabr 2026 22:14
113

Ümummilli Lider Heydər Əliyevin siyasi fəlsəfəsində Yeni Azərbaycan Partiyası

Bəşəriyyətin müasir dövr siyasi və dövlət idarəçiliyi təcrübəsi göstərir ki, gənc demokratiyaların söykəndiyi mühüm ideoloji dayaqlardan biri hakimiyyət fəlsəfəsidir. Bu həqiqəti bizim üçün Azərbaycanın müstəqilliyini və demokratiyasını tarixi fəlakətdən xilas etmiş Heydər Əliyevin siyasi fəlsəfəsi daha bariz şəkildə sübut etmişdir. Ümummilli Liderimizin hakimiyyət fəlsəfəsinin maddi-mənəvi resursunu Azərbaycan xalqının tarixən formalaşmış azadlıq idealı və müstəqilliyini qorumaq əzmi təşkil edir. Heydər Əliyevin hakimiyyət fəlsəfəsi və psixologiyası barədə fikir, ideya və müddəaları konseptual şəkildə xalqımızın tarixi nikbinlik ideologiyasından bəhrələnmişdir. Onun hələ Azərbaycana rəhbərliyinin birinci mərhələsini əhatə edən 1969-1982-ci illər dövrü də məhz bu mübariz psixologiya üzərində qurulmuşdu.

Ulu Öndər öz dövlətçilik fəaliyyətində həmişə belə bir ideyanı aşılamağa çalışmışdır ki, millətin tarixi inkişafının keyfiyyəti xalqın siyasi iradəsindən və dövlət başçısının insani keyfiyyətlərindən asılıdır. O, müdrik şəxsiyyət kimi tarixi keçmişi düzgün qiymətləndirdiyindən, öz dövrünün həqiqətləri ilə keçmişin dialektikasını aydın dərk etdiyindən sosializm sisteminin məhvini irəlicədən görmüş və özünün Azərbaycana ilk rəhbərliyi dövründə bütün fəaliyyətini gələcək müstəqil Azərbaycanın möhkəm bünövrəsinin hazırlanmasına həsr etmişdir.

Heç də təsadüf sayılmamalıdır ki, Ulu Öndər özünün siyasət fəlsəfəsinin mühüm tərkib hissəsi olaraq milli müstəqilliyi möhkəmləndirmək və inkişaf etdirmək strategiyasını zamanın buna ehtiyac duyduğu bir məqamda işləyib hazırlamış və bu strategiyanın siyasi təşkilatı olaraq 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratmışdır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VIII qurultayında YAP-ın yaranması faktına yüksək qiymət verərək demişdir: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının  təsis qurultayında baş verdi.”

Tarixin Azərbaycana XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini bərpa etmək şansını verməsi məqamında YAP-ın Ümummilli Liderin rəhbərliyi altında sürətlə təşkilatlanması və fəaliyyəti məhz Heydər Əliyevin azadlıq və müstəqllik konsepsiyasının icrası üçün zəruri bünövrə tədbirlərindən idi. Partiyanın qurucusu onun fəaliyyətini bəri başdan aksiom formulla ifadə etmiş, bütövlükdə xalqın aparıcı siyasi gücünün toplaşdığı siyasi təşkilatın məfkurəsini konkret müəyyənləşdirmişdi: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.

Tam müstəqilliyə nail olmaq, onu inkişaf etdirmək xalqın liderindən çox mühüm tarixi məsuliyyət tələb edir. Heydər Əliyev həyata keçirdiyi milli inkişaf strategiyası ilə bu tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Partiyanın yaradılması təklifi ilə müraciət edən “91-lər”ə cavabında Ulu Öndər müstəqil Azərbaycan dövlətini yaşatmaq üçün qarşıda yaxın perspektivdə həlli vacib məsələlər kimi duran ümummilli vəzifələri irəli sürürdüsə, partiyamızın Proqram prinsiplərini o, əbədi müstəqil Azərbaycanın siyasi dövlətçilik nəzəriyyəsi kimi işləyib hazırlamışdı. Bu mənada 34-cü ildönümününü qeyd edən YAP-ın qüdrətini təmin edən ən mühüm amillərdən biri də partiyanın təməl və VII Qurultayda siyasi zamanın çağırışlarına adekvat yenilənən, bütün müasir tendensiyaları və regionda yaranmış yeni reallıqları nəzərə alan ideoloji prinsipləridir. Bu cür zəruri nəzəri ideyaların tərbiyəvi rolunu artırmaq məqsədilə Heydər Əliyev həmişə belə bir konsepsiyadan çıxış edib ki, hər bir siyasətin uğurlu əsasları insanın öz təbiətindədir. Ulu Öndər, eyni zamanda, öz şəxsiyyəti ilə, fəaliyyəti ilə bu insan təbiətinin fenomenal nümunəsini də yaradıb. Həmin ideoloji prinsiplər gəlişigözəl sözlər deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin siyasi mühiti üçün, dövlətçiliyik ideologiyasının vahid məhək daşına çevrilməsi üçün aktuallığı zaman keçdikcə daha da artacaq böyük konsepsiyanın tezisləridir. Ulu Öndər partiya və onun proqram prinsipləri haqqında deyirdi: “Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə, ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır. Bizim partiya xalqı birləşdirmək, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədilə yaranıb”.

2003-cü ildən bəri Prezident İlham Əliyev özünün dövlətimizin başçısı kimi fəaliyyətində Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi dəyişilməz xətt elan etmişdir. Hələ 2019-cu ildə 28 May – Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycan Prezidenti bu barədə deyirdi: “2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik”. Bu il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayında Partiyanın Sədri növbəti dəfə Ulu Öndərin siyasi xəttinin dəyişməz olaraq qaldığını bəyan etdi.

Partiyanın real fəaliyyətində əks olunan fundamental prinsipləri öz siyasi və dövlətçilik fəaliyyətində əsas tutan Heydər Əliyev özünün siyasi hakimiyyət fəlsəfəsində demokratik cəmiyyətin formalaşmasına xüsusi yer ayırmış, demokratiya anlayışını dövlətin ictimai hakimiyyət forması kimi işləyib hazırlamışdır. Ümummilli Lider bu barədə deyirdi: “Demokratiya daim inkişafda, daim hərəkətdə olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir… bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər şeyə tezliklə nail olmaq çətindir”.

Bu baxımdan beynəlxalq münasibətlərin xarakterinin sürətlə dəyişməsi zəminində xaricdən “ixrac olunan demokratiya” anlayışını qətiyyətlə rədd edən Heydər Əliyevin demokratiya nəzəriyyəsinin başlıca mahiyyəti vətəndaşların cəmiyyətin və dövlətin məsul işlərində məsuliyyətli iştirakının təmin edilməsidir. Ümummilli Lider hesab edirdi ki, bundan ötrü insanların təşəbbüskarlığına, hakimiyyəti təmsil edən orqanların fəaliyyətinə, onların xalqla əlaqəsinin möhkəmləndirilməsinə geniş şərait yaratmaq lazımdır. Demokratikləşdirmə prosesi, ilk növbədə milli inkişaf faktoru, qanunçuluğu və hüququ möhkəmləndirmək, seçki sistemini təkmilləşdirmək, vətəndaşların azad fəaliyyətini təmin etməkdir. Göründüyü kimi, hakimiyyət və idarəetmə demokratikləşmə prosesinin nüvəsini təşkil edir. Ona görə də özünün hakimiyyət fəlsəfəsində Heydər Əliyev dövlətçiliyin rasional idarə olunması probleminin həllinə üstünlük vermişdir.

Xalqımızın və müstəqil dövlətçiliyimizin ən ağır günlərində Ulu Öndəri yalnız tarixi keçmişimiz deyil, həm də dövlətçilik ənənələrimiz dərindən düşündürmüşdür. Təsadüfi deyildir ki, Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra hakimiyyət məsələsi ilə məşğul olarkən bu sahədə özünün müdrik prinsipial mövqeyini bildirmişdir. Hakimiyyətlə bağlı görüşlərində Heydər Əliyev belə bir mühüm metodoloji prinsipdən çıxış edirdi ki, hakimiyyət institutunun sosial-siyasi sistemdə optimal fəaliyyəti üçün vətəndaşların davranışı hüquqi normalara və bəşəri dəyərlərə uyğun gəlməli və bunlar bacarıqla əlaqələndirilməlidir. O, müstəqilliyin ilk günlərində Azərbaycan xalqının mənəvi-əxlaqi hüquqlarını nəinki qorumayan, hətta onları pozan iqtidarın səriştəsizliyini çox narahatlıqla, ürək ağrısı ilə qarşılamışdı. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsindən bilirdi ki, hakimiyyət məsələsində insanın və cəmiyyətin mənafelərinin reallaşdırılmasına zəruri şəraiti yaratmaq lazımdır.

Heydər Əliyevin siyasi hakimiyyət fəlsəfəsinə görə siyasətdə obyektiv imkanı gerçəkliyə çevirmək məqsədi ilə cəmiyyətin sosial resurslarından bacarıqla istifadə edərək cəmiyyətin, sosial institutların, fərdlərin optimal fəaliyyətini təmin edən faktoru əsas qanun kimi təsnif etmək olar. Ümummilli Lider özünün idarəetmə fəlsəfəsinin əsas funksiyasından çıxış edərək milli liderin siyasi fəaliyyət konsepsiyasını işləyib hazırlamışdır. Bu nəzəriyyənin potensial imkanları çərçivəsində lider öz fəaliyyətini ictimai həyatın müxtəlif sahələri arasında, yəni cəmiyyətin ümumi mənafeləri ilə vətəndaşların maraqları arasında, beynəlxalq mühitlə milli siyasi mənafe arasında tarazlığı təmin etməyə yönəldir. Bu baxımdan Ulu Öndərin – “Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir”, – devizi daha çox Şərq ölkəsi kimi Azərbaycanın qazandığı zəngin milli dəyərlərlə sintezdə Qərbin qabaqcıl elmi, siyasi, sosial-iqtisadi və texnoloji yeniliklərini əxz və dövlət həyatında tətbiq etmək məqsədinə xidmət edirdi.

Heydər Əliyevin elmi cəhətdən inandırıcı şəkildə yaratdığı, əsaslandırdığı hakimiyyət fəlsəfəsi liderə siyasi hakimiyyət strukturlarında nöqsan buraxmağa, səhv etməyə imkan vermir. Dahi rəhbərin fəaliyyətinin idraki əhəmiyyəti bundadır ki, o, yüksək intellekrtual düşüncəyə malik milli lider olaraq nəinki ümumi inkişaf tendensiyalarını, həmçinin mövcud tarixi məqamda onların meydana gələ bilmə ehtimalını belə nəzərə alırdı. Heydər Əliyevin dünya siyasətində tanınmış lider kimi müvəffəqiyyətlərinin tərkib hissələrindən biri budur ki, o, özünün fəaliyyətində cəmiyyətin intellektual qüvvələrinə söykənir, əsl milli ziyalı sözünə və fikrinə diqqətlə və hörmətlə yanaşır, özünün qurduğu nəhəng siyasi təşkilatda – Yeni Azərbaycan Partiyasında cəmiyyətin bütün təbəqələrinin geniş təmsilçiliyinə böyük əhəmiyyət verirdi. Heydər Əliyevin liderlik fəaliyyətinin çox önəmli cəhətlərindən biri də hadisələrin məqsədinə çatması üçün əsas vəsiləni məharətlə sezməsi, onu yaradıcılıqla həyata keçirməsi idi. Başqa sözlə, Ümummilli Liderin siyasi fəlsəfəsi liderdə öz fəaliyyətində məqsədi düzgün müəyyənləşdirmək şüurunu və ona nail olmağın nəzəri bacarığını birlikdə əxz edir.

Ümummilli Liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindən biri də dövlətçiliyimizin varisliyi problemini uğula həll etməsidir. Bu baxımdan, Ulu Öndərin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciəti böyük əhəmiyyət kəsb edir. Müraciətdə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olunması, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlinin qoyulması, ölkə iqtisadiyyatının yenidən qurularaq inkişaf yoluna çıxarılması, bütün müvafiq təsisatlara malik güclü, demokratik Azərbaycan dövlətinin qurulmas, müstəqilliyimizin dönməzliyinin təmin edilməsi kimi taleyüklü vəzifələrin uğurla həll edildiyini qeyd edən dahi lider artıq tarixə qovuşmuş keçmiş Qarabağ münaqişəsinin yaranma və hələ də o zaman üçün qalması ilə bağlı ürək ağrısı ilə səbəblərə toxunaraq inamla deyirdi: “Daxildə ölkə vətəndaşları bir-birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, dövlətimizi və dövlətçiliyimizi məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildi. Biz bütün bunların qarşısını aldıq. Lakin xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik”.

Məhz bu inam ətrafında birləşən xalqımız 23 il əvvəl cənab İlham Əliyevi Azərbaycana ilk dəfə prezident seçməklə bu ağır problemin də həllində misilsiz uğura nail oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror əməliyyatında Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı Prezident İlham Əliyevin müdrik və qətiyyətli mövqeyi, xalqımızın milli birliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına ölkəmiz öz ərazi bütövlüyünü və tam suverenliyini təmin etdi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin obyektiv elmi və siyasi prinsipləri Azərbaycanın bugünkü və gələcək müstəqilliyinin möhkəm əsaslarının yaradılmasında mükəmməl ideoloji zəmin rolunu oynamışdır. Bu gün Azərbaycanda müdrik dövlət xadimi, böyük strateq, görkəmli dövlət başçısı və siyasətçi Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətçiliyimiz üçün Ulu Öndər və partiya tandeminin əbədiyaşarlığını özünəməxsus şəkildə belə ifadə etmişdir: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur”.

Bu gün möhtərəm Prezidentimiz YAP-ın Proqram prinsiplərini dönmədən həyata keçirməklə, həm müstəqil dövlətçiliyimizi XXI əsrin sürətlə dəyişən yeni siyasi tələblərinə adekvat inkişaf etdirir, həm də müasir siyasi tariximizin yaradıcısı kimi partiyamızın cəmiyyətdəki rolunun daha da artmasını təmin edir.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent