19 noyabr 2026 18:22
86

Yazıçılar Birliyində Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib - FOTO

Noyabrın 19-da Azərbaycan Yazıçılar Birliyində Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə yazıçılar, Milli Məclisin deputatları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, ictimai-siyasi xadimlər, media nümayəndələri, müəllifin yaxınları, ailə üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu kitab və ana dili məsələsinin milli təhlükəsizlik baxımından əhəmiyyətinə diqqət çəkib.

O bildirib ki, insan ilk siniflərdən etibarən ana dilinin daşıyıcısına çevrilir və ömrü boyu bu dildə düşünür, danışır və fikirlərini ifadə edir.

“İnsanlar ölür, insanlar əsir düşür, amma heç kim sözün boynuna qandal keçirildiyini görməyib. Azər Qarayevin kitabı müəllifin uzun illər ərzində qazandığı təcrübəni, iştirak etdiyi əməliyyatları və dövlətin prioritet məsələlərinə münasibətini əks etdirən məqalələr toplusudur”, – deyə S.Babullaoğlu qeyd edib.

S.Babullaoğlu kitabın ön sözünün də mövzunu əhatəli şəkildə təqdim etdiyini bildirib və ictimaiyyətin nəşrlə bağlı müzakirələrə qoşulacağına, oxucuların öz fikirlərini bölüşəcəyinə ümidvar olduğunu söyləyib.

Daha sonra çıxış edən Trend BİA-nın direktor müavini, əməkdar jurnalist Sahil Kərimli kitabın gənc nəslin milli-mənəvi dəyərlər və dövlətçilik prinsipləri əsasında yetişdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Azərbaycan təhlükəsizlik orqanlarının veteranlarının zəngin həyat və xidmət təcrübəsi gələcək nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynaya bilər.

“Onların illər boyu əldə etdikləri təcrübə və peşəkar yanaşmalar gələcək nəslin dünyagörüşünün formalaşmasına, hadisələrə daha dərindən və obyektiv baxış sərgiləməsinə mühüm töhfə verəcəkdir. “Təhlükəsizlik prizmasından baxış” kitabının əsas məqsədlərindən biri gənclərin maarifləndirilməsi, onların analitik düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və milli maraqlara həssas münasibətin formalaşdırılmasıdır”, – deyə S.Kərimli qeyd edib.

S.Kərimli diqqətə çatdırıb ki, kitabda ümummilli lider Heydər Əliyevin yaratdığı milli idarəetmə strategiyası və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi geniş işıqlandırılıb. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat tədbirləri, 44 günlük Vətən müharibəsi və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərə də yer verilib.

Kitabın müəllifi, Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, istefada olan polkovnik Azər Qarayev isə nəşrin adının seçilməsinə aydınlıq gətirib. O bildirib ki, peşə fəaliyyətinin xüsusiyyətləri və dövlətin inkişafında təhlükəsizliyin rolu onu məsələlərə məhz bu prizmadan yanaşmağa vadar edib.

“Biz hər şeyə təhlükəsizlik prizmasından baxırıq. Təhlükəsizlik olmadan heç bir inkişaf mümkün deyil. İqtisadiyyat, maliyyə və dövlətin digər sahələrində baş verən proseslərə də bu baxımdan yanaşıram. Bizim əsas diqqətimiz hər zaman dövlətin təhlükəsizliyi olub”, – deyə A.Qarayev bildirib.

O, kitabın ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib. A.Qarayev nəşrin ilk fəslinin ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və bu sahədə həyata keçirdiyi işlərə həsr olunduğunu da diqqətə çatdırıb.

Tədbirdə çıxış edən hüquq elmləri doktoru, əməkdar müəllim İbrahim Quliyev “Təhlükəsizlik prizmasından baxış” kitabını məzmun və mahiyyət baxımından mühüm nəşr kimi qiymətləndirib. O, kitabın təqdimatını Azərbaycan ictimaiyyəti üçün əlamətdar hadisə adlandırıb.

İ.Quliyev bildirib ki, dövlətin mövcudluğu, inkişafı və vətəndaşların hüquqlarının qorunması ilk növbədə təhlükəsizliyin təmin olunmasından asılıdır.

“Dövlətin təhlükəsizliyi olmadan dövlət mövcud ola, yaşaya və əbədi ola bilməz. Dövlət öz vətəndaşlarının hüquqlarını da lazımi səviyyədə müdafiə edə bilməz. Azərbaycan müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik konsepsiyası hazırlanıb. Onun həyata keçirilməsi aidiyyəti qurumlara, ilk növbədə bu sahəyə cavabdeh olan hüquq-mühafizə orqanlarına həvalə edilib”, – deyə o qeyd edib.
Kitabın ölkənin ictimai-siyasi tarixinin öyrənilməsi baxımından əhəmiyyətinə toxunan İ.Quliyev nəşrdə Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun əks olunduğunu bildirib.

“Bu kitab tarix olmaqla yanaşı, müəllifin vətəndaşlıq mövqeyinin də ifadəsidir. Azər müəllimin keçdiyi həyat yolu müasir gənclərimiz üçün örnək olmalıdır. İctimai-siyasi sabitliyin qorunması təkcə ölkə rəhbərinin deyil, hər bir vətəndaşın borcudur. Dövlətin təhlükəsizliyinin nə demək olduğu, onun qorunmasının nə qədər məsuliyyətli vəzifə olduğu xüsusilə gənclərimizə çatdırılmalıdır”, – deyə İ.Quliyev əlavə edib.

O, kitabın maarifləndirici və ideoloji əhəmiyyət daşıdığını vurğulayaraq bu istiqamətdə təbliğatın daha geniş auditoriyaya çatdırılmasının vacibliyini bildirib.

Tədbirdə çıxış edən istefada olan DTX polkovniki Elşad Qoca Azər Qarayevin peşəkarlığını və təhlükəsizlik orqanlarında qazandığı təcrübəni xüsusi vurğulayıb. O, birgə xidmət fəaliyyəti dövründə Azər Qarayevin peşəkar keyfiyyətlərinin dəfələrlə şahidi olduğunu bildirib.

E.Qoca qeyd edib ki, Azər Qarayev ümummilli lider Heydər Əliyevin yaratdığı peşəkarlıq məktəbinin layiqli nümayəndələrindəndir.

“Onun dövlət təhlükəsizliyi orqanlarında qazandığı təcrübə və xidmətləri xüsusi qeyd olunmalıdır. Fəxri əməkdaş adını daşımaq hər kəsə nəsib olmur. Mən Azər müəllimin nə qədər təcrübəli, səriştəli və peşəkar əməkdaş olduğunun dəfələrlə şahidi olmuşam”, – deyə o bildirib.

DTX-nin fəxri əməkdaşı Şahin Sayılov çıxışında Azər Qarayevin peşəkarlığını, təhlükəsizlik orqanlarının əməkdaşlarına göstərdiyi dəstəyi və hadisələrin araşdırılmasındakı rolunu xüsusi vurğulayıb. O, Azər Qarayevin terror və təxribat hadisələrinin açılmasında əməliyyatçılara hər zaman yaxından kömək etdiyini bildirib.

Ş.Sayılov müəllifin “Təhlükəsizlik prizmasından baxış” kitabını yüksək qiymətləndirib.

“Bu kitab bizim tariximizdir. Hesab edirəm ki, akademiyanın və təhlükəsizlik orqanlarının əməkdaşlarının stolüstü kitabına çevriləcək”, - deyə o bildirib.

Tədbirdə çıxış edən Real Təhlil və İnformasiya Mərkəzinin direktoru Mirşahin Ağayev kitabın müasir dövrdə milli təhlükəsizliyin qorunması və cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra əsas vəzifələrdən biri milli təhlükəsizliyin və hər bir vətəndaşın qorunmasıdır.

M.Ağayev qeyd edib ki, müasir dövrdə təhlükəsizlik təhdidləri də dəyişib və artıq dövlətlərin işğalı üçün böyük hərbi resurslardan istifadə etmək zərurəti yoxdur.

“Bir vaxtlar ölkələr bir-birinin ərazilərini ələ keçirmək üçün böyük ordular, tanklar, toplar və artilleriya yaradırdılar. İndi isə işğalın daha asan yolları var. Üç-beş manat xərcləməklə, meqabaytlar vasitəsilə insanları təsir altına salmaq son dərəcə asandır. Belə bir dövrdə təhlükəsizlik məsələsindən bəhs edən kitabların, müqavimət vasitələrinin və milli ideologiyanın qorunması xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib.

M.Ağayev vurğulayıb ki, “Təhlükəsizlik prizmasından baxış” kitabında yalnız müəllifin şəxsi təəssüratları deyil, həm də araşdırılmış faktlar əsasında ümumiləşdirmələr və nəticələr yer alıb.

O əlavə edib ki, dövlət müstəqilliyinin qorunması hər bir vətəndaşın məsuliyyətidir.

“Hər bir Azərbaycan vətəndaşının evində dövlət sərhədi var. Sərhədçilərimiz ölkənin sərhədlərində keşik çəkirlər, amma hər birimizin yaşadığı mühit də bir gözətçi məntəqəsidir. Hər bir vətəndaş düşünməlidir ki, mən öz evimdə, ailəmdə Azərbaycan dövlətini necə qoruyuram? Əgər istəyiriksə ki, Azərbaycan Respublikası müstəqilliyini əbədi qoruyub saxlasın, bunun yollarından biri də məhz belə kitablardan keçir”, – deyə M.Ağayev qeyd edib.

O, Azər Qarayevə təşəkkürünü bildirərək kitabın geniş oxucu auditoriyası tərəfindən yalnız nəzərdən keçirilməməli, həm də diqqətlə oxunmalı olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən müəllifin dostu Uğur Həsənov Azər Qarayevlə uzun illərə söykənən tanışlığından və onun peşəkar fəaliyyətindən danışıb. O bildirib ki, Azər Qarayevlə təxminən 50 ildir tanışdır və birgə fəaliyyət dövründə onun məsuliyyətinin, təşkilatçılıq bacarığının və işgüzarlığının dəfələrlə şahidi olub.

U.Həsənov qeyd edib ki, Azər Qarayev xüsusilə çətin və mürəkkəb dövrlərdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayıb.

“Azər müəllimlə ilk tanışlığımız Daşkəsəndə fəaliyyət göstərdiyimiz dövrdən başlayıb. O zaman onun gənc yaşına baxmayaraq, nə qədər məsuliyyətli, işgüzar və kömək etməyə hazır insan olduğunu görürdüm. Birlikdə çalışdığımız illərdə onun peşəkarlığına və dövlətə xidmətinə dəfələrlə şahid olmuşam. Bu gün onun uzun illərin təcrübəsini və gördüyü işləri kitab şəklində oxuculara təqdim etməsi təqdirəlayiqdir”, – deyə o bildirib.

U.Həsənov Azər Qarayevin kitabının onun zəngin həyat və xidmət yolunun, dövlətə və xalqa bağlılığının təqdimatı baxımından əhəmiyyətli olduğunu vurğulayaraq müəllifi nəşr münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin fəxri əməkdaşı, ehtiyatda olan polis polkovniki Rahib Qarayev Azər Qarayevin yalnız peşəkar fəaliyyəti ilə deyil, dövlətə və milli maraqlara münasibəti ilə də hörmət qazandığını bildirib.

O qeyd edib ki, “Təhlükəsizlik prizmasından baxış” kitabı gənc əməkdaşlar və gələcək nəsil üçün dəyərli mənbədir.

“Bu kitab sadəcə müxtəlif illərdə mətbuatda dərc olunmuş məqalə və müsahibələrin toplusu deyil. Burada Azərbaycan dövlətçiliyi ənənələri, milli təhlükəsizlik məsələləri, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması, regionda baş verən proseslər və tarixi hadisələr müəllifin peşəkar baxış bucağından təqdim olunur.

Nəşrin mühüm cəhətlərindən biri də onun gənc nəslə ünvanlanmasıdır. Çünki dövlətçilik həm də milli yaddaş, vətənə bağlılıq, məsuliyyət, milli maraqları dərk etmək və qorumaq düşüncəsidir. Bu baxımdan peşəkar təcrübənin gələcək nəsillərə ötürülməsi olduqca əhəmiyyətlidir”, – deyə R.Qarayev bildirib.

O, Azər Qarayevin uzun illər ərzində qazandığı təcrübəni kitab vasitəsilə oxucularla bölüşməsini təqdirəlayiq hesab edib və müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Afət Həsənova “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatını yalnız nəşr hadisəsi deyil, həm də ictimai-siyasi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirib.

O bildirib ki, kitabda yeni fikir, düşüncə və məlumatlar əksini tapır və nəşr xüsusilə gənc nəslin maarifləndirilməsi baxımından əhəmiyyətlidir.

A.Həsənova qeyd edib ki, Azər Qarayevin uzun illər təhlükəsizlik orqanlarında çalışması və ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə yaxından tanışlığı kitabın məzmununa xüsusi dəyər qatır.

"Dünyanın təlatümlü bir dövründə, ictimai-siyasi və geosiyasi proseslərin anbaan dəyişdiyi bir zamanda belə kitabların işıq üzü görməsi mühüm hadisədir. Xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı bu cür nəşrlərin təqdimatında tez-tez iştirak etmirik. Hesab edirəm ki, Azər müəllimin kitabında məxfilik qanunvericiliyinin imkan verdiyi çərçivədə bir sıra mühüm məqamlar açıqlanıb. Məlumatım var ki, bu kitab artıq Dövlət Təhlükəsizliyi Akademiyasında dərslik kimi tövsiyə olunub”, – deyə deputat bildirib.

O, müasir dövrdə ideoloji işin və milli birliyin əhəmiyyətinin daha da artdığını vurğulayıb.

“Bu gün kənar dövlətlərdən gələn təhdidlər bizi dövlət başçısının ətrafında daha sıx birləşməyə çağırır. Dövlət ideoloji cəhətdən nə qədər möhkəm olarsa, bir o qədər yenilməz olar. Hesab edirəm ki, belə kitabların təqdimatları nə qədər çox keçirilsə, cəmiyyət üçün bir o qədər faydalı olar”, – deyə A.Həsənova əlavə edib.

Deputat Azər Qarayevə yeni yaradıcılıq uğurları arzulayıb və onun qələmindən gələcəkdə də belə nəşrlərin çıxacağına ümidvar olduğunu bildirib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri Vüqar İmanov çıxışı zamanı Azər Qarayevin informasiya müharibəsindəki roluna toxunub. O bildirib ki, müasir dövrdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyır. V. İmanov qeyd edib ki, Azər Qarayev öz fikirləri və yazıları ilə informasiya müharibəsində ön cərgədə yer alır. Onun sözlərinə görə, kitabda yer alan fikirlərin yalnız Azərbaycan dilində deyil, xarici dillərdə də yayılması vacibdir. “Bu gün çox güclü informasiya müharibəsi gedir və siz bu mübarizədə ön cərgədəsiniz. Azərbaycan haqqında fikirlərinizi və həqiqətləri insanlara çatdırmağa çalışırsınız. Bu məlumatların doğma dilimizlə yanaşı, müxtəlif xarici dillərdə də yayılması vacibdir. Təklif edərdim ki, kitab PDF formatında, yaxud məqalələriniz toplanaraq rus və ingilis dillərində müxtəlif platformalarda yerləşdirilsin. Çünki biz bu kitabı oxuduq, məlumatlandıq, amma Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir”.

Azər Qarayev kitabın təqdimatında sonunda tədbir iştirakçılarına təşəkkür edib və kitabın ikinci cildini yazacağını bildirib.

O deyib ki, kitabın təqdimatı onun üçün əsl bayramdır. Uzun müddət ərzində kitab üzərində işlədiyini qeyd edən müəllif tədbirə qatılanlara minnətdarlığını ifadə edib:

“Bu gün təqdimata gəlmisiniz. Mənim üçün bu kitabın təqdimatı bayramdır. Uzun müddət bu kitabın üzərində işləmişəm. Gözləmirdim ki, belə bir tədbir keçirilər. Gəldiyiniz və mənim bayramımı sevinclə qarşıladığınız üçün hər birinizə təşəkkür edirəm. Söz verirəm ki, kitabın ikinci cildinə də başlayacağam. İnşallah, Allah ömür versə, yenə görüşəcəyik”

Azər Qarayev çıxışını təşəkkür və xoş arzularla yekunlaşdırıb. (Trend)