Siyasi partiyanın cəmiyyətdəki mövqeyi yalnız tarixi, üzvlərinin sayı və seçkilərdə əldə etdiyi nəticələrlə deyil, xalqın maraqlarını nə dərəcədə ifadə etməsi, dövlətin inkişafına verdiyi töhfə və müasir çağırışlara cavab vermək qabiliyyəti ilə müəyyən olunur. Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti bu baxımdan zəngin siyasi təcrübə, ardıcıl inkişaf və dövlətçilik məsuliyyəti nümunəsidir. Partiyanın keçdiyi yol Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır.
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkənin mürəkkəb ictimai-siyasi şəraitində xalqın istək və arzularının ifadəsi idi. Həmin dövrdə dövlət müstəqilliyi ciddi təhlükələrlə üzləşmiş, siyasi böhran dərinləşmiş, idarəetmə sistemi zəifləmişdi. Müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Ümummilli Lider Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqın Ona olan etimadının və böyük dövlətçilik təcrübəsinə verdiyi yüksək qiymətin göstəricisi oldu.
YAP yarandığı ilk gündən milli maraqların qorunmasını, müstəqilliyin möhkəmləndirilməsini və ictimai-siyasi sabitliyin təmin olunmasını əsas prioritetlər kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən strategiyası nəticəsində ölkədə xaos və qarşıdurma meyillərinin qarşısı alındı, dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi, Azərbaycanın gələcək inkişafı üçün zəruri siyasi və iqtisadi zəmin yaradıldı. Partiya qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini, ziyalıları, gəncləri, qadınları və müxtəlif peşə sahələrinin nümayəndələrini birləşdirən geniş siyasi platformaya çevrildi. Ümummilli Liderin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın siyasi fəlsəfəsini və davamlı inkişaf strategiyasını dolğun ifadə edir. Bu yanaşma tarixi təcrübəyə söykənməklə yanaşı, müasir dövrün tələblərinə uyğun yenilənməyi də nəzərdə tutur.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın inkişafında yeni mərhələ oldu. İqtisadi potensialın daha da gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionlarda infrastruktur layihələrinin reallaşdırılması, sosial proqramların genişləndirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi ölkənin hərtərəfli tərəqqisinə xidmət etmişdir. 2005-ci il martın 26-da keçirilən Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi və yeni dövrün çağırışlarına uyğun inkişafı baxımından mühüm mərhələ olmuşdur.
2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, təşkilati strukturunun təkmilləşdirilməsi və ideoloji prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ kimi yadda qaldı. Qurultayda Nizamnaməyə dəyişikliklər edildi, yeni idarəetmə strukturları formalaşdırıldı və Birinci vitse-prezident Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Həmin il dekabrın 29-da təsdiqlənən yeni Proqramda güclü dövlət, dayanıqlı iqtisadiyyat, sosial rifah, insan kapitalının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və vətəndaş həmrəyliyi əsas prioritetlər kimi müəyyənləşdirildi.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkənin siyasi və geosiyasi mövqeyində yeni reallıqların formalaşmasına zəmin yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası, 2023-cü il sentyabrın 20-də isə suverenliyin tam təmin edilməsi dövlətimizin qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Bu yeni reallıqlar Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın təmin edilməsi və ölkənin inkişaf potensialının genişləndirilməsi kimi mühüm vəzifələri gündəmə gətirdi.
YAP-ın ictimai nüfuzunun mühüm göstəricilərindən biri də seçkilərdə əldə etdiyi nəticələrdir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin 92,12 faiz səslə qələbə qazanması, həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində YAP-ın 68 mandat əldə etməsi partiyanın siyasi mövqeyini bir daha nümayiş etdirdi. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə partiyanın 5855 namizədi qalib gəldi. Bu nəticələrdə yerli təşkilatların, seçicilərlə davamlı əlaqələrin və ictimai təşəbbüslərin dəstəklənməsinin mühüm rolu var.
2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı partiyanın qarşısında dayanan yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə olub. Prezident İlham Əliyev qurultaydakı çıxışında siyasi sabitlik, milli birlik, təhlükəsizlik, ideoloji dayanıqlılıq və müstəqil xarici siyasət məsələlərinə toxunub. Dövlət başçısı ideoloji təhlükəsizliyin təmin edilməsində təhsilin, bilik və vətənpərvərliyin əhəmiyyətini vurğulayıb. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqlənib, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.
Müasir dövrdə siyasi fəaliyyətin mühüm istiqamətlərindən biri də ideoloji təhlükəsizliyin qorunmasıdır. İnformasiya texnologiyalarının və sosial şəbəkələrin ictimai rəyə təsirinin artdığı şəraitdə milli maraqların müdafiəsi, tarixi həqiqətlərin düzgün çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi xüsusi aktuallıq daşıyır. Yeni Azərbaycan Partiyasının siyasi gücü tarixi ənənələrlə müasir inkişaf strategiyasının vəhdətindən qaynaqlanır. Qarşıda duran əsas vəzifə ictimai etimadı əməli fəaliyyətlə doğrultmaq, dövlətçilik maraqlarına xidmət edən təşəbbüsləri genişləndirmək və Azərbaycanın strateji hədəflərinin reallaşdırılmasına töhfə verməkdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi partiyanın gələcək fəaliyyətinin əsas istiqamətini təşkil edir.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı