19 noyabr 2026 13:11
126

Ağdam şəhəri: quruculuq siyasətinin möhtəşəm nəticələri

Ağdam Azərbaycan xalqının yaddaşında yalnız coğrafi məkan və ya Qarabağın qədim şəhərlərindən biri kimi yaşamır. Ağdam milli kimliyimizin, tarixi yaddaşımızın, mənəvi dəyərlərimizin, qurub-yaratmaq əzmimizin və Vətənə bağlılığımızın mühüm ünvanıdır. Bu şəhərin taleyi Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb tarixi yolun, üzləşdiyi faciələrin, göstərdiyi müqavimətin və qazandığı möhtəşəm Zəfərin canlı salnaməsidir.

20 noyabr – Ağdam Şəhəri Günü xalqımız üçün xüsusi siyasi, tarixi və mənəvi məna daşıyır. Bu tarix həm uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsinin, həm də dağıdılmış şəhərin yenidən həyata qaytarılmasının rəmzidir. Ağdamın taleyində əks olunan ağrı və qürur, itki və qələbə, dağıntı və quruculuq Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdam haqqında səsləndirdiyi fikirlər bu tarixi missiyanın mahiyyətini aydın ifadə edir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu bəyanat sadəcə siyasi vəd deyil, Azərbaycanın tarixi torpaqlarına qayıdış, dağıdılmış şəhər və kəndlərin bərpası, insanların doğma yurdlarında təhlükəsiz və ləyaqətli yaşayışının təmin edilməsi istiqamətində müəyyənləşdirilmiş qətiyyətli strateji xəttin ifadəsi idi. Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı layihələr həmin siyasi iradənin real nəticələridir.

Ağdamın tarixi onun adının etimologiyasından başlayaraq özünəməxsus mədəni və mənəvi məzmun daşıyır. Mövcud izahlardan birinə görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını ifadə edir. Digər izaha əsasən, XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xanın bu ərazidə ağ daşdan imarət tikdirməsi şəhərin adının “ağ ev”, “işıqlı, nurlu məkan” anlayışları ilə əlaqələndirilməsinə səbəb olub.

1930-cu ildə inzibati rayon kimi yaradılan Ağdam 1094 kvadratkilometr ərazini əhatə edir. Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən rayon münbit torpaqları, su ehtiyatları və əlverişli coğrafi mövqeyi ilə seçilir. Ağdamın qədim yaşayış məskəni olması da onun tarixi əhəmiyyətini artırır. XX əsrin 50-ci illərindən aparılan arxeoloji tədqiqatlar, xüsusilə Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri bu ərazidə insanların minilliklər boyu yaşadığını təsdiqləyir. Tapılan taxıl və üzüm qalıqları burada qədim əkinçilik, maldarlıq və sənətkarlıq ənənələrinin mövcudluğunu göstərir. Üzərriktəpənin Qafqazın qədim şəhərtipli yaşayış məskənlərindən biri kimi qiymətləndirilməsi Ağdamın regionun sivilizasiya tarixindəki mövqeyini bir daha təsdiqləyir.

Ağdamın müasir tarixində ən ağır mərhələ 1993-cü ilin iyul ayı ilə bağlıdır. Şəhər uğrunda 42 gün davam edən döyüşlər 23 iyul 1993-cü ildə Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələndi. Rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kənd işğal olundu. Təxminən 128 min insan doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal nəticəsində Ağdamın iqtisadi, sosial və mədəni infrastrukturu sistemli şəkildə dağıdıldı. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarəsi, 99 klubu və digər sosial obyektləri məhv edildi və ya yararsız vəziyyətə salındı. Dünyada yeganə olan Ağdam Çörək Muzeyinin dağıdılması mədəni irsimizə qarşı törədilmiş vandalizmin ən ağrılı nümunələrindən biri oldu. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. Rayon sakinləri Azərbaycanın 59 rayonunda, 875 yaşayış məntəqəsində məskunlaşmağa məcbur qaldılar. Bu rəqəmlərin hər birinin arxasında yarımçıq qalmış həyat, dağılan ailə və doğma torpağına qayıtmaq ümidi ilə yaşayan insanların nisgili dayanır.

1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin beynəlxalq hüququn bu tələbi uzun illər yerinə yetirilmədi. Bu fakt göstərdi ki, ədalətin bərpası üçün beynəlxalq hüquq normaları ilə yanaşı, siyasi iradə və güclü dövlətçilik mexanizmləri də vacibdir. İşğal dövründə tarixi və dini abidələrin dağıdılması, qəbiristanlıqların təhqir edilməsi, yaşayış məntəqələrinin talan olunması Ağdamın tarixi kimliyinə qarşı yönəlmiş vandalizmin tərkib hissəsi idi. Təsadüfi deyil ki, işğaldan sonra şəhər “Qafqazın Xirosiması” adlandırıldı.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Ağdamın taleyində həlledici dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun Ermənistanın işğalı altında qalmış hissəsi Azərbaycana qaytarıldı. Beləliklə, yeni hərbi əməliyyatlara və əlavə insan tələfatına yol verilmədən rayonun azad olunması təmin edildi. Bu hadisə Azərbaycanın hərbi-siyasi gücünün, diplomatik imkanlarının və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin mühüm nəticəsi idi. Noyabrın 23-də dövlət başçısının Ağdama səfəri, şəhərdə Azərbaycan Bayrağının ucaldılması və dağıdılmış Cümə məscidinin ziyarət edilməsi tarixi hadisələr kimi yadda qaldı. Bu səfər Azərbaycanın dağıdılmış şəhərləri ilə barışmayacağının, tarixi torpaqlarını dirçəldəcəyinin və vətəndaşlarını doğma yurdlarına qaytaracağının aydın mesajı idi.

2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçısının sərəncamları ilə 5790 hərbi qulluqçunun bu medalla təltif olunması Ağdamın azadlığı uğrunda xidmət göstərmiş hərbçilərimizin fədakarlığına verilən dövlət qiymətidir. 2023-cü il iyulun 31-də imzalanmış Sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü elan olundu. Bu qərar Zəfər tariximizin və milli yaddaşımızın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün Ağdamda həyata keçirilən işləri yalnız tikinti-quruculuq prosesi kimi qiymətləndirmək düzgün olmaz. Burada Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi yeni inkişaf modelinin mühüm istiqamətləri formalaşır. 2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu prosesin strateji əsasını yaratdı. Baş plana əsasən, gələcəkdə Ağdamda 100 min nəfərədək əhalinin yaşaması nəzərdə tutulur. Şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, sosial infrastrukturun qurulması, təhsil və səhiyyə müəssisələrinin inşası, parkların salınması və müasir mühəndis-kommunikasiya şəbəkələrinin yaradılması planlaşdırılıb.

Artıq yaşayış məhəllərində tikinti və məskunlaşma işləri həyata keçirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin istifadəyə verilməsi kənd yaşayış məntəqələrinin də mərhələli şəkildə dirçəldildiyini göstərir. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərində aparılan işlər Böyük Qayıdışın coğrafiyasını genişləndirir. Əsas məsələ yalnız evlərin tikilməsi deyil. İnsanların doğma yurdlarında rahat yaşaması üçün iş yerlərinin, məktəblərin, xəstəxanaların, nəqliyyat və kommunal xidmətlərin yaradılması vacibdir. Çünki dayanıqlı məskunlaşma bütöv yaşayış mühitinin formalaşdırılmasından asılıdır.

Ağdamın iqtisadi dirçəlişində Ağdam Sənaye Parkı xüsusi yer tutur. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan və 190 hektar ərazini əhatə edən parkın əsas məqsədi yerli istehsalı inkişaf etdirmək, sahibkarlığı stimullaşdırmaq və yeni iş yerləri yaratmaqdır. 2026-cı il üzrə təqdim edilən göstəricilərə əsasən, sənaye parkında ümumi investisiya həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam edir. Sahibkarlar tərəfindən 115 milyon manatdan artıq investisiya yatırılıb və 964 nəfər daimi işlə təmin olunub. Bu göstəricilər Ağdamın iqtisadi həyatında yeni mərhələnin başlandığını təsdiqləyir. Sənaye Parkı yerli əmək ehtiyatlarının iqtisadi proseslərə cəlb edilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, Qarabağda yeni iqtisadi əlaqələrin yaranmasına imkan yaradır. Gələcəkdə sənaye, kənd təsərrüfatı, logistika və emal sektorlarının qarşılıqlı inkişafı rayonun iqtisadi potensialını daha da gücləndirəcək.

Müasir şəhərin inkişafında nəqliyyat infrastrukturu da mühüm rol oynayır. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, dəmir yolu xəttinin çəkilməsi və yeni nəqliyyat layihələrinin həyata keçirilməsi Ağdamın regional əlaqələrini gücləndirir. 2025-ci il mayın 10-da açılışı olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bu istiqamətdə mühüm layihələrdəndir. Təxminən 8 hektar ərazini əhatə edən kompleks müasir sərnişindaşıma xidmətlərini bir məkanda birləşdirir. Burada gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, restoran və istirahət zonaları yaradılıb. Kompleks gündəlik 800-1000 dəmir yolu və 1300-1500 avtovağzal sərnişininə xidmət göstərmək imkanına malikdir. Bu layihələr Ağdamın nəqliyyat qovşağı kimi mövqeyini gücləndirməklə yanaşı, sənaye və kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasını asanlaşdırır, investorlar üçün əlverişli logistika mühiti yaradır.

Ağdamın bərpasında tarixi-mədəni irsin qorunması da dövlət siyasətinin mühüm istiqamətidir. Ağdam Cümə məscidinin bərpası, İmarət Kompleksinin yenidən qurulması və Qiyaslı məscidinin bərpadan sonra açılması bu istiqamətdə görülən işlərin nümunələridir. Xüsusilə İmarət Kompleksi Qarabağ xanlığının tarixi irsinin yaşadılması baxımından əvəzsiz əhəmiyyət daşıyır. Pənahəli xanla bağlı tarixi məkanın, Qarabağ xanlarının türbələrinin və digər tikililərin bərpası dövlətçilik tariximizin mühüm səhifələrinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. 2025-ci il mayın 10-da açılmış Muğam Mərkəzi də Ağdamın mədəni dirçəlişində mühüm rol oynayır. 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi və iclas zalları, eləcə də 615 tamaşaçı tutumlu açıq amfiteatrı olan mərkəz muğam sənətinin inkişafı və təbliği üçün yeni imkanlar yaradır. İmarət Kompleksinin, dini abidələrin və Muğam Mərkəzinin bərpası bir həqiqəti təsdiqləyir: Ağdam yalnız tikililəri ilə deyil, ruhu, mədəniyyəti, musiqisi və tarixi ilə də yenidən dirçəlir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən siyasətin ən mühüm nəticəsi insanların doğma torpaqlarına qayıtmasıdır. Çünki şəhərin əsl dirçəlişi yeni binaların tikilməsi ilə deyil, həmin binalarda insanların yaşaması, uşaqların məktəbə getməsi, ailələrin qurulması və ictimai həyatın bərpası ilə ölçülür. Ağdamda Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən məskunlaşma prosesi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Təqdim edilən 2026-cı ilin noyabr ayına aid göstəricilərə əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 2146 ailə, 8300 nəfər doğma torpaqlarına qayıdaraq yeni həyata başlayıb. Bu rəqəmlər uzun illər məcburi köçkün həyatı yaşamış insanların doğma yurdlarına qayıdışının real prosesə çevrildiyini göstərir. Hər açılan ev, fəaliyyətə başlayan məktəb və yaradılan yeni iş yeri Ağdamın həyatına qayıdan insanların gələcəyə inamını gücləndirir. Böyük Qayıdışın davamlılığı üçün məşğulluq imkanlarının genişləndirilməsi, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhsil və səhiyyə infrastrukturunun inkişafı əsas prioritetlər olaraq qalmalıdır. Doğma yurda qayıdış yalnız fiziki məskunlaşma deyil, insanların sosial və iqtisadi həyata tam inteqrasiyası deməkdir.

Ağdamın gələcək inkişafında turizm sektorunun da mühüm yeri var. Rayonun qədim tarixi, mədəni irsi, dini abidələri və Qarabağ xanlığı ilə bağlı məkanları geniş turizm imkanları yaradır. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin istifadəyə verilməsi şəhərin xidmət və turizm sektorunun inkişafına töhfə verir. Gələcəkdə İmarət Kompleksi, Şahbulaq qalası, Ağdam Cümə məscidi, Qiyaslı məscidi və Muğam Mərkəzinin vahid turizm marşrutları çərçivəsində təqdim edilməsi bölgənin cəlbediciliyini daha da artıracaq. Bu, həmçinin yeni xidmət sahələrinin yaranmasına, sahibkarlığın və məşğulluğun genişlənməsinə imkan verəcək.

Prezident İlham Əliyevin Ağdama müntəzəm səfərləri də bərpa prosesinin ardıcıllığını və strateji əhəmiyyətini nümayiş etdirir. 2020-ci il noyabrın 23-də şəhərdə Azərbaycan Bayrağının ucaldılması ilə başlayan proses sonrakı illərdə sistemli quruculuq strategiyasına çevrilib. 2021-ci ildə Bərdə-Ağdam avtomobil yolunun, ilk yaşayış binasının, Sənaye Parkının, Zəfər və İşğal muzeylərinin və məktəbin təməlləri qoyuldu. 2022-ci ildə yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və digər sosial obyektlərin tikintisinə başlanıldı. Həmin ilin oktyabrında Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində, eləcə də dəmir yolu və avtovağzal kompleksində tikinti işlərinin təməli qoyuldu.

2023-cü ildə Bərdə-Ağdam avtomobil yolunun açılışı, Xaçınçay su anbarının istifadəyə verilməsi və yeni yaşayış layihələrinin başlanması infrastruktur imkanlarını genişləndirdi. 2024-cü ildə Cümə məscidinin və İmarət Kompleksinin bərpadan sonra açılması, “Aghdam City Hotel”in istifadəyə verilməsi, Sənaye Parkında yeni müəssisələrin açılması və “İmarət” stadionunun təməlinin qoyulması şəhərin inkişafında mühüm mərhələ oldu.

2025-ci il mayın 10-da Dəmir Yolu və Avtovağzal Kompleksinin, Muğam Mərkəzinin və Kəngərli kəndinin birinci mərhələsinin açılması bərpa prosesinin mühüm nəticələri sırasında yer aldı. Həmin ilin iyulunda Xıdırlı kəndinin birinci mərhələsi, Ağdam şəhər 1 nömrəli tam orta məktəbi, körpələr evi-uşaq bağçası və Qiyaslı məscidi istifadəyə verildi. Dekabr ayında isə “Hilton Garden Inn Agdam” hotelinin, ikinci yaşayış kompleksinin və yeni istehsal müəssisələrinin açılışı Ağdamın inkişafında növbəti mərhələni formalaşdırdı.

2026-cı ildə də bu proses davam etdirilib. İyul ayında Slovakiya Prezidentinin Ağdamın Baş Qərvənd kəndinə səfəri bölgənin beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini nümayiş etdirdi. Noyabrın 7-də Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan işlərlə tanışlıq, yeni istehsal müəssisələrinin açılışı və sənaye layihələrinin inkişafı şəhərin iqtisadi və sosial potensialının genişləndirilməsinə xidmət etdi. Bu hadisələrin ümumi təhlili göstərir ki, Ağdamın bərpası ayrı-ayrı layihələrin təsadüfi məcmusu deyil. Burada siyasi qərarlar, maliyyə resursları, infrastruktur layihələri, iqtisadi təşviqlər və sosial məskunlaşma vahid strateji məqsədə – Qarabağın dayanıqlı inkişafına xidmət edir.

Ağdamda həyata keçirilən proseslərə daha geniş siyasi və iqtisadi kontekstdə yanaşmaq lazımdır. Çünki söhbət yalnız bir şəhərin bərpasından getmir. Ağdam Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə formalaşdırdığı yeni inkişaf modelinin mühüm nümunəsidir. Bu modelin əsasını tarixi ədalətin bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, iqtisadi dayanıqlılığın təmin edilməsi və milli-mədəni irsin qorunması təşkil edir. Sənaye Parkı, nəqliyyat infrastrukturu, turizm obyektləri və kənd təsərrüfatı layihələri şəhərin gələcək iqtisadi inkişafının əsaslarını formalaşdırır. Müasir şəhərsalma prinsipləri əsasında qurulan infrastruktur isə Ağdamı Azərbaycanın regional inkişaf modelinin nümunələrindən birinə çevirir. Əlbəttə, qarşıda görüləsi işlər də az deyil. İlk növbədə, sənaye parkında istehsal güclərinin artırılması, yeni müəssisələrin fəaliyyətə başlaması və yerli əhalinin məşğulluğunun genişləndirilməsi vacibdir. Ağdamın münbit torpaqları və ənənəvi əkinçilik potensialı müasir texnologiyalarla birləşdirilməli, aqrar emal və logistika imkanları inkişaf etdirilməlidir. Digər mühüm istiqamət insan kapitalının formalaşdırılmasıdır. Yeni məktəblər, peşə təhsili müəssisələri və innovasiya mərkəzləri gənclərin əmək bazarına hazırlanmasına xidmət etməlidir. Eyni zamanda, tarixi-mədəni irsin qorunması, turizm marşrutlarının inkişafı və mina təhlükəsinin aradan qaldırılması şəhərin uzunmüddətli inkişafının əsas şərtlərindəndir. Bütün bu vəzifələr bir məqsədə xidmət edir: Ağdamın yalnız yenidən qurulması deyil, gələcək nəsillər üçün təhlükəsiz, iqtisadi cəhətdən güclü, sosial baxımdan dayanıqlı və mədəni baxımdan zəngin yaşayış məkanına çevrilməsi.

20 noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpası və milli qürurun təntənəsi kimi yaşayacaq. Bir zamanlar dağıdılmış, xarabalığa çevrilmiş Ağdam bu gün yeni həyatına qovuşur. Dünən işğalın və vandalizmin simvolu olan şəhərdə bu gün yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sənaye müəssisələri, hotellər, mədəniyyət mərkəzləri və müasir nəqliyyat infrastrukturu yaradılır. Bu dəyişikliklər Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və quruculuq iradəsinin təzahürüdür. Ağdamın taleyi bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt öz tarixi torpaqlarından, milli-mənəvi dəyərlərindən və gələcəyə inamından imtina etməyib. İşğal illərində qəlbimizdə yaşatdığımız qayıdış arzusu bu gün real həyata çevrilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər Ağdamın azadlığını təmin etdi, dövlətin məqsədyönlü siyasəti isə onun yenidən qurulmasına və inkişafına yol açdı. Bu gün Ağdamda ucalan hər yeni bina, açılan hər məktəb, fəaliyyətə başlayan hər müəssisə və doğma evinə qayıdan hər ailə Zəfərin davamıdır. Ağdamın yenidən qurulması gələcək nəsillərə ünvanlanmış mühüm mesajdır: milli iradə, dövlətçilik əzmi və xalq birliyi qarşısında heç bir dağıntı əbədi deyil. Ağdam artıq təkcə keçmişin ağrılarını xatırladan şəhər deyil. O, Azərbaycanın qalib dövlət kimi gələcəyə baxışının, quruculuq qüdrətinin və Böyük Qayıdış siyasətinin canlı təcəssümüdür.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı