27 noyabr 2026 10:13
261

Media nümayəndələri üçün “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda təlim keçirilib

Tədbir çərçivəsində milli texniki reqlamentlərin tələbləri, onların tətbiqinin əhəmiyyəti və qeyri-qida istehlak mallarının təhlükəsizliyinin təmin edilməsində rolu barədə geniş məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media nümayəndələri üçün “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

40-a yaxın media nümayəndəsinin iştirak etdiyi tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev təqdimatla çıxış edib.

Təqdimat zamanı texniki tənzimləmə sisteminin formalaşdırılmasının qanunvericilik əsasları diqqətə çatdırılıb, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən bəhs edilib. Qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində müxtəlif mal kateqoriyalarını əhatə edən 47 milli texniki reqlament layihəsi hazırlanıb. Həmçinin qəbul edilmiş, qüvvəyə minmiş və hazırlanma mərhələsində olan texniki reqlamentlər, onların əhatə etdiyi mal kateqoriyaları diqqətə çatdırılıb.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb, onlara əyani nümunələr əsasında izahlar verilib.