Gürcüstanın Batumi şəhərində saxlanılan Türkiyənin "Beşiktaş" klubunun azarkeşləri sərbəst buraxılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Acarıstan Hökumətinin sədri Zurab Pataradze feysbuk səhifəsində yazıb.
O bildirib ki, fanatların evlərinə qayıtması təmin edilib:
"İnzibati qaydada saxlanılan bütün şəxslər azadlığa buraxılıb və Gürcüstan Daxili İşlər Nazirliyi türk azarkeşlərin heç bir maneə olmadan evlərinə qayıtmasını təmin edib".
Xatırladaq ki, tərəfdarlar "Beşiktaş"ın Batumidə İsrailin "Hapoel" (Beer-Şeva) komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının oyunu vaxtı saxlanılıblar. Qarşılaşmanın birinci hissəsinin ortalarında İstanbul təmsilçisinin fanatlarının olduğu sektorda iğtişaşlar yaşanıb və polis güc tətbiq edib. Matç təxminən yarım saat dayandırıldıqdan sonra davam etdirilib.