27 noyabr 2026 18:54
160

Pekində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Çin Xalq Respublikasında səfərdə olan energetika naziri Pərviz Şahbazov Pekində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutunun (EPPEI) prezidenti Zhou Yi ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsi üzrə aparılan tədqiqatın icra vəziyyəti nəzərdən keçirilib, əməkdaşlığın növbəti mərhələsinin prioritetləri və birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə edilib.

Tədqiqatın yeni günəş və külək elektrik stansiyalarının şəbəkəyə inteqrasiyası, həmçinin elektrik enerjisi sisteminin dayanıqlılığının təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, İnstitut  ilə əməkdaşlıq 2025-ci ildə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə EPPEI arasında imzalanmış “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatı”na dair Saziş çərçivəsində həyata keçirilir. Tədqiqatın yekun hesabatının qısa müddətdə təqdim edilməsi planlaşdırılır.

Energetika naziri səfər çərçivəsində İnstitutun fəaliyyəti və həyata keçirlən layihələrlə də tanış olub.