Bu gün Nobel prospektində "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendi altında növbəti yanacaqdoldurma məntəqəsinin (YDM) rəsmi açılış mərasimi olub.
"SOCAR Petroleum"dan “İki sahil”ə bildirilib ki, bununla da respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 25-ə çatıb. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “SOCAR Petroleum” QSC-nin baş direktoru Toğrul Seyidov, digər rəhbər işçilər və qonaqlar iştirak edib.
SOCAR-ın prezidenti R. Abdullayev yanacaqdoldurma məntəqənin rəsmi açılışını bildirən rəmzi lenti kəsib. Daha sonra R. Abdullayev çıxış edərək bir neçə il əvvəl ölkə Prezidenti İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı söylədiyi sözləri xüsusilə vurğulayıb: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirməlidir”.
Bu prinsiplərə dayanaraq Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyi qeyd edən R. Abdullayev “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin ölkədə əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb.
Daha sonra "SOCAR Petroleum" QSC-nin baş direktoru Toğrul Seyidov tədbir iştirakçılarını yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə və eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış edib. Onun sözlərinə görə yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı və ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. O, qeyd edib ki, bu məntəqələrin hər birində orta hesabla 40 nəfər çalışır.
Tədbirin sonunda SOCAR-ın Prezidenti Rövnəq Abdullayev “SOCAR Petroleum” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə bir daha təbrik edib, əməkdaşlara uğurlar arzu edib. R. Abdullayev “SOCAR Petroleum” QSC-nin əməkdaşlarının qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklərinə, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlarına əmin olduğunu bildirib.
Ceyhun Piriyev