SOCAR-ın Nəqliyyat İdarəsi sifarişçi məmnuniyyətini qazanmaq üçün daim müəssisə və təşkilatlara göstərilən xidmətin səviyyəsini daha da yüksəldir
Bu gün SOCAR-ın bütün idarə və təşkilatları kimi, Nəqliyyat İdarəsi də fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurur, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirir. Hazırda neft quyularının əsaslı və cari təmiri, həmçinin qazılması, neft sənayesində təmir və tikinti işlərinin aparılması, yüklərin və işçilərin istehsalat sahələrinə rahat və təhlükəsiz çatdırılması üçün müasir tələblərə cavab verən nəqliyyat və xüsusi texnika vasitələrindən istifadə olunmasına üstünlük verilməkdədir.
Nəqliyyat İdarəsinin balansında olan nəqliyyat və xüsusi texnika vasitələrinin 85 faizindən çoxunun istehsal ili 10 ilə qədərdir. Bu, bir daha onu göstərir ki, müasir texnoloji proseslərin tələblərini ödəmək məqsədilə idarə öz parkını mütəmadi olaraq yeniləməkdədir. Bu tendensiya 2014, 2015 və 2016-ci illər ərzində də davam etdirilib, idarə tərəfindən müasir standartlara cavab verən nəqliyyat və xüsusi texnika vasitələri alınaraq istismara buraxılıb. Onların çox hissəsini xüsusi təyinatlı texnikalar təşkil edir.
Son vaxtlar sovet dövründən istismar olunan və müasir texnoloji tələblərə cavab verməyən, cari istismarı və təmiri iqtisadi cəhətdən özünü doğrultmayan LPT-8, UPT-32, UPT 1-50, Azinmaş 43P kimi traktor bazasında xüsusi texnikalar, Azinmaş 37, UP-50, UP-60, UP-60/80 və s. kimi xüsusi təyinatlı avtomobillər müəssisənin balansından silinib, müasir tipli TJL 12/50, Liebherr WR624, XT12E, TJ12A, TJ12/50B-1, TJ12/60B, TJ12/65B-4, SZQ 350-17, SZQ 600-21, QT 10 və s. yeni xüsusi təyinatlı avtomobil, traktor və xüsusi texnikalar alınıb və istismara buraxılıb. Yüklərin və işçilərin istehsalat sahələrinə rahat və təhlükəsiz çatdırılması üçün Nəqliyyat İdarəsi tərəfindən müasir tələblərə cavab yeni avtobuslar və yük avtomobilləri də istismara verilib.
Müasir nəqliyyat vasitələrində texniki hazırlıq əmsalının yüksəldilməsi məqsədilə detal və aqreqatların hazırlanmasında daha yüksək və mürəkkəb texnologiyalardan istifadə edilir. Bu səbəbdən Nəqliyyat İdarəsi texniki istehsalat sahəsinə daha böyük diqqət yetirir və öz işində ən müasir diqanostika, təmir avadanlıqlarından və yüksək peşəkarlıqlı mühəndis-texniki işçilərdən istifadə edir. Belə ki, Nəqliyyat İdarəsi tərəfindən müasir mühərriklərin istehsalçı zavod səviyyəsində təmiri həyata keçirilir. Belə mühərriklərin təmirini aparmaq üçün İtaliya istehsalı olan Berco RTM 270 - val yonan, Berco AC 650 -silindir və giliz yonan, Comec RP 1300 - blok başlığı və blok cilalama, Comec LEV 250 -silindir xoninqləmə dəzgahları istifadə edilir. Bu dəzgahlar mühərrikin işlək səthlərində 3-6 kvalitet dəqiqlikli səthlərin alınmasına imkan verir ki, bu da maşınqayırma sahəsində ən yüksək standartlardan biridir.
İdarədə nəqliyyat və xüsusi texnika vasitələrinin istismarının səmərəli təşkili, rəqəmsal xəritə üzərindən onların yerlərinin dəqiq müəyyən edilməsi, mühərrikin boş işləməsinə və iş saatlarına tam nəzarətin həyata keçirilməsi, avtomobillərdə icazə verilən həddən artıq sürət və ani sürətlənmə hallarının da qarşısını almaqla yanacaq sərfiyyatının səviyyəsinin optimal həddə çatdırılması, avtomobili idarə edərkən sürücülər tərəfindən yol hərəkəti və istismar qaydalarına riayət olunması, məhdudiyyət qoyulmuş yerlərdə sürət həddinin aşılması, müəyyən olunmuş marşrutdan kənara çıxılması hallarına nəzarəti gücləndirmək məqsədilə Arvento GPS nəqliyyatı izləmə sistemi tətbiq edilib.
2016-ci ildə idarəetmə aparatında və struktur bölmələrdə işçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib. Nəqliyyat İdarəsi üzrə işçilərin iş yerlərində qidalanmasının və isti yeməklərlə təminatının təşkil edilməsi məqsədi ilə Texnoloji Nəqliyyat Departamentlərinin (TND) balansında olan inzibati binalarda həmin departamentlərin ayrı-ayrı sahələrində 8 yeməkxananın fəaliyyəti təmin edilib. Bu yeməkxanalar təmir olunub, lazımi avadanlıqlarla təchiz edilib. İdarədə və struktur bölmələrdə çalışan işçilərin evdən işə və işdən evə rahat gedib-gəlmələri təmin edilib, bu məqsədlə 20 avtobus ayrılıb.
İşçilərinin istirahətinin təşkili məsələsi daim idarə rəhbərliyinin diqqət mərkəzindədir. İdarənin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən işçilərin müraciətləri əsasında fərdi qaydada müxtəlif istirahət mərkəzlərinə, sanator-kurort müalicəsinə göndərilməsi, eyni zamanda qruplar şəklində qısamüddətli istirahətləri təşkil edilib. Bununla yanaşı, il ərzində HİK tərəfindən 699 nəfərə müxtəlif məsələlərlə bağlı 32960 manat məbləğində maddi yardımlar verilib. 2016-ci ildə Nəqliyyat İdarəsinin idarəetmə aparatının və tabeçiliyindəki struktur bölmələrinin işçilərinə “SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin müvafiq bəndləri üzrə 603 nəfərə 465381 manat məbləğində aylıq maddi yardımlar ödənilib.
2016-cı il ərzində idarənin Sosial inkişaf şöbəsi tərəfindən bütün TND-lərin dənizdə və quruda fəaliyyət göstərən avtonəqliyyat və xüsusi texnika sahələrində çalışan işçilərinin sosial-məişət şəraitlərinin vəziyyəti mütəmadi olaraq araşdırılıb, müəyyən olunan hər hansı çatışmazlıqların böyük əksəriyyətinin təxirəsalmadan aradan qaldırılması təmin edilib.
Bu gün Nəqliyyat İdarəsində işçilərin, xüsusən də gənclərin mədəni-kütləvi tədbirlərdə, idman yarışlarında iştirakı üçün müvafiq şərait yaradılıb, müxtəlif əlamətdar günlərlə bağlı il ərzində “Neftçi” İdman Klubunun bir çox idman növləri üzrə təşkil etdiyi ənənəvi yarış və spartakiadalarda nəqliyyatçı-idmançıların fəal və uğurlu çıxışları təmin edilib.
Nəqliyyat İdarəsi sifarişçi məmnuniyyətini qazanmaq üçün daim müəssisə və təşkilatlara göstərilən xidmətin səviyyəsini yüksəltmək, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekoloji sahədə mütərəqqi üsullardan istifadə etmək istiqamətində işlər görür. Məhz bunun nəticəsi olaraq Nəqliyyat İdarəsi Türk Standartları İnstitutu tərəfindən verilmiş TSE İSO-9001, TSE İSO-14001, OSHAS-18001 beynəlxalq standarlarına malikdir.
Hesabat dövründə idarənin və onun tabeçiliyində olan Texnoloji Nəqliyyat Departamentlərində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsi tərəfindən məqsədyönlü işlər aparılıb.
Nəqliyyat İdarəsində beynəlxalq standartlar və ətraf mühitin mühafizəsi üzrə təlimatların tələblərinə uyğun idarəetmə sistemi yaradılıb, ekoloji aspektlər qiymətləndirilib, bu sahədə mütəmadi maarifləndirmə işləri aparılıb. Fəaliyyət sahələrində mütəmadi olaraq ətraf mühitin mühafizəsinin vəziyyəti yoxlanılıb, ekoloji uyğunsuzluqlar aşkarlanıb və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülüb.
SOCAR-ın “Ətraf mühitin mühafizəsi üzrə 2016-cı il üçün Tədbirlər Planı”na uyğun olaraq Nəqliyyat İdarəsi və TND-lərdə yaz və payız mövsümləri münasibətilə ənənəvi iməciliklər keçirilib. Bu zaman mövcud yaşıllıq ərazilərdə abadlıq və təmizlik işləri aparılıb. Həmçinin Yaşıllaşdırma Departamentindən alınmış 1760 ağac, 1100 gül kolu TND-lərin ərazilərində əkilib.
Hesabat ilində Ekologiya İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, Nəqliyyat İdarəsinin balansında olan 4814 nəqliyyat və xüsusi texnika vasitələrinin ekoloji müayinəsi təsdiq olunmuş qrafikə əsasən aparılıb, 3900 nəqliyyat vasitəsi ekoloji müayinədən keçirilib, standartlara cavab verməyən, istismar müddəti bitmiş, köhnəlmiş nəqliyyat vasitələri istismardan çıxarılıb. 2016-cı ildə 47 vahid müasir müxtəlif təyinatlı nəqliyyat vasitələri və xüsusi texnika alınıb.
İstehsalat prosesi zamanı Nəqliyyat İdarəsi və onun TND-lərində formalaşan 1240.866 ton qara metal, 5 ton 543 kq əlvan metal, 89 ton işlənmiş yağ, 89.2 ton təhlükəli və az təhlükəli tullantılar tullantıların idarə olunması standartlarının tələblərinə uyğun olaraq struktur ərazilərdə çeşidlənərək, aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, Sosial İnkişaf İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, TND-lərdə formalaşan 2102 kub məişət tullantısı və 800 kub çirkab su ərazilərdən daşınıb.
Nəqliyyat İdarəsi və onun struktur vahidlərinin ekologiya sahəsində fəaliyyətlərinin beynəlxalq standartların tələblərinə uyğun idarə edilməsini təmin etmək məqsədilə ekoloji-normativ sənədlər yenidən işlənib hazırlanıb, “Su təsərrüfatı pasportu” tərtib olunub, təsdiq üçün “Azərsu” ASC-yə təqdim edilib. Ümumiyyətlə, 2016-cı ildə ətraf mühitin mühafizəsi üzrə görülmüş işləri qənaətbəxş hesab etmək olar. 2017-ci ildə də Nəqliyyat İdarəsində ekologiya sahəsində görülən işlər SOCAR-ın Ekoloji siyasətinin tələblərinə uyğun, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə davam etdiriləcək.
Nail Rəhimzadə, “İki sahil”