Görkəmli Azərbaycan şairi Adil Babayevin (1925-1977) şəxsiyyətinə və yaradıcılığına yaxından bələd olan Əməkdar elm xadimi Abbas Zamanov 1975-ci ildə mətbuatda dərc edilən bir məqaləsində yazırdı: “Yaşadığı dövrün bütün mürəkkəbliyinə, ziddiyyətlərinə baxmayaraq, həyat eşqi, gələcəyə ümid, İnsana inam, Vətənə sevgi hissi görkəmli Azərbaycan şairi Adil Babayevin çoxşaxəli yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdir.
Haqsızlıq qılıncı dəfələrlə şairin qəlbini qanatsa da, ümidini heç vaxt qıra bilməyib. İradəsi möhkəm adamlar içindəki nikbinlik çırağını əsən küləklərdən, yağmurlardan ləyaqətlə qoruyub, ömrünün sonunadək sönməyə qoymurlar. Adil Babayevin qəmli-kədərli misralarında da sızıltı yoxdur, ümid var. Onun şeirlərində kimlərəsə, nələrəsə etiraz şəxsi giley-güzar deyil, ictimai maraq kəsb edir, haqq-ədalət naminə vətəndaş harayı, sənətkar yanğısı, ədalət savaşı kimi səslənir.”
Hörmətli akademik tam haqlı idi. Bax elə məhz bu səbəbdən Adil müəllimin yaratdığı poeziya nümunələrinə onun vəfatından 40 il sonra yeni dövrün gözü ilə yenidən nəzər salarkən, bu əsərlərin zamanın sınağından üzüağ çıxdığının, bədii siqlətini, mövzu aktuallığını, oxucuya emosional təsir gücünü əsla itirmədiyinin şahidi oluruq. Deyirlər ki, 40 il tarix üçün bir göz qırpımı belə deyil. Amma son 40 ildə Azərbaycan tarixində baş verən hadisələrə nəzər salsaq görərik ki, bu dövrün gerçəklərini doğru qiymətləndirmək, olub-keçənlərdən düzgün nəticə çıxarmaq üçün daha dərindən düşünüb-daşınmalı, onların mahiyyətini bütün çılpaqlığı ilə dərk etməyi bacarmalıyıq. İllər ötsə də hələ nə qədər bağlı qapılar arxasında qalan sirlər var...
Bu inkaredilməz həqiqətdir ki, ictimai-siyasi dəyişikliklər həyatımızın bütün sahələrinə, o cümlədən ədəbiyyata, mədəniyyətə öz təsirini göstərir. Yaxşı nədir, pis nədir, doğru nədir, yalan nədir kimi anlayışların belə məna yükü biz istəsək də, istəməsək də, indi xeyli dəyişib. Kitab rəflərində qalaq-qalaq cildlər var ki, indi yalnız makkulatura kimi faydalı ola bilər. Hər qələm sahibinə zamanın sınaqlarından alnıaçıq çıxmaq nəsib olmur. Şair Adil Babayev bunu bacardı.
Sovet İttifaqının ən ziddiyyətli illərində Naxçıvanda dünyaya göz açan Adil Babayev 52 illik ömrünün 35 ilini ədəbiyyata həsr edib. Bədii yaradıcılığa şeirlə başlayan gənc, sonralar iri həcmli tarixi poemalar, elmi-publisistik məqalələr, hekayələr, dram əsərləri də yazmışdır. Rus və gürcü dillərini mükəmməl bildiyindən sistemli şəkildə tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. Otuza yaxın kitab müəllifinin pyesləri Milli Dram, Musiqili-Komediya, Gənc Tamaşaçılar, Gəncə, Naxçıvan teatrlarının səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Adil Babayevin sözlərinə iki yüzdən çox mahnı bəstələnib. O, Səid Rüstəmov, Cahangir Cahangirov, Rauf Hacıyev, Ağabacı Rzayeva, Tofiq Bakıxanov, Ramiz Mirişli, Nəriman Məmmədov kimi görkəmli bəstəkarlarla birlikdə çalışıb.
Maraqlıdır ki, Adil müəllimin fitri istedadını, şairlik məharətini ilk görən və çox yüksək qiymətləndirən milli poeziyamızın iftixarı Səməd Vurğun olub. 1945-ci ildə gənc şairin “Kommunist” qəzetində dərc olunan bir şeirinə böyük ustad, məhz elə həmin qəzetdə “Mənim arzum” şeiri ilə münasibət bildirib. Adilin şeirinin sonuncu bəndi belə səslənirdi:
Daddımsa dünyanın hər nemətini,
Dilbər guşələrdə ötdüsə ömrüm,
Dünyanın ən böyük səadətini
Bu boylu çinarın altında gördüm.
Bu misraları epiqraf kimi istifadə edən Səməd Vurğun iyirmi yaşlı gəncə görün, necə müraciət edir:
Şair! Nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın bu saz.
Vətən torpağında bitən gülşənin,
Yarpağı saralıb, çiçəyi solmaz.
1946-cı ildə Adil Babayev Səməd Vurğunun təşəbbüsü ilə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunur.
Böyük istedadla yanaşı, səmimiyyəti, təvazökarlığı, təmiz adı, sağlam vətəndaşılıq mövqeyi ilə seçilən şairin yaradıcılığına Məmməd Arif, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, Məmməd Cəfər, Məsud Vəliyev, Əkbər Ağayev, Kamal Talıbzadə, Yaşar Qarayev, Cəlal Abdullayev, Cəlal Məmmədov, Famil Mehdi kimi görkəmli alımlər, tənqidçilər mətbuatda münasibət bildirmişlər. Müxtəlif illərdə Osman Sarıvəlli, Nəbi Xəzri, Qabil, Nəriman Həsənzadə və başqa qələm dostları ona şeir ithaf etmişlər. Adil Babayevin həyat və yaradıcılığı barədə bir neçə doktorluq dissertasiyası yazılıb. Vəfatından sonra şairin xatirəsi dövlət səviyyəsində əbədiləsdirilib. Bakı və Gəncə şəhərlərində iki mərkəzi küçə, Naxçıvanda gənclər kitabxanası Adil Babayevin adını daşıyır.
Vəfatından 40 il ötsə də şairin xatirəsi daim hörmətlə yad edilir, əsərləri sevə-sevə oxunur. Vaxtilə şeirlərinin birində o belə yazıb:
Ömrüm Aya, Günə sirdaş,
Ağarır saç, çoxalır yaş,
Bircə kəlməm, bircə sözüm,
Ürəklərdə qalaydı kaş,
Mən dünyada olmayanda.
Bu şeirə bəstəkar Nəriman Məmmədovun “Mən dünyada olmayanda” adlı həzin mahnısı unudulmaz xanəndələrimizdən İslam Rzayev və Baba Mirzəyevin ifasında musiqisevərlərə yaxşı tanışdır. Təəssüf ki, adlarını çəkdiyim bu nəcib insanların dördü də indi haqq dünyasındadır. Amma Adil müəllimin hikmətli sözləri, Nəriman müəllimin bənzərsiz bəstəsi, ustad İslamla Babanın ecazkar səsi bu gün də bizimlədir. Zaman ötsə də, dövran dəyişsə də el içində hörmətlə yad edilən insanlar xalqın qan yaddaşında əbədi yaşayırlar!
Adil müəllimin sözlərinə Nəriman Məmmədovun bəstələdiyi məşhur mahnılardan biri də “Ayrılıq olmasaydı” adlanır. Onun ilk və əvəzolunmaz ifaçısı Akif İslamzadədir. Şair deyir:
Heç zamam solmazdı güllər, çiçəklər,
Ümmana dönərdi sevən ürəklər.
Bir insan bilməzdi nədir qəm-kədər,
Şəfəqli nəğməyə dönərdi aləm,
Ayrılıq olmasaydı...
***
Vaxtsız dən düşməzdi şəvə saçlara,
Analar ömründə geyməzdi qara.
Bir dildə olmazdı həsrət kəlməsi,
Bir evdən çıxmazdı hıçqırıq səsi,
Ayrılıq olmasaydı...
Çox təsirli misralardır... Bizim hər birimiz bu həsrəti tez-gec çəkirik. Amma mən hərdən düşünürəm, yaxşı ki, ayrılıq var! Ayrılıq olmasaydı, ayrılığın bu qədər acı olduğunu bəlkə də bilməzdik...
Şəlalə Həsənova,
Əməkdar jurnalist