Regionların inkişafında yeni mərhələ: müasir infrastruktur, yeni texnologiyalar və elmi əsaslar
Prezident İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir.
Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də, yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. Hazırda bu proses davam etməkdədir.
Dövlət başçısının bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncamlar regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Son illərdə Azərbaycanın regionlarında içməli su, təbii qaz, elektrik enerjisi ilə təminatla bərabər, ən çox diqqət yetirilən məsələlərdən biri də magistral, eyni zamanda, kənd yollarının yenidən qurulmasıdır. Çünki bölgənin, eləcə də hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərtlərindən biri elə məhz yolların rahat olmasıdır. İndi Azərbaycanın demək olar ki, əksər regionlarında yolların təmiri və yenidən qurulması prosesi uğurla davam edir. Regionlarda insanların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, yükdaşımaları asanlaşdırmaq məqsədilə təkcə ötən il ərzində yol infrastrukturunun yenidən qurulması ilə bağlı ölkə Prezidenti tərəfindən sərəncamlar imzalanıb.
Xəbər verildiyi kimi, dövlətimizin başçısı iyunun 5-də Goranboy rayonuna səfər edib və Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Respublikamızın bölgələrində bayraq meydanlarının və muzeylərinin yaradılması bunun bariz nümunəsidir.
Cənab İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout və Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yollarının açılışlarında iştirak edib. 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolun tikintisi ilə bağlı ölkə rəhbəri aprelin 30-da Sərəncam imzalamışdı. İnşası Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən aparılan Dəliməmmədli-Muzdurlar-Qırıqlı yolunun yenidən qurulması işləri 2018-ci ilin may ayında yekunlaşıb. Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir.
Ölkəmizin regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirlərinin ardıcıl icrası sakinlərin sosial məsələlərinin həlli istiqamətində görülən tədbirlərdən biridir. Prezident İlham Əliyev Goranboyda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında da iştirak edib.
Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq artıq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Hazırda respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması işləri davam etdirilir. Goranboy rayonundakı “Region Agropark” da kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üçün əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı Goranboy rayonundakı “Region Agropark”ın açılış mərasimində kollektivlə görüşdə vurğulayıb ki, rayonun iqtisadi potensialının möhkəmlənməsində bu aqroparkın çox böyük rolu olacaq: “Aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq.”
Prezident İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılış mərasimində iştirak edib və qurğunu işə salaraq bildirib: “Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti var. Goranboy rayonunun gələcək inkişafı da kənd təsərrüfatı ilə bağlıdır. Ona görə, 8 min hektar əlavə torpağa su veriləcək. İndi mənə məruzə edildi ki, növbəti layihələr də var. Biz Goranboyda əlavə 10 min hektar, sonra daha 20 min hektar torpaqda suvarma işlərini təşkil edəcəyik.”
Cənab İlham Əliyevin Goranboy rayonuna səfəri bir daha təsdiq edir ki, regionların inkişafı ilə bağlı xüsusi Dövlət proqramları həyata keçirilir və dövlətimizin başçısı bu işləri xüsusi olaraq diqqətdə saxlayır. Çünki bu proqramlar çərçivəsində regionlarımız abadlaşır, yeni kommunikasiya yaranır, yeni yollar çəkilir, yeni infrastruktur formalaşdırılır, məktəblər, xəstəxanalar, idman kompleksləri və digər sosial-mədəni obyektlər tikilir. Bütün bunlar regionlarımızın simasını dəyişir.
Orxan Vahidoğlu, “İki sahil”