Məlum olduğu kimi, yanvarın 6-da Amerika Birləşmiş Ştatlarının Konqresində prezident seçkilərinin nəticələri təsdiqlənməli idi. Daha dəqiq desək, seçkilərin qalibi Cozef Baydenin prezidentliyi təsdiq olunacaqdı. Ardınca isə yanvarın 20-də inaqurasiya mərasimi keçirilməli idi. Lakin yanvarın 6-da fərqli mənzərənin şahidi olduq. Bu mənzərə onu göstərdi ki, ABŞ-da seçkilərin nəticələrinə qarşı çox böyük etiraz elektoratı var. Nadir hadisələrdən biridir ki, Amerikada uduzan tərəf sona qədər mübarizəni aparır. Bu da, Trampın timsalında özünü göstərdi.
Hətta, qalmaqallı ABŞ tarixində ilk dəfədir ki, prezident seçkilərində iştirak etmiş namizədlərdən biri tərəfdarlarını etiraza səsləyir və seçkilər bu qədər skandallı keçir. Bunun əsas səbəbi nədir? Belə ki, Amerikanın yaxın və uzaq tarixinə nəzər salanda, həqiqətən də ilk dəfədir ki, bu cür hadisənin baş verdiyinin şahidi oluruq. Təbii ki, ABŞ seçkilərində əvvəllər də saxtakarlıqlar olub. Hətta, Amerikanın əfsanəvi Prezidenti Avram Linkolnun prezidentliyi dövründə belə saxtakarlıqlar baş verib. Yaxud da yaxın tarixi götürsək, 2000-ci ildə vitse-prezident Albert Qorla Corc Buş arasında rəqabət gedirdi. Əslində, seçkiləri Albert Qor qazansa da, Amerikada seçki son dərəcə mürəkkəb prosedurlardan keçdiyinə görə Corc Buş Prezident seçilmişdi. Albert Qor isə çox səs toplamasına baxmayaraq, seçkinin nəticələrini tanımağa məcbur olmuşdu.
Hazırda dünyanın bir nömrəli mövzusu Amerikada baş verən üsyandır. ABŞ demokratiyasını örnək götürən, ondan ilham alan milyonlarla insan, bir çox dünya dövlətləri heyrət içindədir. Heç kim ABŞ-da bu cür kəskin qütbləşmə gözləmirdi. Tramp iqtidara gələndən sonra ABŞ-da baş verənlər onsuz da demokratiya modelini zədələmişdi. İndi isə demokratiyanın ABŞ modeli sanki uçulub, xalq və Amerika heyranları onun altında qalıb. Dünya liderləri ard-arda bəyanatla çıxış edərək, ABŞ hakimiyyət qurumlarını insan haqlarına və demokratik qaydalara əməl etməyə, təmkinli olmağa səsləyirlər.
Özünü “demokratiyanın beşiyi” hesab edən ölkələrdə bu gün belə hadisələrin baş verməsi çox utancvericidir. Başqa dövlətlərə dərs vermək istəyən ABŞ bu gün özü utancverici vəziyyətə düşüb. ABŞ kimi dövlətlər zamanında başqa ölkələrə ağıl öyrətmək əvəzinə, gedib öz seçki qanunvericiliklərini təkmilləşdirsəydilər, indi bu cür biabırçı vəziyyətlə üzləşməzdilər. Onu da qeyd edək ki, həmin dövlətlər başqa ölkələrə demokratiya dərsi keçməkdən öncə özlərində düzgün qayda-qanun yaratmalıdırlar. Xatırladaq ki, ötən ilin iyulunda Azərbaycanın Milli Məclisinə də oxşar basqın edilmişdi. Ancaq Azərbaycan polisi çox sivil davrandı, zorakılığa qətiyyən imkan vermədi. ABŞ-dan fərqli olaraq, bizim ölkədə qanunu pozanlara güllə atılmadı, öldürülmədi. İndi baxın görün ki, əsl demokratiya hansı ölkədədir?
Yeri gəlmişkən onu da qeyd edək ki, ABŞ-da baş verən hadisələr antimilli şuranın da dilini lal edib. Belə ki, iyulun 14-də Milli Məclisə basqın ediləndə Azərbaycan polisi çox nümunəvi və sivil formada onların qarşısını aldı, bir nəfərin belə burnu qanamadı. Həmin vaxt radikal müxalifət az qalırdı ki, Azərbaycan polisini “düşmən” çıxarsın. Bu gün ABŞ Konqresinə basqın edənlərə qarşı polisin rəftarına baxın. Zor tətbiq edilir, güllə atılır, artıq ölənlər var. Bəs həmişə “ABŞ demokratiyasını” nümunə göstərən Azərbaycandakı radikal müxalifətin niyə səsi çıxmır? Çünki ABŞ-da baş verənlər radikal müxalifətə sərf eləmir. Bu, Azərbaycanda baş versəydi indi antimilli şura vay-şüvən salmışdı.
Mənsumə Babayeva, “İki sahil”