Texas ştatının Hyuston şəhərində Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlər arasında seçkiqabağı debatların üçüncü mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri 2020-ci ildə ABŞ prezidentliyi uğrunda Donald Tramp ilə mübarizə aparacaq namizədi seçməlidirlər. Debatlarda prezident vəzifəsi uğrunda mübarizənin liderləri hesab edilən on namizəd – keçmiş vitse-prezident Co Bayden, Elizabet Uorren, Berni Sanders, Kamala Xarris, Kori Buker, Pit Butticiç, Xulian Kastro, Emi Klobuşar, Endrü Yanq və Beto O`Rurk iştirak ediblər.
ABC News kanalının nümayəndələri tərəfindən təşkil edilən debatlar tibbi sığorta islahatlarının, yəni “Medicare hamı üçün” tibb proqramının, silah üzərində nəzarət, müəllimlərin məvaciblərinin artırılması və ABŞ-ın xarici siyasəti məsələlərinin müzakirəsi üzərində cəmləşib.
Məlum olduğu kimi, seçkiqabağı mübarizənin əvvəlində Demokratlar Partiyasından 20-dən çox namizəd olub, lakin onların çoxu seçkiqabağı mübarizəyə yayın sonunda xitam verib. Debatların üçüncü turunda iştirak etmək üçün namizədlər bir neçə meyara cavab verməli, yəni ən azı 130 000 adamdan ianə toplamalı, habelə son vaxtlar ABŞ ərazisində keçirilmiş dörd reytinqdə azı 2 faiz dəstək almalı idilər. ABC-nin statistikasına görə, debatlarda vaxtdan ən çox Co Bayden istifadə edib. O, 17 dəqiqə 22 saniyə danışıb. Endrü Yanq isə ən az – cəmi 7 dəqiqə 58 saniyə danışıb.
Demokratların növbəti debatları oktyabrın ortalarında Ohayo ştatında keçiriləcək.