07 noyabr 2019 11:30
80

ABŞ-da universitetlər arasında anlaşma memorandumu imzalanıb

Oklahoma ştatının Siti şəhərində keçirilən Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Oklahoma Dövlət Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu imzalanıb. Sənəd Aqrar Universitetin rektoru İbrahim Cəfərov və Oklahoma Universitetinin akademik proqramlar üzrə prorektoru və universitetin birinci vitse-prezidenti Qari Sandefur tərəfindən imzalanıb.

Anlaşma sənədi ilə tərəflər gələcəkdə birgə akademik proqramların hazırlanması və tələbə mübadiləsi sahəsində birgə fəaliyyət göstərmək istiqamətində müzakirələrin aparılmasına dair niyyətlərini ifadə edirlər.

İmzalama mərasimində universitetinin müəllim və tələbə heyəti, eləcə də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və digər qonaqlar iştirak ediblər. Tədbiri açan ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının həmsədri Reza Vəziri imzalanan sənədin iki ölkə arasında akademik əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini qeyd edib. Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov hər iki universitetə sıx əlaqələrin qurulmasında uğurlar arzulayib.

ADAU-nun rektoru İbrahim Cəfərov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Müasir universitet təhsil sistemində beynəlxalq əlaqələrin güclü rolu var. Bu nöqteyi-nəzərdən Azərbaycan Dövlət Aqrar Universiteti son illər 25-dən çox ölkənin yüzə qədər universiteti ilə işgüzar münasibətlər qurub. Bu gün Aqrar Universitet sərhədlər tanımır: Amerika Birləşmiş Ştatlarının bir çox universiteti ilə də əlaqələrimiz var. Bu gün həmin əlaqələrə Oklahoma Dövlət Universiteti də daxil oldu, Anlaşma Memorandumu imzalandı. Bu memorandum çərçivəsində gələcəkdə müəllim, tələbə, doktorant mübadiləsi və digər işgüzar münasibətlərin qurulması nəzərdə tutulub”.

Qeyd edək ki, noyabrın 6-8-də Oklahoma ştatı ilə Azərbaycan arasında keçirilən kənd təsərrüfatı forumunda iştirak etmək üçün Kənd Təsərrüfatı naziri İnam Kərimovun başçılığı ilə Azərbaycandan iyirmiyədək kənd təsərrüfatı şirkətinin əməkdaşları ABŞ-da səfərdədirlər.

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), USAID-in Azərbaycan missiyası, Oklahoma ştatının Kənd Təsərrüfatı və Ticarət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.