23 dekabr 2020 14:49
830

Adekvat olmayan münasibət

Həmsədrlərdən nə qaldı?!

Qarabağ problemi közərməyə, alovlanmağa başladığı ilk vaxtlardan etibarən dünyanın ayrı-ayrı ölkələrindən, dövlət rəsmilərindən, media qurumlarından ölkəmizə, xalqımıza, uğrunda mübarizə apardığımız haqq işimizə, bütövlükdə niyyətimizə, məramımıza və ədalətli mövqeyimizə adekvat olmayan münasibətlə üz-üzə qaldıq. İzahı və heç bir hüquqi əsası olmayan ikili standartlar hər yerdə və hər an qarşımızda keçilməz baryerə çevrildi. Dövlət başçımız, digər rəsmilərimiz, ictimai xadimlər və mediamız bütün bu illər ərzində ikili standartların ideoloqlarına və icraçılarına Qarabağ həqiqətlərini davamlı olaraq, həm də təkrar-təkrar izah etsələr də, onlar yenə də erməni diasporunun sifarişi və diktəsi ilə tutuquşu kimi əzbərlədikləri «məsləhət» və «tövsiyələrini» təkrarlamaqdan usanmadılar. Ən sadə həqiqətləri belə görməzliyə, bilməzliyə vurmaqda davam etdilər. Əslində isə bu məsələdə qaranlıq olan, anlaşılması çətin olan heç nə yoxdur. İşğalçı da məlumdur, işğala məruz qalan da. Hamı bilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və 30 ilədək də işğal altında saxlayıb. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin dərhal və qeyd-şərsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri var. Heç kəsə sirr deyil ki, problemi tənzimləmək üçün mandat alan həmsədrlər ötən 27 il ərzində turist kimi gah ora, gah bura getdilərsə də, heç bir real nəticə əldə edə bilmədilər.

Təəssüflə bildiririk ki, ötən illər ərzində Azərbaycan tərəfinin çağırışları, təklifləri, etirazları, bir milyona yaxın qaçqın və köçkünümüzün fəryadı dünya tərəfindən eşidilmədi. Eşitsələr də, özlərini eşitməzliyə vurdular. Bir sıra dövlətlər, nüfuzlu dairələr, özünü sülh və demokratiya carçısı kimi təqdim etməyə çalışan beynəlxalq qurumlar, ən dəhşətlisi isə hətta problemin həlli üçün mandatı olan həmsədr ölkələr belə işğalçı Ermənistana açıq-aşkar havadarlıq etdilər.

Azərbaycan işğalçını özü cəzalandırdı

Beləliklə, Azərbaycan özü öz problemini həll etmək zorunda qaldı və 44 günlük Vətən müharibəsinin gedişində Ermənistan ordusunu döyüş meydanında darmadağın etdi. Ermənistan rəhbərləri az qala göz yaşı tökə-tökə, ona-buna yalvara-yalvara Rusiyanın vasitəçiliyi ilə kapitulyasiya sənədinə imza atdı. Təbiidir ki, hərbi əməliyyatların dayandırılmasından ən çox sevinən məhz Ermənistan rəhbərləri oldu. Çünki onlar ordularının və iqtisadiyyatlarının tam olaraq çökdüyünü hər kəsdən daha yaxşı bilirdilər, baxmayaraq ki, bunu öz əhalisindən gizlədirdilər.

Aktiv hərbi əməliyyatlar bir aydan artıqdır ki, dayandırılıb. Müharibənin bu tərzdə bitməsi və əldə olunan razılaşmanın Ermənistanda birmənalı qarşılanmaması və bu səbəbdən də hakimiyyətə etimadsızlığın ifadəsinə çevrilən etiraz mitinqlərinin tüğyan etməsi başadüşüləndir. Döyüş meydanındakı uğursuzluq İrəvanda hakimiyyət uğrunda mübarizəni qızışdırmaq üçün fürsət oldu. Hakimiyyətə gəlmək istəyən qüvvələr içərisində Qarabağ müharibəsini yenidən alovlandırmağa, biabırçı məğlubiyyətin revanşına çağıran dövlətlər də var. Görünür, onlar Rusiya Prezidenti cənab V.Putinin «10 noyabr razılaşmasının pozulması Ermənistan üçün intihara bərabər olar» sözlərinin ciddiliyini hələ ki, yetərincə dərk etməyiblər. Qoy, özləri fikirləşsin, könüllərindən intihar etmək keçirsə, buyursunlar. Görünən odur ki, ermənilərin yenidən belə qaşınmasında maraqlı olan dairələr var. Bu yerdə xalq arasında çox işlənən bir el məsəli yadıma düşdü:  Ata oğlu ilə cüt əkirmiş. Birdən öküzlərdən biri şıllaq ataraq cızdan kənara çıxır. Ata, «lənət sənə şeytan», - deyərək öküzü sakitləşdirməyə çalışır. Dağın başında oturub uzaqdan bu mənzərəni seyr edən bala şeytan ana şeytana deyir ki, ay ana, görürsənmi bu insanlar nə qədər nahaq danışırlar. Ana şeytan gülümsəyərək «ay bala, o kişi düz deyir, özümüz burada olsaq da, barmağım öküzün quyruğunun dibindədir». Bax, bu el məsəlində deyildiyi kimi, şeytan xislətli bəzi dairələrin barmağı erməniləri bu gün həmişə olduğundan daha artıq qıcıqlandırmaqdadır. Anlamaq olmur, həmsədr ölkə olaraq ötən illər ərzində problemin həlli üçün heç nə etməyən, əksinə status-kvonun saxlanması, bütövlükdə münaqişənin dondurulması üçün dəridən-qabıqdan çıxan Fransa rəsmiləri indi niyə narahatdırlar?! Makron məgər fransızların problemlərini həll edib ki, indi də Dağlıq Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi yolunda canfəşanlıq edir?! Fransa rəsmiləri niyə maraqlanmırlar görək, Parisin küçələrində etiraz nümayişlərinə çıxan yüzminlərlə ölkə vətəndaşının istəyi nədir? Qoy, Parisin şəhər şurası və Fransa Senatı əvvəlcə bu məsələlərə əncam çəksin, sonra ermənilərin qayğısına qalsın. Azərbaycanın indiyədək Parisdə həyata keçirmiş olduğu kifayət qədər iri maliyyə tutumu olan mədəni irs layihələrini dəyərləndirməyə onların qabiliyyəti və səmimiyyəti çatmadı. Doğrusu, indiki dönəmdə Makronun hələ də prezident olduğu Fransadan hansısa ciddi bir məsələyə münasibətdə pozitiv yanaşma gözləməyə dəyməz. Axı, Makronun prezidenti olduğu indiki Fransa general Şarl De Qollun, Fransua Mitteranın, Jiskar d`Estenin və bu kimi tanınmış dövlət xadimlərinin idarə etdiyi Fransa deyil. Hələ məktəbdə oxuyarkən özündən 25 yaş böyük müəlliməsinə vurulan 17 yaşlı bir cocuğun sonda üç uşaq anası olan o xanımdan əl çəkməyərək, onun ailəsini dağıdaraq nəhayət ki, «xoşbəxt ailə» qurduğunu düşünən birisindən daha nə gözləmək olar?! Vaxt gələcək, Fransa xalqı dönüb keçmişə nəzər salanda ölkəsinin nə zamansa belə bir prezidenti olduğu üçün ən azı təəssüflənməli olacaq. Bir tarixçi alim olaraq mənim şəxsi qənaətim belədir.

Bəs, görəsən Niderland, Belçika, Kanada və diğər ölkələrin siyasi dairələrini narahat edən nədir? Tutalım ki, bu dövlətlərin hakim dairələrinin bir Türkiyə dərdi var. Anlayırıq ki, özlərinə əzəli və əbədi düşmən hesab etdikləri Rusiyanın problemin həlli yolunda aktiv vasitəçilik missiyası da onları qane etmir. Təkcə buna görə onların erməniləri ideoloji cəhətdən silahlandırmaqla iki xalq və ölkə arasında düşmənçiliyi daha da dərinləşdirməyə yönəlik çağırışlara necə haqq qazandırasan?!

Rusiyadan olan «diversantlar» kimə və nəyə xidmət edir?!

Qonşu Rusiyanın müəyyən dairələrindən ölkəmizə və xalqımıza qarşı olan ədalətsiz və qıcıq doğuran yanaşmalar Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq çox ciddi narazılıqla qarşılanmaqdadır. Hər gün Rusiya telekanallarında olqa və popovlardan, solovyov və zatulinlərdən ibarət «diversiya qrupları» (onlara başqa ad vermək olmur) tərəfindən davamlı olaraq aparılmaqda olan bu anti-Azərbaycan və antitürk təbliğatının nəyə xidmət etdiyi və arxasında kimlərin durduğu hər kəsə yaxşı bəllidir. Əlləri erməni diasporunun cibində olan həmin «diversantlar» anlamırlar ki, bu cür anti-Azərbaycan davranışları ilə həm də rus xalqı və Rusiya dövlətinin maraqlarına zərbə vururlar. Bununla da onlar əslində Rusiya Prezidenti  V.Putinin rəhbərliyi ilə  aparılmaqda olan  dövlət siyasətinə qarşı çıxırlar. Onlar monoetnik Ermənistanın maraqları naminə Azərbaycanda yaşayan, yerli əhali ilə sözün əsl mənasında qaynayıb qarışan çoxsaylı rusları, rusdilli məktəblərdə işləyən və təhsil alan insanları niyə pis vəziyyətdə qoyurlar?!

Azərbaycan və Rusiya arasındakı zəngin tarixi keçmişi olan ənənəvi dostluq və mehriban qonşuluq əlaqələri üzərinə niyə kölgə salmağa cəhd edirlər?! Onlar Azərbaycandan və azərbaycanlılardan nə pislik görüblər?! Azərbaycanlılar pis olsaydı, onda Azərbaycanda Ermənistanda olduğu kimi nə bir rus, nə də bir rusdilli məktəb qalardı. Bu adamlar hansı haqla şəxsən Prezident V.Putinin çox ciddi səyləri hesabına Qarabağda yaranmış kövrək sülhü dəyərdən salmağa çalışırlar. Niyə nəzərə almırlar ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzalamış olduğu 10 noyabr birgə Bəyanatı bölgədə sabitliyin qarantı olmaqla bərabər, həm də Rusiya dövlətinin beynəlxalq imici məsələsidir. Qoy, hər kəs bilsin ki, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulan Azərbaycan-Rusiya münasibətləri bizim üçün çox dəyərlidir. Biz istəmirik ki, kimlər isə hər iki tərəf üçün dəyərli olan bu münasibətlərə kölgə salsın. Biz istəmirik ki, zəngin tarixi ənənələri olan Rusiya elitası ermənilərin dirijor çubuğu ilə «idarə» olunaraq Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik toxumu səpsin.

Rusiya-Türkiyə əməkdaşlığı bölgəyə nə vəd edir?!

Biz istərdik ki, son illər müsbət dinamika ilə inkişaf etməkdə olan Rusiya-Türkiyə münasibətlərinin təkcə region üçün deyil, bütövlükdə Avrasiya zonası üçün nə dərəcədə əhəmiyyətli olduğunu hər kəs dərindən anlamış olsun. Axı, qardaş Türkiyənin Azərbaycanla olan isti münasibətlərinin Rusiyaya nə ziyanı ola bilər?! Məgər görmürlər, anlamırlar ki, məhz Rusiya ilə olan xoş münasibətlərinə görə Qərb Türkiyəni demək olar ki, bütün müstəvilərdə təhdid edir. Türkiyə isə NATO üzvü olmasına baxmayaraq, Alyans dövlətləri ilə deyil, Rusiya ilə mehriban qonşuluq və əməkdaşlığa daha çox önəm verir.

Bütün bu reallıqlar ortada olduğu halda bir ovuc erməni quldurlarının xətri xoş olsun deyə, rus telekanallarını zəbt etmiş ayrı-ayrı diversantların Türkiyənin ünvanına haqsız olaraq çamur atmasına necə haqq qazandırıla bilər?! Etiraf edək ki, indiki halda Rusiya və Türkiyə liderləri bir-birini çox yaxşı başa düşməklə, balanslı və praqmatik siyasət yeridirlər.

Bu cür siyasət onların özü üçün nə dərəcədə faydalıdırsa, inanın Cənubi Qafqaz regionu üçün də ən azı bir o qədər əhəmiyyətlidir. İnanmaq istərdik ki, nə ermənilərin, nə də onlara havadarlıq edənlərin məkrli planları bu münasibətlərə xələl gətirməyəcəkdir. Hər halda bu, Azərbaycan xalqı olaraq bizim arzumuz və mövqeyimizdir.

Bizə inanmırlarsa, onda öz klassiklərinə inansınlar

Sonda erməni sevgisi ilə məst olan, erməni təbliğatının əsiri olan və nəhayət, erməni diasporunun maliyyəsindən güc alaraq Rusiyada qatı antitürk və anti-Azərbaycan təbliğatı aparanlara bir tövsiyəmi də bildirmək istərdim.

Cənablar, hələ SSRİ dönəmində Qarabağla bağlı separat çıxışları və müharibəni ermənilər başlayıb. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında ermənilər saxlayıb. 30 ildir ki, Azərbaycan tərəfinin təkidi ilə davam edən sülh danışıqlarını ermənilər pozub. İşğal altında saxlanılan torpaqları azad etməkdənsə, orada qanunsuz məskunlaşma aparıb, xalqımıza məxsus min illər tarixi olan mədəni irs nümunələrimizi vandalcasına dağıdıb, məscidlərimizdə donuz bəsləyib, yeraltı və yerüstü sərvətlərimizi talayıb, işğalı əbədiləşdirmək naminə hər addımda topdağıtmaz müdafiə sədləri inşa edib, nəhayət, Ağdamı, Kəlbəcəri və Laçını tərk edərkən bütün dünyanın gözü qarşısında unitazlarınadək hər şeyi silib-süpürərək aparıblar, apara bilmədiklərini isə od vurub yandırıblar. 44 günlük hərbi əməliyyatlar zamanı müharibə bölgəsindən çox-çox uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Ağcabədi və digər şəhər və rayonlarımızı bombalamaqla çoxsaylı sivil insanları qətlə yetirmiş, mülki infrastrukturu dağıtmışlar. Budur, erməninin əsl görünən, üzdə olan siması. Amma nədənsə nə Qərbdəkilər, nə də Rusiyanın içərisində olan «diversantlar» bütün bunlardan sanki tam xəbərsizlərmiş kimi, «təzyiqə məruz qalmış məsum və məzlum erməniləri müdafiə və xilas etmək» şüarları altında bizə qarşı az qala səlib yürüşü ediblər.

Cənablar, biz erməniləri pisləmək, gözdən salmaq fikrində deyilik. Biz olanları deyirik. Siz isə inanmaq istəmirsiniz. Yaxşı, bizə inanmırsınız, heç olmazsa, öz klassiklərinizə inanın, görün, hələ 100-200 il bundan öncə erməniləri necə tanıyıblar?! Açın, böyük rus şairi Vladimir Mayakovskinin erməniləri yaltaq, satqın, pozğun və qaniçən kimi xarakterizə etdiyi şeiri oxuyun. Qriboyedovun rus çarına yazdığı məktubunda erməniləri necə təqdim etdiyinə diqqət yetirin. A.S.Puşkini, L.N.Tolstoyu oxuyun. Veliçkonun, Şavrovun ermənilər haqqında yazdıqlarına nəzər salın. Gürcülərin başına nə gətirdiklərinə dair İ.Çavçavadzenin «Ağlayan daşlar» əsərinə göz gəzdirin. Düşünürük ki, bu yöndə elə Avropa və Amerikanın qatı ermənipərəst dairələrinin də rus klassikası ilə tanış olmaları pis olmazdı. Məşhur atalar məsəlində deyildiyi kimi, bilməmək eyib deyil, oxuyub öyrənməmək eyibdir.

Qafar Cəbiyev,

tarix elmləri doktoru, professor, Əməkdar jurnalist