29 iyun 2020 17:50
1629

Adil Əliyev seçiciləri üçün Dəstək və Əlaqələndirmə Mərkəzi yaradıb

Milli Məclisin Sədr müavini Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən ofisində (Nərimanov rayonu, Atatürk prospekti 33C, telefon: (012) 563-10-89; 561-73-65; (055) 766-21-35) Dəstək və Əlaqələndirmə Mərkəzi yaradıb.

“İki sahil” xəbər verir ki, bu barədə açıqlama verən A.Əliyev qeyd edib ki, hazırda Bakı şəhəri də daxil olmaqla bir sıra iri şəhər və rayonlarımızda karantin rejimi tətbiq olunmaqdadır: “Sözügedən karantin rejimi vətəndaşların evdən çıxmaqlarına müəyyən məhdudiyyətlərin tətbiq edilməsini özündə ehtiva edir. Sözsüz ki, qeyd olunan bütün bu növdən olan tədbirlər xəstəliyin qarşısını almaq məqsədilə həyata keçirilir. Təbii ki, karantin dövrü xüsusilə yaşlılara ehtiyaclarının əldə edilməsində müəyyən çətinliklər yaradır. Bu səbəbdən də mərkəzin əsas funksiyası onlara və aztəminatlı ailələrə ərzaq yardımlarının, ilkin tibbi ləvazimatların verilməsidir. Mərkəz tərəfindən müraciətlər əsasında aztəminatlı ailələrə yardımlar göstərilir, onların məişət qayğılarının və çətinliklərinin həll edilməsi istiqamətində zəruri tədbirlər görülür. Eyni zamanda, tibbi, kommunal, iaşə və s. çətinliklərlə üzləşən şəxslər mərkəzə müraciət edir, habelə vətəndaşların aidiyyəti qurumlarla əlaqələndirməsinin həyata keçirilməsi təmin edilir. Mərkəz fəaliyyətə başladığı vaxtdan bu müddət ərzində bir sıra şəxslərin müraciətləri (xüsusilə də alimentin ödənilməməsi, işdən əsassız olaraq çıxarılma) daxil olub, həmin şəxslərə qanunvericiliyin mövcud tələbləri izah edilməklə yanaşı, aidiyyəti qurumlara və məhkəmələrə müraciət etmələri tövsiyə edilib.

Həmçinin, 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar mövcud pandemiya vəziyyəti səbəbindən övladları hərbi xidmətdə olan valideynlər onları ziyarət etmək imkanları olmadığı üçün övladları ilə əlaqə saxlamaq məqsədilə mərkəzə müraciət ediblər. Mərkəz tərəfindən həyata keçirilən “Əsgərimə salam de” layihəsi çərçivəsində onların mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə övladları ilə əlaqə saxlamaları təmin edilib. Tezliklə övladlarına qovuşmaqları üçün tibbi-gigiyena qaydalarına riayət edilməsi tövsiyə edilib.

Bir daha bildiririk ki, ölkə başçısının müxtəlif çıxışlarında dediyi kimi, “Biz birlikdə güclüyük!”, bu səbəbdən də hər birimiz “gözəgörünməz düşmən”ə qarşı mübarizədə öz məsuliyyətimizi dərk etməli, ehtiyac olmadan evdən çıxmamalı, sosial izolyasiyanı həyata keçirməli, zərurət yaranarsa evdən çıxarkən mütləq tibbi maskadan istifadə etməklə ara məsafəsini qorumalıyıq”.