11 oktyabr 2019 10:25
2597

Ağ Evin qəribə sakinləri və yaxud ABŞ prezidentləri haqqında nələri bilmirik?

Amerika tarixini əzbər bilsəniz belə Ağ Evin divarları arasında baş verən bir çox maraqlı hadisələrdən bixəbərsiniz. Orada illərlə baş verən hadisələrin, qalmaqalların çoxu ictimaiyyətdən gizli saxlanılır.

Prezidentlərin tərcümeyi-halları Ronald Reyqanın aktyordan dövlət başçısına çevrilməsi, absurd ölümlər, gözlənilməz qətllər, ailə qalmaqalları və s. ABŞ prezidentləri ilə bağlı belə faktlar çoxdur. Aşağıda bəzi maraqlı faktlarla tanış ola bilərsiniz:

1. Corc Vaşinqton at sürməyi çox sevirdi. Lakin o, mükəmməl dərəcədə təmiz at tələb edirdi. Atın dişlərinin təmizliyinə qədər yoxlayırdı.

2. Tomas Cefferson sağkən məzar daşının dizaynını və üst yazısını  özü hazırlamışdı və orada prezident olduğunu da qeyd etmişdi.

3. Con Kvinsi Adams bir kostyumu on ildən artıq geyinirdi.

4. Endryu Cekson inadkar duelçi idi. Duellərin birində sinəsindən güllə yarası alır. Cərrahlar onu çıxara bilmirlər və ömrünün sonunadək həmin qurğuşun parçası ilə yaşayır.

5.  Uilyam Harrisonun (1841) inauqurasiya mərasimi hədsiz soyuq bir günə təsadüf etmişdi. Yeni prezident elə həmin gün xəstələndi.Sonradan onun xəstəliyi pnevmaniyaya çevrilir və bir ay sonra prezident dünyasını dəyişir. O, ABŞ-ın ən qısamüddətli prezidenti kimi tarixə düşüb.

6. ABŞ-ın ən çox uşağa sahib prezidenti isə Con Tayler olub. Onun ilk həyat yoldaşından 8, ikinci həyat yoldaşından 7 uşağı var idi. Con Taylerin 15-ci övladı onun yetmiş yaşı olanda dünyaya gəlmişdi.

7. Zahari Teylor hər yerdə və hər zaman tütün çeynəyirdi. Bütün rəsmi tədbirlər zamanı onun əlində tütün qabı olardı.

8. Millard Fillmor Oksford Universitetinin fəxri doktoru adını qəbul etməkdən imtina etmişdi. O bu addımını elm üçün heç bir şey etməməsi ilə əlaqələndirmişdi.

9. Ceyms Byukenan ABŞ-ın evli olmayan yeganə prezidenti olub. O, bir dəfə nişanlansa da, nişanlısı münasibətə son qoyur və az sonra dünyasını dəyişir.

10. Prezident Abraam Linkoln adətən, başında uzun qara silindr gəzdirirdi. Onun içərisində maliyyə hesablaşmaları, qeydlər, qanun layihələri, məktublar və s. olurdu.

11. Endryu Conson məktəb təhsili almamışdı. Ona oxumağı 17 yaşında gələcək həyat yoldaşı olacaq xanım Eliza MakKardel öyrətmişdi. Prezident Conson ancaq öz əl işi olan kostyumları geyinirdi. 

12. Bütün ömrüboyu Uliss Qrant bir günə 20 siqaret çəkib. Bu prezident boğaz xərçəngindən dünyasını dəyişib.

13. Prezident Ceyms Qarfild hər iki əlindən eyni anda istifadə etməyi bacarırdı və poliqlot idi. O, bir əli ilə qədim yunan dilində, digər əli ilə latınca yazı yazırdı. Sonradan Ceyms Qarfildin müalicə zamanı qanına mikrob düşür və barmaqları iflic olur.

14. Qrover Klivlendi gizli əməliyyat edərək, çənəsinin xərçənglə zədələnmiş hissəsini götürmüşdülər.

15. Benjamin Harrison elektrik işığına nifrət edirdi və tələb edirdi ki, o Ağ Evdə olarkən lampaları söndürsünlər və şam yandırsınlar.

16. Ov zamanı prezident Teodor Ruzvelt balaca balası olan ayını öldürməkdən imtina edir. Elə bu hadisədən sonra oyuncaq ayılar çıxmağa başlayır və onları “teddy bear” adlandırırlar. “Teddy” sözü Teodor adının kiçildilmiş, şirin variantı hesab edilirdi.

17. Uilyam Taftın çəkisi 136 kq-dan artıq idi. Ağ Evdə onun yuyunması üçün iri qabaritləri olan xüsusi vanna hazırlanmışdı.

18. Uorren Qardinq poker həvəskarı idi və həftədə iki dəfə bu oyunu oynayırdı. Bir dəfə o, hətta Ağ Evə məxsus sini dəsti bütünlüklə oyunda uduzmuşdu.

19. Herbert Huver 16-dan artıq kitab yazıb və çap etdirib. Onun kitablarından birinin adı belə idi -”Əyləncə və ruhun təmizliyi üçün balıq ovu”

20. Franklin Ruzvelt Ağ Evdə özündən əvvəl yaşayan insanlardan 11-i ilə qohumluq əlaqələrinə malik idi.

21. Harri Trumenin Ağ Evin qarşısındakı yaşıllıqda otlayan keçisi var idi.

22. Lindon Conson işçilərinə və ziyarətçilərinə hədiyyələr verməyi çox sevirdi. Onun ən sevimli hədiyyəsi elektrik diş fırçaları idi. Consonun bioqrafiyasının müəllifi 10 il ərzində prezidentdən 12 fırça hədiyyə almışdı.

23. Riçard Nikson kabinetini soba ilə qızdırmağı xoşlayırdı, buxar istiliyindən istifadədən imtina etmişdi.

24. Cerald Ford 12 yaşında ikən valideynlərinin əsl övladı olmadığını, övladlığa götürüldüyünü bilmişdi.

25. Cimmi Karter ABŞ tarixində tarixi roman yazan ilk prezident olub.

26. Uzun müddət ABŞ prezidenti seçilən insanlar prezidentlik müddəti başa çatmamış itir və ya vəfat edirdilər. Ronald Reyqan Ağ Evdəki bu “20 illik lənət”ə son qoymuşdu.

27. Böyük Corc Buş Meksika və Çin mətbəxini çox sevirdi. Lakin heç vaxt brokolli yeməmişdi.

28. Bill Klinton pişiyi Soks üçün şəxsi internet sayt hazırlamağı əmr etmişdi.

29. Kiçik Corc Buş həyat yoldaşı Lora ilə tanışlıqdan cəmi üç ay sonra ailə həyatı qurub.

Nubar Süleymanova, “İki sahil”