19 noyabr 2026 15:23
350

Ağdam şəhəri günü  tarixi ədalətin bərpasının və Böyük Qayıdış strategiyasının mühüm rəmzidir

Qədim tarixi, zəngin mədəni irsi və strateji coğrafi mövqeyi ilə seçilən Ağdam Qarabağın mühüm yaşayış və mədəniyyət mərkəzlərindən biridir.  1930-cu ildə rayon statusu alan Ağdamın tarixi minilliklərin dərinliklərinə gedib çıxır.  Rayonda relyef əsasən düzənlik olsa da, qismən dağlıq hissələr də mövcuddur. Ağdam Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində və Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Bu strateji mövqe bölgəyə həm tarixi, həm müdafiə, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət verir.

Zəngin tarixi və mədəni irsə sahib olan Ağdamın Ermənistanın hərbi təcavüzünə məruz qalması, işğal edilməsi və uzun illər xarabalığa çevrilməsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun ərazisinin 846,8 kv.km-i ermənilərin əlinə keçib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Dünyada nadir mədəniyyət ocaqlarından biri olan Çörək muzeyinin məhv edilməsi, dini və tarixi abidələrin təhqir olunması erməni vandalizminin miqyasını açıq şəkildə göstərirdi. Ağdamın sonradan “Qafqazın Xirosiması” adlandırılması şəhərin üzləşdiyi fəlakətin miqyasını ifadə edirdi.

1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmiş və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq işğal siyasətini davam etdirmişdir. Məscidlər, qəbiristanlıqlar, tarixi binalar və ictimai obyektlər tamamilə məhv edilmiş, bu isə Ermənistanın məqsədinin hərbi təcavüz və ərazi işğalı olduğunu nümayiş etdirmişdir.

Azərbaycan isə bütün bu illər ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək məqsədindən geri çəkilmədi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti möhkəmləndirildi. Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməklə yanaşı, tarixi ədalətin bərpası üçün zəruri siyasi, diplomatik və hərbi potensial formalaşdırdı.

Vətən müharibəsində qazanılmış Qələbədən sonra imzalanmış Üçtərəfli Bəyanata əsasən, 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmişdir. Bu tarixi hadisə nəticəsində bölgənin təhlükəsizliyi və gələcək inkişafı baxımından yeni imkanlar yarandı.    Bununla da 27 illik işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət, mahir diplomatik manevrlər öz bəhrəsini verdi və Ağdam bir güllə belə atılmadan düşmən ordusunun qalıqlarından təmizləndi. 23 noyabr 2020-ci il tarixdə burada Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da Ağdamda böyük quruculuq-bərpa işləri başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə və rayonun kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. 2022-ci il avqustun 16-da təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bu işlərin sistemli və uzunmüddətli əsaslarını müəyyən edir. 2040-cı ilədək şəhər əhalisinin 100 min nəfərə çatdırılması planlaşdırılır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam şəhəri günü kimi müəyyən edilməsi isə tarixi yaddaşın qorunması və Zəfər salnaməsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addım oldu. Ağdam Cümə məscidinin, İmarət kompleksinin və digər tarixi abidələrin bərpası xalqımızın çoxəsrlik tarixinin və mənəvi irsinin qorunmasına yönəlmiş siyasətin tərkib hissəsidir. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 2146 ailə – 8300 nəfər doğma yurduna qayıdıb. Ağdamda yenidən yanan ev işıqları Böyük Qayıdışın ən təsirli mənzərəsidir. 20 Noyabr – Ağdam şəhəri günü xalqımızın yaddaşında işğalın sona çatdığı, tarixi ədalətin bərpa olunduğu və yeni quruculuq mərhələsinin başlandığı gün kimi yaşayır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri