14 yanvar 2021 16:46
233

AMADA-nın direktoru ekspert məsləhətçi qrupunun üzvü seçilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Milli Antidopinq Təşkilatları üzrə (NADO EAG) yeni yaradılmış ekspert məsləhətçi qrupunun üzvü seçilib.

AMADA-dan "İki sahil"ə bildiriblər ki, 10 mütəxəssisdən ibarət ekspert məsləhətçi qrupunda Azərbaycan da daxil olmaqla, 9 ölkənin (Azərbaycan, Norveç, Peru, İsveç, Tunis, Kanada, Böyük Britaniya, Fransa, Çin) və bir beynəlxalq təşkilatın (İNADO) nümayəndəsi təmsil olunur.

Yeni yaradılan ekspert məsləhətçi qrupunun məqsədi ÜADA-ya bütün milli antidopinq təşkilatlarının qısa və uzunmüddətli inkişaf proqramları üzrə ekspert məsləhət, tövsiyə və təlimatları verməkdir.

Qeyd edək ki, 2021-ci ildə yeni Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların qüvvəyə minməsi ilə paralel olaraq, Agentliyin özündə də rəhbər, işçi və ekspert qurumları ilə bağlı bəzi struktur dəyişiklikləri edilib. Bu dəyişikliklərdən biri də bəzi məsləhətçi qrupların ekspert qruplarına çevrilməsidir. Dəyişikliklərə əsasən, yeni yaradılan qrupların ÜADA İcraiyyə Komitəsi və Təsisçilər Şurasının baxdığı məsələlərə ekspert məsləhətləri verməsi təmin edilib.