Respublikamızın iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf konsepsiyaları, qəbul olunan Dövlət proqramları, Strateji Yol xəritələri Azərbaycanda davamlı inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasına böyük töhfələr verib. Ölkəmizin davamlı inkişafının təmin olunmasında dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir.
Ölkəmizdə iqtisadi siyasətin əsas parametrlərindən biri də sahibkarlığın daha da inkişaf etdirilməsidir. Genişmiqyaslı islahatların davam etdirilməsi, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində köklü dəyişikliklər, regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, infrastruktur təminatının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bank sektorunun sağlamlaşdırılması, vergi və gömrük sahəsində sistemli islahatların aparılması sahibkarlığın inkişafına böyük töhfələr verib. Bundan başqa, ölkə başçısının Fərman və sərəncamlarının, Dövlət proqramlarının uğurlu icrası, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması, aqrar sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də sahibkarlığın inkişafına ciddi təkan verib.
Bu gün ölkə başçısı tərəfindən prioritet istiqamət kimi müəyyən edilmiş kənd təsərrüfatı sahəsində davamlı inkişafın və dayanıqlığın artırılması məqsədilə kompleks tədbirlər davam etdirilir. Həyata keçirilən sistemli tədbirlər sırasında fermerlərin risklərinin azaldılması və aqrar sığortanın tətbiqi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, aqrar sığorta sisteminin təkmilləşdirilməsi ölkəmizdə idxaldan asılılığın azaldılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq, bu sahəyə biznes marağının artmasına və investisiyaların təşviqinə şərait yaradacaqdır. Aqrar sığortanın tətbiqi və inkişaf etdirilməsi Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, habelə maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritələrində də öz əksini tapıb. Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 11 aprel 2017-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərdən biri də effektiv, dayanıqlı və sağlam kənd təsərrüfatı sığortası mexanizminin yaradılmasıdır.
Respublikamızda qeyri-neft sektorunun əsas sahələrindən biri kimi kənd təsərrüfatının inkişaf etdirilməsi əsas hədəflərdəndir. Aqrar sahədə sahibkarları təşviq etmək, onların problemlərinə diqqəti artırmaq üçün əsas vasitələrdən biri sığorta mexanizmidir. Ekspertlər qeyd edirlər ki, “Aqrar sığorta haqqında” Qanun ölkəmizdə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Bu qanunun tələblərinə görə, aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı kötükləri, kənd təsərrüfatı məqsədləri üçün yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları aqrar sığortanın əsas predmetləri sırasındadır. Aqrar sığortanın sadalanan predmetlərinin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları aqrar sığortanın predmeti ola bilməz. Bu tələbə riayət olunması qaydası sığorta qaydaları ilə müəyyən edilir.
Ümumiyyətlə, sığorta aqrar sahəyə biznes marağını artırır, investisiyaları təşviq edir. Digər tərəfdən, aqrar sahədə sığortanın tətbiqi bu sahədə dayanıqlı inkişafı təmin edir, istehsalı artırır, dolayısı ilə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına dəstək verir. Bir sözlə, aqrar sığorta kənd təsərrüfatı üzrə maliyyə resurslarına çıxış imkanlarının təkmilləşdirilməsi, bu sahəyə biznes marağının artırılması, investisiyaların təşviqi və nəhayət, davamlı inkişaf və dayanıqlığın güclənməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Zahid Rza,
“İki sahil”