15 fevral 2019 17:01
1745

AQTA sahibkarlara müraciət edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.

AQTA-dan verilən xəbərə görə, agentliyin istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yanında Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

Sahibkarlara bir daha müraciət edilir ki, əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə agentliyə məlumat versinlər. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.