11 sentyabr 2019 10:59
133

Astarada çox mənzilli bina

Astara rayonunda  tikinti-quruculuq işləri bir an belə səngimir. Dövlətin qayğısı sayəsində görülən  tədbirlərin əsasında  əhalinin həyat şəraitinin yaxşılaşması  öndə durur. Hazırda  şəhərin H. Aslanov küçəsində  ucalan bina öz görkəmi ilə  seçilir. Bu yeni tikili  dörd mərtəbəli olmaqla 48 mənzilli yaşayış evidir. Binanın keyfiyyətlə tikilib başa çatması üçün  ötən ili ölkə rəhbərinin  müvafiq sərəncamına əsasən  Prezidentin ehtiyat fondundan Astara  Rayon İcra hakimiyyətinə 3 milyon  manat vəsait ayrılmışdır.

Artıq burada son tamamlanma işləri aparılır.  Belə ki, binanın hörgü işləri  başa çatıb, dam örtüyü vurulub, su, işıq, kanalizasiya, istilik xətləri tam hazırdır. İndi isə otaqların suvağı vurulur, içəridə qalan qapı-pəncərələr yerinə qoyulur. Binada olan mənzillərin 12-si üç, 24-ü iki, 12-si bir otaqlıdır. Rayon icra hakimiyyətin başçısı Qəzənfər Ağayev vaxtaşırı tikinti meydançasına baş çəkir, fəhlələrə lazımi köməkliyini göstərir.  Onu da deyim ki, burada 50-dən çox  işçi çalışır. Onların əksəriyyəti yerli sakinlərdir. İnşaatçıların  əsas məqsədi yeni binanı  dekabr ayında istifadəyə verməkdir.

Bina tam hazır olandan sonra onun arxa hissəsində  daha bir 36 mənzildən ibarət  dördmərtəbəli yaşayış evi tikilər. Hər iki binanın ara sahəsində sakinlərin istirahətindən ötrü guşənin, eləcə də avtodayanacağın inşası nəzərdə tutulubdur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü