04 dekabr 2019 16:40
127

“Azerbaijan Digital Hub” proqramı ilə Azərbaycan Regional Rəqəmsal Mərkəzə çevriləcək

Son 25 il ərzində Azərbaycan mühüm inkişaf yolu keçərək regionun enerji və nəqliyyat mərkəzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət, reallaşdırılan iri infrastruktur layihələri, bu siyasətin hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, bütün sahələrdə aparılan islahatlar Azərbaycanın dayanıqlı inkişafa nail olması ilə nəticələnib və hazırda ölkəmiz regionun lider dövlətidir.

Hazırda dünya dördüncü sənaye inqilabına (Sənaye 4.0) qədəm qoyub. Sənaye 4.0  bizdən dəyişikliklərə daha çevik reaksiya verməyi, innovasiyaları həyatımızın bütün sahələrində tətbiq etməyi tələb edir. Sənaye 4.0 qarşımızda inanılmaz imkanlar açır, cəmiyyətlər və dövlətlərə rəqəmsal transformasiya imkanları təqdim edir. Sənaye 4.0 şəraitində Azərbaycanın qarşısında da mühüm imkanlar açılır. Bu gün Azərbaycanın özünün əlverişli coğrafi mövqeyi, sahib olduğu enerji və nəqliyyat mərkəzləri statusu və potensialından istifadə etməklə ətraf regionlar üçün həm də Regional Rəqəmsal Mərkəzə çevrilmək imkanı vardır.

Məhz bütün bu məqamları və xüsusilə də ölkə başçısı cənab İlham Əliyevin İKT sektorunun dayanıqlı inkişafı istiqamətində məqsədyönlü siyasətini əsas tutaraq hazırda Azərbaycan iqtisadiyyatının özəl sektorunda ən böyük şirkətlərdən olan “Bakcell” şirkətinin törəmə müəssisəsi - magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramı icra edilir. Bu proqram nəzərdə tutur ki, Azərbaycan Avropa və Asiya arasında Regional Rəqəmsal Mərkəzə çevrilsin və Qafqaz, MDB, Yaxın Şərq, Orta və Cənubi Asiya və digər ətraf region dövlətlərinin (dünya əhalisinin 14-i və ya 1.8 milyard əhali) internet və müxtəlif rəqəmsal xidmətlərə olan ehtiyacını daha yaxşı təmin etsin. Bakı şəhəri dünyanın internet xəritəsinə əlavə edilsin və Amsterdam, Frankfurt, Sofiya, London, İstanbul, Dubay kimi İnternet Mübadilə Mərkəzinə (IXP – Internet Exchange Point) çevrilsin.

“Azerbaijan Digital Hub” proqramı ümumilikdə 3 mərhələdən ibarətdir və son nəticədə rəqəmsal ekosistemin formalaşmasına töhfə verəcək. Proqramın birinci mərhələsi ölkə daxilində və xaricində iri infrastruktur quruculuğu layihələrinin icrasını, ikinci mərhələsi Bakının internet mübadilə mərkəzinə çevrilməsi və burada regional Data mərkəzin tikilməsini, üçüncü mərhələ isə rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur.

Proqramın icrası yeni iş yerlərinin açılmasına, rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyatın formalaşmasına və bu istiqamətdə kiçik və orta biznesin inkişafına, yeni rəqəmsal məhsulların yaranması və “Made in Azerbaijan” brendi altında ixracına töhfə verəcək. Bütün bunlar isə son nəticədə ölkədə rəqəmsal ekosistemin formalaşmasına şərait yaradacaq. Xüsusilə, ilkin infrastruktur quruculuğu mərhələsindən sonra ikinci mərhələdə regionda ən böyük Data mərkəzin tikilməsi iri kontent provayderləri olan şirkətlərin (Amazon, Alibaba, Facebook, Google, Netflix, Tencent və s.) burada nümayəndəlikərini açması, məlumatları burada saxlaması və kontentin məhz buradan digər regionlara daşınmasına imkan verəcək.

Proqramın icrası üçün iri infrastruktur layihələri icra edilir

“Digital Hub” proqramı çərçivəsində artıq bir sıra işlər görülüb. Ölkə daxilində infrastruktur quruculuğu istiqamətində “AzerTelecom” Azərbaycan Dəmir Yolları QSC ilə birgə mövcud dəmir yollarının qorunma zolağı boyu magistral fiber-optik kabel xətlərinin tikintisi layihəsini icra edir ki, bu da ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına töhfə verəcək. Bu, həmçinin qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşmasına, Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxardacaq.

“AzerTelecom” proqram çərçivəsində ölkə xaricində infrastruktur quruculuğu istiqamətində isə Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi layihəsini reallaşdırır. Magistral kabel xətti iki marşrut - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan istiqamətlərində çəkiləcək.

Artıq bu ilin 19 mart tarixində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb. Azərbaycan-Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş isə 28 noyabr tarixində Türkmənistanın Aşqabad şəhərində baş tutmuş “Türkməntel 2019” - 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində imzalanıb.

Dövlətlərarası sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə uzunluğu 380-400 km olacaq magistral kabel xətti Azərbaycan tərəfdən “AzerTelecom” şirkəti, Qazaxıstan tərəfdən isə “KazTransCom” və “Transtelecom” şirkətləri tərəfindən çəkiləcək. Uzunluğu təqribən 300 km olacaq Azərbaycan-Türkmənistan marşrutunun operatorları isə Azərbaycan tərəfdən “AzerTelecom”, Türkmənistan tərəfdən isə “Türkməntelekom” telekommunikasiya operatorudur.

Transxəzər fiber-optik kabel xətti Azərbaycandan keçməklə Avropa və Asiya qitələri arasında rəqəmsal dəhlizin - tarixi ipək yolunun üzərində yeni Rəqəmsal İpək Yolunun formalaşması, Qafqaz, Orta Asiya və Cənubi Asiya, Uzaq Şərq kimi regionların telekommunikasiya infrastrukturunun inkişafı və bu regionların Azərbaycan vasitəsilə internet və gələcəkdə müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsində mühüm rol oynayacaq.

Araşdırmalar göstərir ki, Asiya qitəsində internet və rəqəmsal xidmətlərə olan ehtiyac hər il artır. Hazırda Asiya qitəsində 4.2 milyard nəfərdən çox əhali yaşayır. Internet World Stats (Dünya üzrə internetdən istifadə, əhali, sosial media statistikası və internet bazarını araşdıraraq məlumatları təqdim edən beynəlxalq internet resursu) resursunun verdiyi məlumata əsasən, Asiyada internetin nüfuz etmə səviyyəsi 54.2 %-dir. Avropa qitəsində isə əhalinin sayı 1 milyarda yaxındır (internetin nüfuz etmə səviyyəsi 86.8 %). Dünyanın həm əsas internet mübadilə mərkəzləri, həm də iri kontent provayderləri Avropada yerləşir. Başqa sözlə Avropa internet və kontentin istehsalçısı, Asiya isə istehlakçısıdır. Asiya qitəsində internet trafiki və kontentə olan ehtiyacın hər il artması dövlətləri və telekommunikasiya operatorlarını yeni marşrutlar axtarmağa və inşa etməyə sövq edir.

Transxəzər fiber-optik kabel xətti Asiya ölkələrinin data trafikinə ehtiyacını təmin edəcək

“AzerTelecom” tərəfindən Qazaxıstan və Türkmənistanın tərəfdaş telekommunikasiya operatorları ilə birgə reallaşdırılan və Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xətti Avropa ilə Asiya arasında Azərbaycanın rəqəmsal mərkəz olaraq mövqelənməsinə, eləcə də region ölkələrinə yeni bağlantı (connectivity) imkanlarının təqdim edilməsinə imkan verəcək. Transxəzər fiber-optik kabel xətti region ölkələrini hazırda internet xidməti ilə təmin edən digər marşrutlardan fərqli olaraq bir çox üstünlüklərə sahib olacaq. Bunlar aşağıdakılardır:

Azərbaycanın unikal coğrafi mövqeyindən (Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin mərkəzi) istifadə etməklə Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xətti daha qısa marşrutdur;

Bu magistral xəttin qısa marşrut olması informasiyanın daşınmasında gecikməni (latency) əhəmiyyətli şəkildə azaldacaq. Hazırda Avropa və Asiya arasında mövcud olan marşrutların hər birinin uzun məsafəni qət etməsi səbəbindən data tarfikinin daşınmasında gecikmə müşahidə olunur;

Transxəzər fiber-optik kabel marşrutu Orta, Cənubi Asiya və digər ətraf regionlarda yerləşən dövlətlərdə data istehlakı və bağlantı xidmətlərinə olan ehtiyaca adekvat cavab verə biləcək və Avropa ilə Asiya arasında data tranzit ehtiyaclarını tamamilə ödəyəcək.

Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi Azərbaycanın, ümumilikdə isə Asiya qitəsində böyük bir arealın rəqəmsal inkişafına mühüm töhfə verəcək, rəqəmsal transformasiya proseslərini daha da sürətləndirəcək.

Ümimilikdə “Digital Hub” proqramının icrası Sənaye 4.0 şəraitində telekommunikasiya sektorunun davamlı inkişafı, müxtəlif sahələrdə innovasiyaların tətbiqi, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin irəliləməsi, iqtisadiyyatın inkişafı və rəqəmsal transformasiya proseslərinin həyata keçməsinə mühüm töhfə verəcək.

Fuad Allahverdiyev,

“AzerTelecom” MMC-nin Baş direktoru,
“Azerbaijan Digital Hub” proqramının rəhbəri