10 avqust 2020 19:58
8830

Azərbaycan Avrasiyanın yeni enerji xəritəsini tərtib edir

Azərbaycan nəhəng  enerji layihələrini reallaşdırmaqla Avrasiyanın yeni enerji xəritəsini tərtib edir

Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində  bir daha bu reallığı diqqətə çatdırmışdır ki, «Azəri-Çıraq-Günəşli» yatağının təcrübəsi göstərir ki, «Qarabağ» neft yatağı  daha böyük potensiala malik ola bilər 

29 ilə yaxın müstəqillik tarixinə malik olan  Azərbaycanın uğurları   ulu öndər Heydər Əliyevin  «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz» fikirlərinin təsdiqi olmaqla yanaşı, eyni zamanda, bu gerçəkliyi də şərtləndirir ki,  ölkəmiz  regional  əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru addımlamağı əsas hədəf kimi qarşıya məqsəd qoyaraq bu istiqamətdə əhəmiyyətli layihələrə imza atır. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi bugünümüzə hesablanmış inkişaf strategiyasının əsasıdır. Azərbaycan malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə  təşəbbüsləri gerçəkliyə çevirməklə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin icrası ölkəmizin, eyni zamanda, iştirakçı və dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar yaratdı. Qeyd etdiyimiz kimi, əməkdaşlığın coğrafiyası getdikcə genişlənərək regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf edib.  2018-ci ilin mayında   Cənub Qaz Dəhlizinin rəsmi açılışı, iyunda onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi, cari ildə TAP-ın istifadəsinin nəzərdə tutulması da deyilənlərin təsdiqidir.  Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdıralacaq.

Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışı mərasimində bildirmişdir ki, 4 il bundan əvvəl, yəni 2014-cü ildə «Əsrin müqaviləsi»nin  imzalanmasının 20 illiyində  Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman  əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.

Göründüyü kimi, Xəzər hövzəsinin zəngin  enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur.  Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dünyanın 7 ölkəsini ( Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkətinin ( «Amoco», BP, «McDermott», «Unocal», SOCAR,  «Lukoil», «Statoil», «Türkiyə Perolları», «Pennzoil», «Ramco», «Delta») iştirak etdiyi «Əsrin müqaviləsi»ndən sonra onlarla saziş imzalanıb. 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması neft strategiyasının yeni mərhələsinin əsasını qoydu. Bu müqavilə müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ümumi daxili məhsulun artımı, yeni iş yerlərinin yaradılması və sosial rifahın yaxşılaşdırılması kimi dəyərləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev  Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizdə inşa edilmiş və ən böyük qurğu olan  «Qarabağ» dayaq blokunun istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək bildirmişdir ki, bu layihə bir daha göstərir ki,  xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır: «Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək.»

Məlumat üçün qeyd edək ki, “Qarabağ” yatağı Xəzər dənizində, Cənub Xəzər hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində, Bakı şəhərindən 130 km məsafədə, «Neft Daşları» və «Günəşli» yataqlarından isə 20-25 km aralıda yerləşir.  Yataqda 1997-98-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti (CİPCO) konsorsiumu tərəfindən qazma işləri aparılmışdır. 2020-ci ildə SOCAR və «Equinor» şirkətinin birgə qazma əməliyyatı vasitəsi ilə məhz neft yatağı kimi kəşf edilmişdir. «Qarabağ» yatağı 60 milyon ton neft ehtiyatına malikdir.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm rol oynamaqdadır. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Soveti dənizin dərin hissəsində dayaq bloklarının istehsalı üzrə zavodun tikintisi barədə qərar qəbul etdi. 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı.

1984-cü ildə tikilib istifadəyə verilmiş və ildə 60,000 ton metal-konstruksiya istehsal etmək qabiliyyətinə malik olan zavod Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayəyə çevrildi. Zavod işə salınandan sonra Azərbaycan SSR dənizin 200 metr dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri olan konstruksiyaların istehsalı üzrə unikal imkanlara sahib oldu. Zavodun mövcudluğu əfsanəvi “Əsrin müqaviləsi»nin bağlanılması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. “Əsrin müqavilə»sni imzalamaqdan əvvəl zavod artıq dənizin 100 metrdən başlamış 163 metrədək dərinliyində neft və qaz çıxarmaq üçün 11 stasionar dəniz platforması quraşdırmışdı. 1995-ci ildən başlayaraq Bakı Dərin Özüllər Zavodu beynəlxalq enerji bazarının nəhənglərindən olan «Petrofac», «McDermott», «Caspian Shipyard Company LTD», «Star Gulf FZCO» və «British Petroleum» (BP) şirkətləri ilə əməkdaşlağa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı.

Bakı Dərin Özüllər Zavodunun  güclü istehsalat qabiliyyəti BOS Şelfin gələcək uğurlarının əsas elementinə çevrildi. Zavodun infrastrukturundan istifadə etməklə «BOS Şelf» iri layihələrin həyata keçirilməsinə başladı. BDÖZ-ün operatoruna çevrildikdən sonra «BOS Şelf» zavodda yenidənqurma işlərinə start verdi. «BOS Şelf»in idarəetməsi altında zavod tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinti-quraşdırma müəssisəsinə çevrilməkdədir.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına  müsahibəsində ölkəmizdə həyata keçirilən digər  nəhəng neft-qaz layihələrinə diqqəti yönəldərək bildirmişdir ki,  “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür. «Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir» söyləyən ölkə Prezidenti onu da bildirir ki,  Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. Bu yataq bizim əsas gəlir mənbəyimizdir.  Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir.  Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaq. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir.

Dövlətimizin başçısı İlham Əliyev «Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib» söyləyərək vurğulamışdır ki,  bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaq və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin.

Prezident  İlham Əliyev reallığa çevrilən və  icrası davam edən layihələrin fonunda bu  məqamı xüsusi qeyd etmişdir ki, əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq.

Dövlətimizin başçısı İlham Əliyev qeyd edilən müsahibədə  texnoloji  baxımdan nəhəng  və mürəkkəb  konstruksiya olan «Qarabağ» dayaq blokunun istifadəyə verilməsinin  Azərbaycanın qüdrətini göstərdiyini əsaslı şəkildə diqqətə çatdırmışdır. Qurğu Azərbaycan tərəfindən müasir beynəlxalq tələblərə uyğun istehsal olunub.  Xəzər dənizində ən böyük platformadır. Azərbaycan artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkədir. Artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər. Qurğu 100 milyonlarla dəyəri olan yeni texnoloji imkanlara yol açır. Əvvəllər xarici şirkətlərin qazandığı böyük pulları indi yerli şirkətlər qazanır.  Görülən işlərin maya dəyəri aşağı düşür və bundan ölkə qazanır.

Bu məqamı da xüsusi qeyd edək ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz ixracatçısına çevrilib.   Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün  nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə  Azərbaycan amilinə  xüsusi önəm verilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudduğu xüsusi qeyd edilir.  Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində enerji  sektorunda əməkdaşlıqla bağlı xüsusi müddəa öz əksini tapıb. Cənub Qaz Dəhlizinin rəsmi açılışı  əməkdaşlığın coğrafiyasının genişlənəcəyi barədə proqnozların reallıqda öz əksini tapacağına əminliyi artırdı. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və  İtaliyanın iştirakını xüsusi qeyd edərək bu əminliyi də ifadə etmişdir  ki,   üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə  layihəyə qoşulacaqlar. «Cənub Qaz Dəhlizinin qolları olmalıdır» hədəfinə uyğun olaraq  ixrac imkanlarının  genişləndirilməsinin prioritetliyi açıqlanır.

Ölkə Prezidenti  İlham Əliyev çıxışlarında daim  bu fikri də  xüsusi qeyd edir ki, bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, maneəsiz həyata keçirdik. 2006-cı ildə  BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi  bu layihələrsiz  təsəvvür etmək mümkün deyil.  Bu layihələr  ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da  liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. «Əgər biz təşəbbüs göstərib 2012-ci ildə  Türkiyə ilə  birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa  bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.» Cənab  İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən - «Şahdəniz», Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi   ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə  imkanları yaradacaq, zəngin qaz resurslarımızın  dünya bazarlarına bundan sonra  onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək. «Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” söyləyən  ölkə Prezidenti Cənub Qaz Dəhlizinin  gələcək əlaqələr üçün  çox vacib amil olduğunu diqqətə çatdırır.

Təşəbbüslərin qısa müddətdə reallığa çevrilməsi onu təsdiqləyir ki,  birgə səylər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir.  Cənab İlham Əliyev bir daha Azərbaycanın şaxələndirmədə, layihələrin iştirakçı olan ölkələrin coğrafiyasının genişləndirilməsində maraqlı olduğunu təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrdən bəhs edərkən onların  ölkəmizə, eyni zamanda, iştirakçı dövlətlərə hansı faydaları gətirəcəyini də vurğulayır.

Onu da  qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin  1999-cu ildə  imzaladığı Fərmana  əsasən, karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, əhali arasında bərabər bölgü prinsipinin yüksək səviyyədə həyata keçirilməsi, təbəqələşmə prosesinin baş verməməsi,  vəsaitlərin  prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması bugünkü  sosial-iqtisadi layihələrin uğurlu icrasında əhəmiyyətli rol oynayır. Şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitləri hesabına Azərbaycanın hərtərəfli inkişafına xidmət edən layihələr icra edilir. Məhz uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq maliyyə qurumlarının hesabatlarında bu proqnoz xüsusi yer alır ki, Azərbaycanın iştirakçısı olduğu  enerji layihələrinin uğurlu icrası nəticəsində büdcəyə  200-250 milyard dollar vəsait daxil olacaq ki, bunlar da öz növbəsində sosialyönümlü layihələrin icrasına geniş imkanlar açmaqla əhalinin sosial müdafiəsini gücləndirəcək.

Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Təkcə Dünya Bankının ayrı-ayrı illər üzrə hesabatlarına diqqət yetirsək, görərik ki, Azərbaycanın qərarlaşdığı yerlərdə dəyişikliklər həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarının davamlılığına, islahatların zamanın tələbinə uyğun təkmilləşməsinə əsaslanır.

Göründüyü kimi,  neft gəlirlərinin düzgün istiqamətləndirilməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməyi şərtləndirdi. Son 17 ildə  ümumi daxili məhsulun 3 dəfədən çox artması, 2013-2020-ci illərdə  daha iki dəfə artırılmasının nəzərdə tutulması da deyilənlərin təsdiqidir.  Azərbaycanda son 17 ildə yoxsulluq səviyyəsi təxminən 49 faizdən 4,8 faizə enib, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, «qara qızıl»- neft və qaz insan kapitalına çevrilib. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu faktı xüsusi qeyd edir ki, dünyada neftlə zəngin çox ölkələr var, amma bu resurs heç də həmin dövlətlərə uğur gətirmir. Həmin ölkələrdə təbəqələşmə prosesi sürətlə gedir. Amma Azərbaycanın neft strategiyasını inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi.

Prezident İlham Əliyevin  qeyd olunan müsahibədə səsləndirdiyi  fikirlər ulu öndər  Heydər Əliyevin   müəllifi olduğu  neft strategiyasının mahiyyətini, ötən dövr ərzində  enerji  resurslarının hasilatı və ixracı sahəsində reallaşdırılmış layihələrin  xronologiyasının,  neft strategiyasının həyata keçirilməsinin Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətinin aydın  mənzərəsini yaradır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana böyük həcmdə investisiyalar qazandırdı. Bu gün ölkə iqtisadiyyatına  270  milyard dollara yaxın  investisiya yatırılıb ki, bunun böyük hissəsini xarici investisiyalar təşkil edir. Bu uğurumuza yol açan əsas amil isə təbii ki, ulu öndər Heydər Əliyevin «açıq qapı» siyasəti, iş adamlarında yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əminliyin yaradılmasıdır. Son 17 ildə ulu öndər Heydər Əliyevin  siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni inkişaf modelinin təqdimatını şərtləndirdi. Hər bir layihənin uğurlu sonluqla başa çatması yeni layihəni gündəmə gətirir. Artıq Azərbaycan əməkdaşlığın coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi nüfuzunu artırır, dünya birliyinin layiqli üzvü kimi söz sahibinə malik olduğunu təsdiqləyir.  Azərbaycanın reallaşdırdığı enerji layihələri  dövlətlər, xalqlar arasında körpü rolunu oynayaraq, daim bu roluna yeni-yeni əlavələr edir.

Yeganə Əliyeva, «İki sahil»