16 may 2020 18:53
718

Azərbaycan dünya iqtisadiyyatının bir hissəsinə çevrilib

Dünyanın aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa marağı ölkəmizdə həyata keçirilən islahatlarla əlaqədardır

Azərbaycan Prezidenti İlham Əliyevin CISCO şirkətinin rəhbərləri ilə videokonfrans şəklində görüşü onu deməyə əsas verir ki, dövlət başçısı koronavirus pandemiyası şəraitində belə ölkənin iqtisadiyyatının dayanıqlılığının təmin olunması üçün səylərini əsirgəmir. CISCO kimi nüfuzlu bir şirkətin Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyi ABŞ kimi supergücün ölkəmizə iqtisadi marağının olduğunu bir daha göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Elxan Ələsgərov deyib.

Politoloq bildirib ki, CISCO şirkətinin rəhbərləri ilə keçirilən videokonfrans bundan əvvəlki görüşlərin davamıdır. Belə ki, bir müddət öncə dövlət başçısının təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşlərində çətin pandemiya şəraiti ilə əlaqədar vəziyyət müzakirə olunmuşdu.

CISCO-nun texnologiya sahəsində ABŞ-ın və dünyanın ən nüfuzlu şirkətlərindən biri olduğunu xatırladan E.Ələsgərov bildirib ki, onun təxmini maliyyə dövriyyəsi ildə 42-45 milyard dollar təşkil edir. Şirkətin ölkəmizlə əməkdaşlıq etməsinin bir neçə səbəbi var. Bu səbəblərdən biri də Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə nümunə göstərməsi və ümumi vəziyyətin, iqtisadi sabitliyin nəzarətdə saxlanılmasıdır. TDƏŞ-in Zirvə görüşündə də qeyd edildiyi kimi, Azərbaycan çətin şəraitə baxmayaraq, Şumal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətini təmin edib və eyni zamanda, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına digər ölkələrlə müqayisədə ciddi ziyan vurmayıb. Təbii ki, nəhəng şirkətlər belə məsələləri diqqətdə saxlayır və əməkdaşlıq əlaqələrində buna üstünlük verirlər. Belə demək mümkünsə, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının inkişafı üçün təməl var.

Azərbaycan dünya iqtisadiyyatının bir hissəsinə çevrilib. Ölkəmiz neft, qaz, energetikadan başqa, digər istiqamətlərdə - kənd təsərrüfatı, nəqliyyat, turizm sahələrində də dünyaya açıqdır. Bu müsbət göstəricilər Azərbaycana dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq etməyə imkan verir. Digər tərəfdən, xarici şirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi üçün qanunvericilik, maliyyə imkanları münasibdir. Əlbəttə ki, bütün bunlar investisiya qoyuluşunda mühüm şərtlərdəndir. Azərbaycanda görülən işlər, aparılan islahatlar nəticəsində iqtisadi zona üçün münbit zəmin yaranıb. Bu da təbii ki, dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsidir.

Politoloq bütün bunların təsdiqi kimi CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerin fikirlərini xatırladıb. Bildirib ki, xanım Kramer Azərbaycan Prezidentinin texnologiyaya belə açıq olmasını və onun ölkə üzrə tətbiqinə hazır olmasını yüksək dəyərləndirib. Qeyd edib ki, Prezident İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir.

Politoloq Prezident Donald Trampın 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubuna da münasibət bildirib. O bildirib ki, məktubda yer alan fikirlər iki ölkə arasında dostluq münasibətlərinin təzahürüdür. ABŞ Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Ölkələrimiz beynəlxalq təhlükəsizlik, enerji təchizatının şaxələndirilməsi və digər sahələrdə uzun illərdir ki, əməkdaşlıq edirlər və bu əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək.