12 may 2020 10:27
1752

Azərbaycan dünyanı birləşdirir

Dövlətimizin başçısı İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında diqqəti ölkəmizin koronavirusla bağlı beynəlxalq səviyyədə keçirdiyi tədbirlərə yönəldərək bildirmişdir ki, həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik

Bu gün ölkə və dünya mətbuatında pandemiyanın insan sağlamlığına, ölkələrin iqtisadiyyatına vurduğu zərbə ilə yanaşı, hər bir dövlətin bu çətinliklərdən necə çıxmaq istədiyi, hansı modeli ortaya qoyduğu geniş müzakirə olunmaqdadır. Təbii ki, bu problem xəstəliklə əlaqədar olduğu üçün ilk öncə səhiyyə sistemində mövcud imkanlar diqqət çəkir. Azərbaycan səhiyyəsi bu gün inkişaf dövrünü yaşayır.

Dövlətimizin başçısı İlham Əliyevin insan amilinə verilən dəyərdən qaynaqlanan addımları yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsindən, maddi-texniki bazasının möhkəmləndirilməsindən, yüksək ixtisaslı, fədakar həkim heyətinin insanların sağlamlığının keşiyində dayanmasından aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Bakıda modul tipli xəstəxana kompleksi də bu diqqət və qayğının tərkib hissəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında may ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək.

Azərbaycanın mübarizə tədbirləri ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirilir. Tədbirlər sistemli xarakteri ilə diqqət çəkir. Ciddi karantin rejimi tətbiq olundu. 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyuldu. Bu yaşda olan vətəndaşlarımız virusa yoluxmağa daha riskli qrup kimi diqqətə alındı. Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanların vacib olmadığı təqdirdə evlərindən çıxmaması bu gün də tövsiyə olunur. Lazım olan gigiyena və özünütəcrid qaydalarına riayət etmək bir tələb kimi qaqşıya qoyulub. “Biz nə etməliyik” sualı ətrafında fikirlərini açıqlayan cənab İlham Əliyev bildirir ki, qaydaların pozulmasına imkan verə bilmərik: “...hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.”

Vacib və əhəmiyyətli addımlardan biri kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını qeyd etməliyik. Ölkə Prezidentinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını həmin fonda keçirmələri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Sahibkarlar, ayrı-ayrı dövlət qurumları, o cümlədən sadə insanlar fonda ianələr köçürdülər. Dövlətimizin başçısı İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər: “Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.” Göründüyü kimi, dövlət dəstəyi, dövlət-vətəndaş birliyi, səhiyyə sisteminin inkişafı, həkimlərimizin yüksək məsuliyyəti kronavirus pandemiyasına qarşı mübarizədən az itki ilə çıxacağamıza inamı daha da artırır.

Ölkə Prezidenti İlham Əliyev bu müqayisəli təhlili diqqətə çatdırır ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanaları onların ixtiyarına verilir. Ümumilikdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir. Statistkaya diqqət yetirsək, 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir, yaxın vaxtlarda istifadələri nəzərdə tutulub. Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olmuşdur. Təbii ki, bu sahəyə diqqətin, Azərbaycan səhiyyəsinin inkişafının, peşəkar və təcrübəli həkim kontigentinin olmasının nəticəsidir ki, dünyanı bürüyən və fəsadları daha da dərinləşən koronavirus infeksiyasına qarşı mübarizənin birinci mərhələsini uğurla başa vurduq. Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da görülən tədbirlərin miqyasının genişləndirilməsinə, ən əsası səhiyyənin inkişafına və insanların sağlamlığının təminatına xidmət edən addımlar sırasındandır. Sənəd koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə imzalanıb. Modul tipli ilk xəstəxana kompleksinin istifadəyə verilməsi insanların sağamlığının prioitetliyini, ən əsası qeyd olunan Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrasını təsdiqlədi.

Dövlətimizin başçısı İlham Əliyev xəstəxana kompleksinin açılışındakı nitqində bu məqamı da xüsusi qeyd etmişdir ki, istisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır: “Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Bütün bu işləri biz görürük ki, vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlayaq.”

Azərbaycan dövlətinin atdığı bu addımlar beynəlxalq birlik tərəfindən də qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri yüksək qiymətləndirib, ölkəmizi nümunəvi ölkə adlandırıb. Təbii ki, bu nümunəviliyi şərtləndirən amillər istər ölkə daxilində görülən işlər, istərsə də beynəlxalq həmrəliyə, birliyə verilən töhfələrdir. Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videoformatda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə bu fikirlər xüsusi qeyd olunmuşdur ki, təəssüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyi özünü təsdiqlədi.

“Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, ondan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə: “Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu yaxınlarda artıq Qoşulmama Hərəkatının sədri kimi əlavə 5 milyon dollar ianə verdik Ümumdünya Səhiyyə Təşkilatına ki, bizimlə razılaşdırmaqla Hərəkata üzv ölkələrə yardım göstərilsin.”

Dövlətimizin başçısı İlham Əliyev modul tipli ilk xəstəxana kompleksinin açılışında diqqəti bu günlərdə Azərbaycanın, cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən iki Zirvə görüşünə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünə və Qoşulmama Hərəkatının Zirvə görüşünə yönəldərək bildirmişdir ki, bu təşəbbüs vaxtında və yerində olan təşəbbüsdür. Bütün dünya birliyi bunu alqışlayır və Azərbaycanın rolunu qeyd edir.

Əvvəlki yazılarımızda da bu məqamı xüsusi qeyd etmişik ki, Azərbaycan daim müxtəlif sahələri əhatə edən, müxtəlif mövzuda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində ideal məkan kimi qəbul olunur. Ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayan həmin tədbirlərin bu gün ölkəmizin təşəbbüsü ilə keçirilən Zirvə görüşlərindən fərqi ondan ibarətdir ki, hazırda dünya çaşqın vəziyyətdə, pandemiyaya yoluxanların və ölüm hallarının sayı günbəgün artmaqdadır. Belə bir vəziyyətdə, hər bir ölkənin özünü düşdüyü çətinlikdən xilas etmək üçün yollar axtardığı zamanda dövlətimizin başçısı İlham Əliyev koronavirusa qarşı mübarizəni birgə aparmağa, həmrəylik, birlik nümayiş etdirməyə çağırdı. “Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq” söyləyən cənab İlham Əliyev bildirir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü dünya miqyasında onlayn formatda birinci Zirvə görüşü idi. Qoşulmama Hərəkatının Zirvə görüşü isə 120 ölkəni birləşdirir. Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında, bu günə qədər hər hansı bir ciddi təmas olmayıb. Çünki bu iki təsisat fərqli qütblərdə yerləşir və bir çox hallarda onların baxışları üst-üstə düşmür: “Ona görə bu da bir ilkdir. Əgər biz ölkələrin sayını götürsək, görərik ki, Qoşulmama Hərəkatında 120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir. Düzdür, onların bəziləri Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir.”

Təbii ki, pandemiya hər bir dövlətin malik olduğu imkanları təqdim etməklə yanaşı, onlar arasında əlaqələrin bugünkü səviyyəsinə də aydınlıq gətirdi. Bir daha bu reallıq diqqətə çatdırıldı ki, real baxışların formalaşması əsasında qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq olar. Baxmayaraq ki, əvvəldə də qeyd etdiyimiz kimi, bəzi dövlətlər, qurumlar arasında əməkdaşlıq əlaqələri mövcud olmayıb, bir sözlə, birinin problemi digərini narahat etməyib. Azərbaycan birləşdirici, sabitləşdirici missiyasını uğurla yerinə yetirməklə beynəlxalq aləmdə yeni bir mənzərəni formalaşdırdı. Təsadüfi deyil ki, BMT-nin Baş katibi Qoşulmama Hərəkatının Zirvə görüşünə videomüraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinə belə bir görüşü təşkilinə görə təşəkkürünü bildirərək BMT-nin cənab İlham Əliyevin səylərini dəstəklədiyini xüsusi vurğulamışdır.

Yeganə Əliyeva, “İki sahil”