13 yanvar 2020 20:49
1263

Azərbaycan “Ən yaxşı ölkələr”in siyahısında

Prezident İlham Əliyevin islahatlar kursu qlobal miqyasda yenə də ən yaxşı nümunələrdən biri kimi təqdir edildi

Hazırda dünyada hökm sürən qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir: Ermənistanla müharibə şəraitində olan respublikamızda insan amilinə mühüm önəm verilir, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq Dövlət proqramları uğurla icra edilir. Azərbaycanda kəndlər, qəsəbələr, şəhərlər getdikcə simasını dəyişir, gözəlləşir. Rayonlarda sosial obyektlər inşa olunur, yollar  çəkilir,  yeni iş yerləri yaradılır. Bütün bunlar isə, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial siyasətin, insanlara göstərdiyi diqqət və qayğının, gündəlik  nəzarətin bariz ifadəsidir.

İqtisadiyyatın, xüsusilə də sahibkarlığın inkişafı ölkədəki davamlı sabitliyə, tərəqqi və demokratikləşmə prosesinin ildən ilə daha da güclənməsinə öz layiqli töhfəsini verir, Azərbaycanın hərtərəfli qarantına çevrilir. Maddi imkanlarını ilbəil artıran hər bir insan üçün maneəsiz və sərhədsiz biznes mühiti yaradılır, özəl sektorun imkanları genişləndirilir. Təsadüfi deyil ki, bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizdən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutur. Fərəhli haldır ki, bu reallıqlar yalnız yerli mütəxəssislər tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər. Belə ki, bu günlərdə ABŞ-da yerləşən “U.S. News & World Report” adlı media şirkəti “BAV Group” və “The Wharton School of the University of Pennsylvania” ilə birlikdə 2019-cu ilin “Ən yaxşı ölkələri”nin siyahısını açıqlayıb. Siyahıda yer almış dünyanın 80 ölkəsi arasında Azərbaycanın adı ön sıralardadır. Siyahı dünya üzrə 20.000 dən çox müxtəlif ölkə vətəndaşları ilə aparılmış sorğu əsasında müxtəlif kriteriyalar üzrə, o cümlədən vətəndaşlıq, mədəni təsir, sahibkarlıq, biznes üçün açıqlıq, güc, həyat səviyyəsi kimi meyarlar əsasında hazırlanıb. Təqdirəlayiq haldır ki, ölkə gücünün qiymətləndirilməsində Azərbaycan bir çox aparıcı ölkələri geridə qoyaraq 45-ci yerdə qərarlaşıb. Gücün qiymətləndirilməsi zamanı lider, iqtisadi baxımdan təsirli, siyasi baxımdan təsirli, güclü beynəlxalq müttəfiqlik və güclü silahlı qüvvələr amilləri nəzərə alınıb. İqtisadiyyatın inkişaf tempi baxımından isə ölkəmiz 35-ci yerdə qərarlaşıb. Bu, Prezident İlham Əliyevin məqsədyönlü və dərin iqtisadi islahatlarına verilən beynəlxalq qiymət olmaqla bərabər reallığa çevrilən yeniliklərin dünyanın ən nüfuzlu iqtisadi qurumlarının diqqətindən yayınmamasının əyani təzahürüdür. Yəni ölkəmizin bütün sahədə qazandığı nailiyyətlər, eləcə də həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindədir.

Ötən ilin sentyabr ayında Dünya Bankının hər il hazırladığı yeni “Doing Business” hesabatında Azərbaycanda həyata keçirilən islahatların yüksək qiymətləndirilməsi də deyilənlərin təsdiqidir. “Doing Business 2020” hesabatında Azərbaycan ötən illə müqayisədə daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu hesabatda ölkəmiz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması, müqavilələrin icrasının təmin edilməsi indikatorları üzrə irəliləmişdi. Sənəddə həmçinin göstərilirdi ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib.

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Həm Dünya Bankının “Doing Business” hesabatı, həm də Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi” Prezident İlham Əliyevin islahatlarının dərinləşməsinin qiymətləndirilməsidir. Yəni bu, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan növbəti dövrlərdə də dərinləşmiş islahatları davam etdirəcək.

Sevinc Azadi, “İki sahil”