26 iyun 2020 19:11
686

Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi kifayət qədər yüksəkdir

Soltan Məmmədov: Bu gün Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir

Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Həm aprel döyüşləri, həm Günnüt əməliyyatı bunu bir daha təsdiq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat Soltan Məmmədov qeyd edib ki, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. “Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Azərbaycan Ordusu hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir”, - deyə Soltan Məmmədov vurğulayıb. Onun fikrincə, bundan heç də az əhəmiyyət kəsb etməyən məqamlardan biri də budur ki, Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünya, o cümlədən işğalçı Ermənistan da bilir. Ona görə də Ermənistan rəhbərliyi bu işğalın davam etdirilməsinin ölkəsi üçün daha ağır nəticələrə səbəb olacağını nə qədər tez başa düşsə, bir o qədər yaxşı olar. Öz sərhədlərini qorumaq üçün kifayət qədər imkanlara malik olmayan, iqtisadi resurslardan və inkişaf perspektivlərindən məhrum, ciddi demoqrafik problemlərlə üz-üzə qalmış Ermənistan üçün işğalçılıq siyasətinə son qoyulması, qonşulara qarşı ərazi iddialarından imtina edilməsi yeganə çıxış yoludur. Hələ ki, Ermənistanın yaxşı gələcək qurmaq üçün çıxış yolu var, lakin bu cür davam etsə, bu imkanı da əldən verə bilər. Çünki danışıqlar sonsuza kimi davam edə bilməz.

Milli Məclisin deputatı dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq deyib: “Münaqişələrin həllində bir neçə amil həlledici rol oynayır: geosiyasi şərait, güc, dünya ictimaiyyətinin rəyi və beynəlxalq hüquq. İndiki reallıqlar bütün şərtlərin Azərbaycanın xeyrinə olduğunu göstərir. Biz gec-tez ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki bunun üçün real gücümüz var, Azərbaycan dünyada etimad göstərilən və güvənilən ölkələrdən biridir. Eyni zamanda, beynəlxalq hüquq da bizim tərəfimizdədir”.