16 yanvar 2021 19:15
860

Azərbaycan Qarabağla bağlı növbəti mərhələyə başlayır

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etməsi və səfər zamanı cəmiyyət üçün, o cümlədən də regionla bağlı verdiyi mesajlar çox mühüm məqamları özündə ehtiva edir. Şuşanın strateji əhəmiyyəti, həmçinin Azərbaycan xalqı üçün mənəvi dəyəri çox böyükdür. Şuşa şəhərinin strateji əhəmiyyətini məhz bu şəhərin işğaldan azad olunmasından dərhal sonra Ermənistanın kapitulyasiya aktına qol çəkərək Ağdam, Kəlbəcər və Laçından öz cinayətkar hərbi birləşmələrin çəkmək öhdəliyini götürməsi bir daha sübut edir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

C. Hüseynzadə bildirib ki, Azərbaycanın Ali Baş Komandanı 44 günlük müharibə dövründə bütün bu məqamları mərhələli şəkildə  həyata keçirərək, düşməni elə bir vəziyyətə saldı ki, Ermənistan həm hərbi, həm də sosial-psixoloji cəhətdən ağır duruma düşdü: “ Ali Baş Komandanın da dediyi kimi, bu hərbi əməliyyatlar, o cümlədən Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı dünyanın aparıcı hərbi ekspertləri tərəfindən araşdırılmaqda və öyrənilməkdədir.  Azərbaycan isə Qarabağla bağlı növbəti mərhələyə başlayır. Cənab Prezident Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Bu qərar özü-özlüyündə Şuşanın qısa zaman kəsiyində bərpa olacağına ən böyük işarədir”.

QHT.az saytının rəhbəri qeyd edib ki, cənab Prezidentin əsas məqsədi Şuşanın ilkin, tarixi simasını bərpa etməklə, bu şəhəri regionun ən böyük mərkəzinə çevirməkdir: “Cənab Prezidentin Şuşa səfəri artıq bərpa işlərinə başlanılmasını göstərir. İlk addım kimi Füzuli-Şuşa yolunun, Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Hər iki infrastruktur layihəsi Şuşanın gələcəyi ilə bağlı Azərbaycan hökumətinin mövqeyinin necə olduğunu göstərir. Xüsusən  hava limanının təməlinin qoyulması məhz Şuşanı regional mərkəzə çevirmək məqsədinin olduğunu özündə ehtiva edir. Ölkə başçısı əvvəllər də, gələcəkdə də Azərbaycanın mədəniyyət beşiyi olması ilə bağlı fikirlərini bir daha önə çəkdi. Eyni zamanda,  yararsız hala salınmış və dağıdılmış Saatlı məscidini, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərini ziyarət edərək bəzi müsəlman dövlətlərinin bu  İslam abidələrinə qarşı törədilən cinayətlərə göz yummasını ciddi sürətdə qınadı”.

C. Hüseynzadə qeyd edib ki, dövlətimiz və millətimiz Ali Baş  Komandan İlham Əliyevin rəhbərliyi ilə çox böyük tarixi missiyanı yerinə yetirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa  etdi, Qarabağı işğaldan azad etdi: “ İndi isə qarşımızda ikinci  tarixi missiya durur. Prezident İlham Əliyevin başçılığı ilə işğaldan azad olunmuş Şuşamızı, Qarabağımızı bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz sülh, quruculuq və firavanlıq istəyən xalqıq.  Fikrimcə, dünyanın  ermənilərin 30 il ərzində viran qoyduğu Qarabağla, Azərbaycanın bir neçə ilə bərpa edəcəyi Qarabağı müqayisə etməyə cəsarəti çatar”.

Nigar Orucova, “İki sahil”