24 iyun 2020 23:59
346

Azərbaycanda koronavirusa yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır

“Bütövlükdə deyə bilərəm ki, əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Beləliklə, bizim şəhərlərin mütləq əksəriyyətində xəstəxanalar tikilib və bir neçə şəhərdə tikinti davam edir. Sonuncu xəstəxana Samux şəhərində istifadəyə veriləcəkdir. Bu məqsədlər üçün vəsait ayrıldı və əlavə vəsait də ayrılacaq. Bu gün Bakı şəhərində koronavirus xəstələri daha çox son illər ərzində inşa edilmiş xəstəxanalarda müalicə alırlar. Xüsusilə “Yeni klinika”nı qeyd etməliyəm. O, ölkəmizdə ən gözəl, ən müasir klinikadır və ən böyük tibb ocaqlarından biridir. Təxminən 600 çarpayılıq klinikada bu gün xəstələr müalicə alır. Eyni zamanda, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə tikilmiş Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpuslarının fəaliyyəti hesabına biz xəstələri müalicə edirik”.

“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında deyib.

Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimizin bizi böyük fəlakətdən qoruduğunu bildirən Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır: “Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur.