11 iyul 2020 13:55
1101

Azərbaycanın uğurlu inkişaf strategiyası beynəlxalq qurumlar tərəfindən təsdiq olunur

Fuad Əliyev:  “Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm irəliləyişlər edib”

 

"Məlumdur ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Sevindirici haldır ki, Azərbaycan 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir".

Bu fikirləri "İki sahil"ə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.

F.Əliyev onu da bildirib ki, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm irəliləyişlər edib. Təbii ki, bu Azərbaycanın beynəlxalq səviyyəli növbəti uğurudur: "Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub

Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib. Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi  xarakter daşıyır.”

Partiya sədri onu da vurğuladı ki, 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərib.

Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması,  əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Təsadüfi deyil ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.

Həmsöhbətimiz sonda onu da qeyd etdi ki, aparılan uğurlu xarici siyasi kursunun nəticəsidir ki, Azərbaycan bu gün dünyanın önəmli beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər təşkilatların üzvü kimi onların işində yaxından iştirak edir. Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasi kursunun nəticəsidir ki, milli maraqlarımız hər zaman təmin olunub və Azərbaycan dünyanın önəmli dialoq məkanlarından birinə çevrilib. Bu uğurlu siyasət nəticəsində ölkəmizin çoxşaxəli fəaliyyəti nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Sözügedən amillər ölkəmizin bundan sonra da beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da inkişaf edəcəyinə inamı artırır.

 

Yaqut Ağaşahqızı, "İki sahil"