SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) təşəbbüsü və təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illiyinə, neftçilərin peşə bayramına və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş mini futbol turnirinə yekun vurulub.
Turnirdə “Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen zavodunun, Təmir-tikinti idarəsinin, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin, Sumqayıt “Asan xidmət” Mərkəzinin, Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin, Sumqayıt Şəhər Gənclər Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin, Regional Mədəniyyət İdarəsinin, şəhər Polis idarəsinin, Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin, “Sumqayıt” futbol klubunun, Su-kanal idarəsinin və “Etalon Security” MMC-nin komandaları da daxil olmaqla 16 komanda iştirak edib.
Komandalar hər birində 4 komanda olmaqla 4 qrupda yarışıblar. Etilen-polietilen zavodunun balansında olan Sumqayıt şəhər stadionunun meydançalarında keçirilən və şəhərin futbol üzrə tanınmış hakimlər heyəti tərəfindən idarə olunan oyunlar bir həftə davam edib.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda FHN DYMX-nın Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin komandası turnirin qalibi olub. Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qaliblər “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər. “Etalon Security” MMC-nin komandasına isə turnirdə fəal iştirak etdiyinə və dördüncü yerə çıxdığına görə xüsusi diplom təqdim edilib.
Ceyhun Piriyev, “İki sahil”