27 iyun 2019 10:25
2516

B12 vitamini nə üçün vacibdir?

Sağlam orqanizm üçün bədənimizin mütəmadi olaraq vitamin və minerallara hər zaman ehtiyacı vardır. Bəzi vitamin qrupları vardır ki, orqanizm özü  ona lazım olan vitaminləri istehsal edir, lakin bəzi vitamin qrupları bu qəbildən deyil. Sağlam orqanizm və sinir sistemi üçün olduqca mühüm əhəmiyyət kəsb edən B12 vitamini özü-özünü bərpa edə bilməyənlər sırasındadır. Bəzi zamanlarda isə onun orqanizmdə olan əskikliyi hər hansısa bir xəstəliyin göstəricisi kimi qəbul edilir. Həkimlər isə qeyd edirlər ki, əgər B12 vitamininin əskikliyini orqanizm özündə bəzi dəyişikliklərlə  göstərirsə bunu mütləq şəkildə bərpa etmək lazımdır.

Bəs B12 vitamini nədir? Nəyə görə onun bədəndə çatışmazlığı müxtəlif xəstəliklərə yol aça bilər?

B12, digər adı ilə desək, kobalamin vitamini bədənimizdə qırmızı qan hüceyrələrinin yaranmasında çox böyük əhəmiyyət daşıyan vitamin növüdür. Ümumilikdə sağlamlığımız üçün, bədənimizin qorunmasında müstəsna bir xidməti var. Ancaq həkimlər qeyd edirlər ki, B12 vitamini yalnız qəbul edilən qidalarla orqanizmdə meydana gələ bilər. Bu baxımdan da hər kəs qidalanmasına xüsusilə nəzarət etməlidir.

Kifayət qədər orqanizmimizdə B12 vitamini yoxdursa hansı göstəricilər meydana gələ bilər? Sualımıza həkim-endokrinoloq Aytən Bağırova cavab verdi. Onun sözlərinə görə, unutqanlıq bu məsələdə ilk sırada yer alır. Beyin hüceyrələrimizin yenilənməsi üçün B12 vacib vitaminlər sırasındadır. İkinci sırada saç tökülmələri gəlir. Əgər saçlarda normadan artıq tökülmə varsa ilk növbədə orqanizmdə B12 çatışmazlığı yoxlanılmalıdır. A. Bağırova B12 çatışmazlığının göstəricilərini belə sıraladı: “Gün ərzində özünü yorğun, halsız hiss etmə, gücsüzlük, taqətsizlik, depressiya və həddən artıq əsəbilik kimi hallar da yuxarıda qeyd edilən göstəricilərdən hesab olunur. Diqqətini bir yerə fokuslaya bilməmək, dil üzərindəki nöqtəciklərin yox olmağa başlaması, ağız ətrafında çıxan yaralar, dərimizin quruması, cansız dəri, sürətli çəki azalması, sürətli ürək döyüntüsü, veqan və ya vegeterian pəhrizlərinin həyata keçirilməsi, irəliləyən yaş, mədə kiçiltmə əməliyyatları, mədə və bağırsaq problemləri, mütəmadi olaraq tətbiq edilən yanlış pəhriz orqanizmdə B12 çatışmazlığına gətirib çıxara bilir.”

Həkimlər onu da vurğulayırlar  ki, bu əlamətlərin bir neçəsindən şübhələniriksə bunu sadəcə kiçik bir qan testi ilə də müəyyənləşdirə bilərik. Test nəticəsində göstərilən referans dəyərlərinin  altında bir sonluq görürüksə qidalanmamıza xüsusilə diqqət edərək yalnız həkimlər tərəfindən müəyyən edilmiş müalicə metodları ilə də çatışmayan B12 əskikliyini orqanizmimizdə bərpa edə bilərik.

Qeyd etdiyimiz kimi, düzgün qidalanma bu problemi aradan qaldıran ən birinci vasitədir. Bəs B12 ən çox hansı məhsulların tərkibində özünü göstərir? Siyahıya birinciliyi balıq məhsulları edir. Balıq tərkibindəki yüksək B12 ilə orqaznizmin vitaminə olan ehtiyacını kifayət qədər təmin edə bilir. Daha sonra yumurta, göbələk, yulaf, qırmızı ət, pendir, süd məhsulları da eyni qəbildən olan qidalar sırasına daxil edilir.

Nilufər Mustafaqızı, “İki sahil”