02 may 2019 10:57
4605

Bakı buxtasının sirri: Səbail qalası

Əsrlərlə su altında qalan və Xəzərin Atlantidası adlandırılan bu abidə Azərbaycanın qədim mədəniyyətə malik ölkə olduğunu bir daha sübut edir

Bakı qədim şəhər olmaqla yanaşı həm də sirlərlə doludur. Uşaqlığımızdan bizə tanış olan Qız Qalasının, Şirvanşahlar sarayının tarixinə diqqət yetirdikcə bu tikililənin nə qədər sirr saxladığını aydın görmək olur. Bizə elə gəlir ki qala divarlarının hər bir daşı bizə tanışdır, lakin müasir tədqiqatlara əsaslansaq aydın olur ki, əslində biz bu tikililər haqqında hec nə bilmirik. Eyni sözləri sirli Səbail qalası haqqında da demək mümkündür. Bu tikili əvvəllər yalnız arxeoloqlara yaxşı tanış idi. Lakin Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində paytaxt sakinləri və qonaqlar da uzun illərdən bəri sulara qərq olmuş bu əsrarəngiz tikilini, daha doğrusu onun qalıqlarını görə bildilər. Vaxtilə Bakının Bayıl burnu yaxınlığındakı kiçik adada yerləşən qəsr dağılsa da, onun qalıqları çox mətləblərdən xəbər verir.

Səbail qalası - Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsidir. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2-2 m) əhatələnmişdir. Arxeoloji tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04-1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s. tapılmışdır. Kitabələrdə Quran ayələri, 1234/35-ci il tarixi, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adları yazılmışdır. Xalq arasında “Sualtı şəhər”, “Bayıl daşları”, “Şəhri-i Yunan”, “Karvansara”, “Bayıl qəsri” və s. adlanan Səbail qalası 1230-cu ildə Şirvanşah III Fəribürzün dövründə tikilmişdir. 1306-cı ildə baş vermiş güclü zəlzələ nəticəsində tikili dağılmış, onun xarabalıqlarını isə bir neçə əsr sonra (XVIII əsrin əvvəllərində) ilk dəfə görmək mümkün olmuşdur.

QEYD: Elm adamları Xəzər dənizinin səviyyəsinin hər 200-250 ildən bir yüksəldiyini, daha sonra isə elə həmin müddətə də yenidən endiyini (müasir səviyyədən 5-6 m aşağı) sübuta yetirən nümunələr tapmışlar. Son iki min il ərzində Xəzər dənizinin ən aşağı səviyyəsi I-II, VI-VII, XI və XVI əsrlərdə müşahidə edilmişdir. Növbəti minimum səviyyə bu əsrdə gözlənilir. Dəniz sularının yüksəldiyi dövrlərdə isə şəhərin aşağı hissəsini su basırdı. (XIV əsrin əvvəllərində dəniz suyunun səviyyəsi Cümə məscidinə qədər qalxmışdı).

Bayıl qəsrinin sirri əsrlər boyu Bakıya gələn alim və səyyahların, tədqiqatçı və arxeoloqların diqqətini özünə cəlb etmişdir. Tədqiqatçıların təsvirlərinə əsasən, Səbail qalası Bakı buxtasının girişində mühafizə məqsədi ilə tikilmişdi. Lakin qalanın uzun müddətli mühasirə və ya hücumlara qarşı kifayət qədər istehkamı yox idi. Bundan başqa qalanın içərisində içməli su mənbəyi mövcud olmadığından bura su kənardan gətirilirdi. Bəs bu qala əslində hansı məqsədlərə xidmət edirdi? Ehtimal olunur ki, Səbail müdafiə qalası və gömrükxana (bəzi alimlərin fikrincə ibadətxana) olmuşdur. Qaladan tapılan yazılı daşlar içərisində gürcülərə aid kitabələrə və gürcü qadın başı təsvirinə də rast gəlinir. Bu da təsadüfi deyildir. O vaxt gürcülərlə azərbaycanlılar arasında nəinki dostluq, hətta qohumluq əlaqəsi olmuşdur.

Kitabələrdə “sultan” və “şah” kimi titullar, Şirvanşahlar dövlətinin ayrı-ayrı şəhərlərinin adları oxunmuş və məlum olmuşdu ki, qəsrin memarının adı Əbdülməciddir. Əbdülməcid, eyni zamanda, dairəvi Mərdəkan qalasının da müəllifidir. Kitabələrdəki bir, iki və hətta üçpilləli yazılardan əlavə, zəncirvari nəbati ornamentlər, 12 insan portreti, qaçan, oturan vəziyyətdə olan heyvan: öküz, şir, it, dəvə, at, quş təsvirəri də maraq doğurur. Buxtadakı tikililərin tədqiqatı göstərir ki, bu dəniz müdafiə qalası olub.

Ən maraqlısı isə odur ki, Səbail qalası Bakı buxtasının dibində yerləşən yeganə sirli abidə deyil. Hələ II əsrdə K.Ptolamey Bakı buxtasının yerində yaşayış məskəninin olduğunu və bu yerin Qaytara adlandığını bildirirdi. “Şəhərin” qalıqları kosmosdan çəkilən şəkillərin sayəsində təsadüfən aşkarlanmışdı. Düzdür, tikilini tədqiq etmək mümkün olmamışdır. Çünki Xəzərin bu hissəsində sular olduqca bulanıqdır, qədim qalıqlar isə qalın palçıq təbəqəsi ilə örtülmüşdür. Buna baxmayaraq, tədqiqatçılar güman edirlər ki, Qaytara Səbail qalasından ən azı iki dəfə böyük yetərincə əhəmiyyətli bir tikili olub.

Son illər dəniz suları yenidən çəkilməyə başlayıb. Bu da o deməkdir ki, arxeoloqlar üçün geniş tədqiqat sahəsi açıla bilər. Və kim bilir, bəlkə Xəzər nəhayət ki, öz sirlərini bizimlə bölüşəcək... Sevimli şəhərimiz və onun tarixi haqqında daha çox şeylər öyrənməyimizə yardımçı olacaq...

Sevinc Azadi, “İki sahil”